"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm sektoru nümayəndələri üçün maarifləndirici seminar keçirilmişdir

13 iyun 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin iştirakı ilə “Turizm haqqında yeni qanunun tələbləri, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər və cərimələr” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki,    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni hotel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, infrastrukturun yenilənməsi turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayını ilbəil artırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il      31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsinə, turizm potensialından tam istifadə olunmasına yeni imkanlar yaratmaqla muxtar respublikada turizmin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Sonra məruzəçi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, müasir infrastruktura malik olan yaşayış  məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.

Qeyd olunmuşdur ki, bütün sahələrdə olduğu kimi turizm sahəsində də geniş potensialdan səmərəli və məqsədəuyğun şəkildə istifadə etmək üçün müasir tələblərə cavab verən qanunvericilik sistemi olmalıdır. Bu məqsədlə 27 dekabr 2021-ci il tarixdə Turizm haqqında Azərbaycan Respublikasının yeni Qanunu qəbul olunmuşdur. Turizm haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. 

Vurğulanmışdır ki, “Turizm haqqında” yeni qanun müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycanın turizm əlaqələrinin genişləndirilməsi, qeyri-neft sektorunun 4 əsas istiqamətindən biri olaraq turizm sənayesinin inkişafının təmin edilməsi, bu sahədə yaranan yeni münasibətlərin daha təkmil hüquqi bazada tənzimlənməsi məqsədilə qəbul olunub. Yeni “Turizm haqqında” qanunun məqsəd və vəzifələri bütövlükdə, turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm bazarının tənzimlənməsinə, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə istiqamətlənib.  Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 5 fəsil, 22 maddədən ibarət olan qanunda əsas anlayışların mənaları, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapmışdır. Məruzəçi bildirmişdir ki, Yeni “Turizm haqqında” qanunun qəbulu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə olunmuşdur. Bu maddəyə əsasən sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə, mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Çıxışının sonunda direktor hər bir turizm sektoru nümayəndəsini turizm qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edib.

Sonra Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək yeni Turizm haqqında qanuna edilən dəyişikliklər və əlavələr barəsində tədbir iştirakçılarına məlumat vermişdir. Məruzəçi ilk öncə qanunda adı çəkilən əsas anlayışlar turizm, turizm məhsulu, turistlərin təhlükəsizliyi, dövlət turizm orqanı, Turizm Reyestri, turizm xidmətləri, turizm sənayesi, turizm marşrutu, turizm vauçeri, turizm bələdçisi, yerləşmə vasitələri haqqında tədbir iştirakçılarını məlumatlandırmış və qeyd etmişdir ki, turizm – fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahətidir. Bundan başqa məruzəçi qanunun tətbiq dairəsi, turizm sənayesində xidmət keyfiyyətinin yüksəldilməsi, turoperator və turagentlər, yerləşmə vasitələri, turizm bələdçiləri, etik davranış kodeksləri, Turizm Reyestri, turistlərin hüquq və vəzifələri, turistlərin sığortalanması, qanunun pozulmasına görə məsuliyyət maddələrinin bəndlərindəki dəyişikliklər və əlavələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli çıxış edərək “Turizm haqqında” qanunun qəbulu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı əlavə olunmuş yeni maddə haqqında iştirakçıları məlumatlandırmışdır. Həmçinin, məruzəçi “Turizm haqqında” qanunun tələblərinin pozulmasına görə müəyyən edilən cərimələrin məbləğləri ilə  iştirakçıları tanış etmişdir.

Tədbirdə mövzu ilə bağlı olan çıxışlar slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılmışdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.

01081192
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
247
225
1207
8114
1081192

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: