"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Nuh diyarı - Naxçıvan" infoturuna start verilib

21-24 iyun tarixlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Turizm Assosiasiyaları, Azərbaycan-Türkiyə-İran media nümayəndələrinin iştirakı ilə “Nuh diyarı – Naxçıvan”infoturuna start verilib.
İnfotur iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara muzey haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 10 may 1999-cu ildən fəaliyyət göstərən muzeyin fondunda bu gün ulu öndərin həyat və fəaliyyətini əks etdirən beş mindən çox eksponat toplanıb. Muzeydə ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, xatirə əşyaları və digər dəyərli eksponatlar qonaqlarda böyük maraq doğurub. 
Sonra Naxçıvan Biznes Mərkəzi “Nuh diyarı – Naxçıvan” infoturunun rəsmi açılış mərasimi keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki,  infoturun məqsədi Naxçıvanın  zəngin turizm potensialını təqdim etməklə yanaşı, Azərbaycan, Türkiyə və İran arasında turizm və media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına köməklik göstərməkdir. Tur iştirakçıları üç gün ərzində muxtar respublikanın tarixi, mədəniyyəti, təbiəti və müasir turizm infrastrukturu ilə yaxından tanış olacaq, sözügedən sahələrdə yeni əlaqələr yaradacaqlar. 


Bildirilib ki, ölkəmizin hər bir guşəsi kimi, “Şərqin qapısı” adlandırılan Naxçıvanın əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər burada turizmin bir çox növünün inkişafına şərait yaradıb. 
Çıxışda son illərdə qədim diyarıın turizm potensialından səmərəli istifadə olunması, mövcud tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində görülən işlərdən danışılıb. 
Diqqətə çatdırılıb ki, Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olub. Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd olunub. Bütün bunlar muxtar respublikamızda qısa müddətdə turizm sahəsində qazanılmış böyük uğurların göstəricisidir. Əkbər Novruzov çıxışının sonunda bütün tədbir iştirakçılarına uğurlar arzulayıb.
Sonra mətbuat konfransı və üç ölkəni təmsil edən turizm sektoru nümayəndələri arasında mövcud biznes əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıqların yaranması məqsədilə biznesdən-biznesə formatında qarşılıqlı işgüzar görüşlərə başlanılıb. Mətbuat konfransında yerli və xarici media nümayəndələrini maraqlandıran Azərbaycan-Türkiyə-İran arasında turizm əlaqələrini daha da inkişaf etdirməyin yolları və burada Naxçıvanın rolu, infoturdan sonra Naxçıvan Muxtar Respublikasına turist axını ilə bağlı gözləntilər, açılacaq Zəngəzur dəhlizinin ölkələrarası turizmə təsiri, turizm sahəsində müştərək layihələrin hazırlanması ilə bağlı və digər bu kimi suallar Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, “Emperor Travel Clup” TÜRSAB idarə heyətinin üzvü Tolga Gəncər, Şərqi Azərbaycan Vilayəti Səyahət Agentlikləri Assosiasiyasının sədri Rashid Rajab Pour tərəfindən cavablandırılıb. 
Muxtar respublikamızın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri ilə zəngin olan Ordubad rayonu özünün qədimliyi, dillərə dastan olan bağları, tarixi abidələri ilə Naxçıvana gələn qonaqların daim diqqətini çəkib. “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları da Ordubad rayonunda gəzintidə olublar. Ordubad şəhər gəzintisi və “Xan Çinar” İstirahət Mərkəzi ilə tanış olan qonaqların təəssüratları ilə oxucularımızı tanış edirik.
Kənan Quluzadə – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədr müşaviri: – Dövlət Turizm Agentliyinin Naxçıvan Turizm Departamenti ilə hər il qəbul olunan fəaliyyət planı var. Naxçıvanın xarici turistlərə tanıdılması da bu planda əsas yer alır. Naxçıvan Azərbaycanın xüsusi turistik bölgəsidir. Biz də, öz növbəmizdə, keçirilən tədbirlərimizdə Naxçıvanın tanıdılmasına xüsusi yer ayırırıq. Ötən il mediatur təşkil etdik və o turdan sonra artan marağın effektini görməkdəyik. Bu infoturda isə Naxçıvana daha yaxın olan ölkələrin turizm şirkətlərinin nümayəndələrini cəlb etmişik ki, özləri görüb turistlərə təbliğ edə bilsin. Bu qədim diyarın istər mətbəxi, istər turistik imkanları, istərsə də qonaqpərvərliyi buraya ilk dəfə gələn turistin növbəti dəfə gəlməsi üçün kifayət edir. Onu da deməliyəm ki, muxtar respublika rəhbərinin turizm sahəsinə göstərdiyi diqqət və qayğı bu sahənin inkişafına böyük təkan verir. Yaradılan “Xan Çinar” İstirahət Mərkəzi də bu qayğının bariz nümunəsidir.
Tolqa Gəncər – “Emperor Travel Club” TÜRSAB idarə heyətinin üzvü: – Biz TÜRSAB olaraq fərqli-fərqli ölkələrə turlar təşkil edirik. Bu turların məqsədi iki ölkə arasında turizm potensialını artırmaqdır. Türkiyədəki turistlərə Naxçıvanı daha yaxından tanıda bilmək üçün  əvvəlcə mütləq özümüz tanımalı idik. Burada ilk dəfədir, oluram. Çox dəyişik havası, insanları, mətbəxi var və bütün bunlar turistləri cəlb etmək üçün əhəmiyyətlidir. Naxçıvanın tarixi abidələri, qədimliyi imkan verir ki, gələcəkdə daha fərqli turistik məkanlar açaraq ideal bir turist bölgəsinə çevrilsin.
Rashid Rajab Pour – Şərqi Azərbaycan Vilayəti Səyahət Agentlikləri Assosiasiyasının sədr: – Uzun illər əvvəl olduğum Naxçıvanı bu gün tanıya bilmədim. Çox böyük inkişaf prosesi gedib. İnanıram ki, təşkil olunan turla ölkəmin turistlərində Naxçıvana böyük maraq oyanacaq. Belə bir maraqlı, fərqli və rəngarəng bir proqram hazırladıqları üçün təşkilatçıları alqışlayıram. Naxçıvan məhsullarına da maraq çox böyükdür. Burada Ordubad məhsullarından daddıq. Tək sözlə deyə bilərəm ki, hər şey möhtəşəmdir.
Fatemeh Sheykh Pour – Qərbi Azərbaycan Vilayəti Səyahət Agentlikləri Assosiasiyasının katibi: – Öncə bizi bura dəvət edənlərə, turun təşkilatçılarına minnətdarlığımı bildirirəm. İlk dəfədir, buradayam. İstər hava, istər təbiət, istərsə də mətbəx baxımından İranla çox oxşarlıq görürəm. Bu tur fürsət yaradır ki, biz sizinlə birgə buraya qarşılıqlı turistik səfərlər təşkil edək. Burada gördüklərimdən belə qənaətə gəlmişəm ki, yaxın gələcəkdə Naxçıvan tanınmış turist zonalarından birinə çevriləcək. Çox sevinirəm, xoşbəxtəm ki, buradayam. Arzu edirəm ki, belə səfərlər tez-tez olsun.
Esmaeil Akbari Milani – Şərqi Azərbaycan Vilayəti Səyahət Agentlikləri Assosiasiyasının sədr müavini: – Naxçıvanda özümüzü doğma evimizdəki kimi hiss etdik. Çünki buranın insanları istiqanlı, qonaqpərvər və mehribandırlar. Hər yerdə qonağa hörmətin nümunəsini gördük. Bu gün Ordubadda olduq. Şəhər, onun quruluşu, məscidləri, digər tarixi abidələri, Ordubad çinarları məndə dərin təəssürat yaradıb. Milli yeməklərinizi çox bəyənirəm. Mənə görə, Naxçıvan mətbəxinin əvəzi yoxdur. Ordubadda nələr görmədik? Bu şəhər başdan-başa muzeydir. Burada yeni yaradılmış “Xan Çinar” İstirahət Mərkəzi deyə bilərəm ki, kənd turizminin inkişafında xüsusi dəyərə malikdir. Sakinlərə, eləcə də buraya gələn qonaqlara milli mətbəx nümunələrinizin tanıdılması, təbliğ olunması və yüksək xidmətin göstərilməsində bu istirahət mərkəzi böyük əhəmiyyətə malikdir. Ordubadda aldığım təəssüratlar, bir sözlə, mükəmməl və heyranedici oldu.
Sevinc Zeynallı – Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarlarının İdarəedilməsi Departamentinin direktoru: – Bu gün təşkil olunan infotur tamamilə fərqli və geniş çərçivədədir.  Fikrimcə, Yaxın Şərqdən olan turistləri bura cəlb etməklə Naxçıvan turizmini daha da inkişaf etdirmək olar. Biz artıq infoturda iştirak edən turizm şirkətləri ilə danışıqlara başlamışıq. Əvvəllər Naxçıvanda olsam da, Ordubad rayonuna ilk dəfədir, gəlirəm. Bu rayonda qədimlik  möhtəşəm bir şəkildə qorunub. Ümummilli liderimizin də dediyi kimi Ordubad Azərbaycanın incisi adına, həqiqətən, layiqdir.
Florian Zenqstşmid – Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru: – Bu mənim qədim diyara olan ikinci səfərimdir. Naxçıvana Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun əsas komanda heyətini, eyni zamanda yerli, Türkiyə və İranın nümayəndə heyətini gətirmişik ki, onların hər biri turizm ekspertləri və media nümayəndəsi kimi Naxçıvanı görsünlər və buradakı turizm xidmətləri ilə daha yaxından tanış olsunlar. Bununla yanaşı, Naxçıvanda olan həmkarlarımızla birlikdə müzakirə edək ki, Naxçıvanın turizm potensialının daha yüksək formada təbliğinə necə nail ola bilərik. Həqiqətən də, Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Burada olarkən hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Naxçıvanın yaşıllığı, ətrafının təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın qeyri-adi landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyac duyduğumuz təmiz havası oldu. 
Hasan Hazirlar – “Kanula Tourism” şirkətinin rəhbəri: – Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində də oldum. Mərkəzlə tanışlıq çox maraqlı idi. Burada muxtar respublikada istehsal edilən məhsulların çeşidləri ilə tanış oldum, Naxçıvanın ixrac potensialı barədə ətraflı məlumat aldım. Öyrəndim ki, bu gün muxtar respublika özünü ərzaq məhsulları ilə yanaşı, digər məhsullarla da təmin edir. Burada mənim üçün maraqlı bir məqamla da rastlaşdım. Öyrəndim ki, keyfiyyəti, faydalılığı və dadı ilə seçilən “Sirab” mineral suyu Naxçıvanda istehsal olunur. Daha sonra tur çərçivəsində Ordubadda olduq. Ordubadla tanışlıq turizmin əsas mərkəzlərindən biri kimi həm gəzib-görmək və dincəlmək, həm də ağız dadını dəyişmək üçün ən gözəl seçimdir. Muxtar respublikanı fərqləndirən əsas cəhətlərdən biri də burada insanın özünü çox rahat və təhlükəsiz şəraitdə hiss etməsidir. Naxçıvanda cəmiyyət, insanların davranışı və qayda-qanun bu inamı aşılayır. Bunun özü çox böyük uğurdur və əminəm ki, Naxçıvanın misilsiz gözəlliyi ilə yanaşı, həm də sakit və cinayətsiz region olması turistlərin daha çox diqqətini cəlb edəcək. Mən də bir turizm şirkətinin rəhbəri olaraq gələcəkdə Türkiyəyə gələn xarici qonaqlara Naxçıvanı tanıdaraq bu mədəniyyəti mənimsəməyə imkan verəcək onlarla tur proqramı təşkil edəcəyəm.
Qeyd edək ki, infotur  24 iyun tarixinədək davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ 
Telli MƏMMƏDOVA
Aytac CƏFƏRLİ

01081193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
248
225
1208
8115
1081193

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: