"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kənd turizminin inkişafı ilə əlaqədar olaraq kənd sakinləri ilə maarifləndirici görüş keçirilmişdir

8 iyun 2022-ci il tarixdə Ordubad rayonunun Anaqut kəndində kənd turizminin inkişafı məqsədilə Ordubad rayon Dırnıs və Anaqut kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Heydərov bildirmişdir ki, çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kəndlərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanların qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd yaşıl turizminin geniş inkişaf imkanlarından xəbər verir. Mövcud sosial infrastruktur əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində komfortlu həyat tərzinə keçid də surətlənir ki, bu da xüsusən isti yay günlərində öz tətilini səfalı dağ kəndlərində keçirmək istəyənlərin sayını artırır.

Daha sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev çıxış edərək bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra­struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir. Qeyd etmişdir ki, muxtar respublikada bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəşin mövcudluğu burada ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Anaqut, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələri kənd yaşıl turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdirlər. Məruzəçi bildirmişdir ki, şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər.

Məruzəçi kənd sakinlərinin diqqətinə çatdırmışdır ki, kəndlərdə kirayə verilən evlərin siyahısı və fotoları Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnternet saytında “Hostelər və kirayə verilən evlər” bölməsində yerləşdirilir. Həmçinin bu bölmədə kirayə verilən obyektin tipi, yerləşdiyi rayon və kənd, sahibkarın əlaqə nömrələri, obyekt haqqında ətraflı məlumat və digər qeydlər yer alır. Bütün bu məlumatların yerləşdirilməsi nəticəsində, internet üzərində  axtarış edən qonaqlar tərəfindən, kənd evlərinin sahibləri ilə birbaşa əlaqə yaratması imkanı yaranır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnternet saytı kəndə gələn qonaqlarla, kənd evlərinin sahibləri arasında bir növ vasitəçi rolunu oynayır.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli çıxış edərək bildirmişdir ki, son illər bütün dünyada olduğu kimi muxtar respublikda da kənd turizmi geniş vüsət alıb. Getdikcə daha çox insan öz istirahətini fərqli formada keçirməyə üstünlük verir, kurortlar, böyük şəhərlər,  mehmanxanalar əvəzinə kənd  və  kənd evlərində dincəlməyi üstün tutur. Bununla yanaşı şəhərlərin ekoloji problemləri, hava çirkliliyi, sənaye üsulu ilə hazırlanan ərzaqlarla qidalanma insanlarda öz təbiiliyini, təmizliyini qoruyan kənd yerlərinə ehtiyacı artırır.

Məruzəçi qeyd etmişdir ki, dövlət tərəfindən kənd turizminin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, son dövrlər muxtar respublikada müxtəlif istirahət mərkəzləri istifadəyə verilir. Bu ilin may ayında açılış mərasimi keçirilən Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar” istirahət mərkəzi və Culfa rayonunun Ləkətağ kənd sakininin kənddə Əlincə çayının keçdiyi ərazidə – çay sahilində yaratdığı kiçik bir istirahət kompleksində yerli və əcnəbi turistlərə müxtəlif xidmətlər göstərilir.

Bütün dünyada olduğu kimi, muxtar respublikada də kənd evlərində qonaqlama xidmətinə böyük maraq və tələbat müşahidə olunur. Bunu nəzərə alaraq evini turistlərə kirayəyə vermək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə və ya aidiyyəti kənd icra nümayəndəliyinə müraciət edə bilərlər.

Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmış və  tədbir iştirakçılarına muxtar respublikanın turizm potensialını özündə əks etdirən bukletlər təqdim olunmuşdur.

 

01081192
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
247
225
1207
8114
1081192

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: