"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

BƏƏ-nin “TTN” jurnalında Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği məqsədilə məqalə dərc olunmuşdur

Naxçıvan Muxtar Respublikasının turizm potensialı, ilk növbədə, buranın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti, özünəməxsus mətbəxi ilə şərtlənir. Eyni zamanda, son illərdə muxtar respublikada müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin muxtar respublikaya marağını artırır.

Muxtar respublikanın turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur. Bu gün dünyanın müxtəlif ölkələrində yayımlanan televiziya kanallarında, beynəlxalq sərgilərdə, tədbirlərdə Naxçıvan Muxtar Respublikasının turizm potensialı geniş təbliğ edilir. Muxtar respublikada turizm xidmətlərinin səviyyəsi, müxtəlif turizm növləri iqtisadiyyatımızın prioritet istiqaməti kimi inkişaf edir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə  ərəb turizm bazarında  muxtar respublikanın turizm potensialının daha geniş auditoriyaya çatdırılması məqsədilə “TTN” jurnalında məqalə dərc olunmuşdur. Məqsəd muxtar respublikada turizmin inkişafını sürətləndirmək, ölkənin turizm potensialını ərəb bazarına çıxarmaq,  ərəb turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək və bölgəni cəlbedici turizm destinasiyası kimi tanıtmaqdır. BƏƏ Azərbaycanda turizm sahəsində marketinq strategiyasının əsas hədəf bazarlarındandır. “TTN” jurnalında Naxçıvan haqqında məqalənin dərc edilməsi Azərbaycan Respublikasına səfər edən BƏƏ-li turistlərin muxtar respublikaya cəlb olunmasına istiqamətlənmiş addımlardan biridir.

BƏƏ-li turistlərin əsas tətil maraqları əsasən şəhər tətilləri, ailəvi istirahət yerləri,   alış-veriş, təbiət və eko-turizm, SPA və tibbi müalicə, idman tədbirləridir. Bildiyimiz kimi BƏƏ-li turistlər dünyada ən çox pul xərcləyən səyahətçilər sırasındadırlar. 

 “Azərbaycana, Naxçıvana səfər” adlı məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən mədəni tarixi abidələrimiz əyilməzlik simvolu olan Əlincəqala, bölgənin zəngin tarixi və mədəniyyətini özündə əks etdirən nadir memarlıq abidəsi Möminə Xatın, Naxçıvan xanlığının iqamətgahı olan Xan Sarayı, müqəddəs Qurani-Kərimin surələrindən birində adı keçən Əshabi-Kəhf mağaraları, Nuh türbəsinin yerləşdiyi güman edilən Haçadağ, möhtəşəm təbiət mənzərəsi ilə qonaqları valeh edən Batabat gölü, həmçinin, muxtar respublikaya xas mətbəxi və təbii müalicəvi Duzdağ mağaraları haqqında məlumatlar öz əksini tapmışdır.

 

         “TTN” jurnalında dərc olunmuş məqalənin mətni.

“Azərbaycana, Naxçıvana səfər”

İstər gözəl təbiət mənzərələri, istər tarixi abidələr, istərsə də qastronomik səyahət axtarışınızdan asılı olmayaraq, Naxçıvan hər növ turistin istədiyini tapa biləcəyi bir məkandır. Qədim tarix və heyranedici təbiətin belə birləşməsi sizə unudulmaz tətil təcrübəsi təklif edir.

Naxçıvan sizi şərqin Maçu Piççusu kimi tanınan Əlincə qalası kimi yerləri ziyarət edərək tarixə səyahət etməyə səsləyir. Bu orta əsr qalası sıldırımlı bir dağın başında yerləşir. Naxçıvanın bu tarixi incisini görmək üçün 1500 pillə qalxmaq heyranedici mənzərə ilə mükafatlandırılacaq.

Bölgənin zəngin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün başqa bir nadir memarlıq abidəsini - 12-ci əsrə aid Möminə Xatın məqbərəsini ziyarət etmək lazımdır. Bu abidə nəinki sizə estetik zövq verəcək, həm də türbə üzərində yazılmış dərin fəlsəfi mesajlarla ruhunuza toxunacaq. Tarixi səyahət burada bitmir və sizi möhtəşəm şərq üslubunda tikilmiş Naxçıvanın Xan Sarayına aparır. Zəngin ornamentli döşəmələri şəbəkə - vitrajlı saray 18-ci əsrin ortaları - XX əsrin əvvəllərində Naxçıvan xanlığının iqamətgahı olub. Naxçıvanın bu memarlıq inciləri bəşəriyyət tarixini kəşf etmək səyahətində eksklüziv görməli yerlər axtaran bütün mədəniyyət sevərlərin ziyarət etməli olduğu yerdir.

Naxçıvan büründüyü əfsanə və sirrləri ilə tanınır. Əshabi-Kəhf mağaraları Quranın surələrindən birində adı keçən unikal məkandır. Kompleks Naxçıvandan təqribən 12 km şərqdə yerləşir və yerli əhali tərəfindən ən çox gedilən ziyarətgahlardandır. Növbəti sirli və maraqlı yer bizi eramızdan əvvəl 4-cü minilliyə aparır. Nuh türbəsinin yerləşdiyi güman edilən Naxçıvandan Ordubada gedərkən Haçadağın ecazkar mənzərəsi diqqətinizi çəkəcək. Əfsanələrdə deyilir ki, dünya tufanı zamanı Nuhun gəmisi bu dağa toxunmuş, zərbə nəticəsində zirvəsi haçalanmışdır. Bu tarixi möcüzə keçmişin sirlərinə pərdələr açır və onları hər bir ziyarətçi ilə bölüşür.

Naxçıvanın şəhərkənarı ərazilərinin sakitliyi və ecazkar mənzərələri Batabat gölündə cəm olmuşdur. Bu möhtəşəm təbiət mənzərəsi Şahbuz rayonunda dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Ərazi xüsusən çöl çiçəklərinin açdığı mövsümdə və gölün ortasında üzən adası ilə görənləri özünə heyran edir. Göl insana rahatlıq verən atmosferə malikdir və Naxçıvan şəhərindən kifayət qədər qısa məsafədə (65 km) əlçatanlığı ilə diqqəti cəlb edir. Şəhərdən gölə gedən yolda dramatik şəkildə dəyişən mənzərələrin şahidi olacaqsınız. Təəccüblü deyil ki, göl həm yerli sakinlər, həm də turistlərin mükəmməl bir ailəvi həftəsonu keçirməsi üçün məşhur gəzinti yeridir. Şahbuz ərazisi həm də çiçək ətri və qızılgül dadı olan bal istehsalı ilə tanınır.

Ümumiyyətlə, Naxçıvan qastronomik səyahətə dalmaq üçün əla yerdir. Yerli quzu pörtləməsi, qovurma şorbası kimi yerli yeməklərin bir çoxu hələ də qədim ənənəyə uyğun olaraq bişirilir və saxlanılır: yeraltında, saxsı qablarda. Naxçıvanda quzu ətindən hazırlanan yeməklər çox məşhurdur və buna görə də mütləq “dadlı qala” adlı təamı dadmalısınız: təndirdə bişmiş qabırğa, qarabaşaq yarması, kartof və pomidorla süfrəyə verilir. Ərazinin şərqində yerləşən Ordubada səfər edəndə məşhur qayğanağın və müxtəlif təzə meyvələrin dadına baxmalısınız.

Naxçıvan buraya səyahət edənlərə müxtəlif təcrübələr təqdim etməyə qadir bir diyardır. Ən orjinal duz terapiyası təcrübəsi üçün Naxçıvan şəhərindən 12 km məsafədə yerləşən Duzdağa üz tutmalısınız. Bu keçmiş duz mədəni tənəffüs yolları xəstəliklərinin müalicəsi məqsədilə fizioterapiya mərkəzinə çevrilib. İstər keçmiş mədən tunelləri boyunca yerləşən rahat otaqlarda gecələyən bir xəstə, istərsə də sadəcə tunelləri ziyarət edən turist olmağınızdan asılı olmayaraq, hər iki təcrübədə müalicəvi duzdan nəfəs aldığınız zaman ağciyərinizin funksiyası yaxşılaşacaq.

Möhtəşəm Naxçıvan diyarı sizi müstəsna təcrübələrlə dolu səyahətə dəvət edir.”

 

Naxçıvan Muxtar Respublikasının

Turizm Departamenti

01055965
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
102
110
1887
4017
1055965

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: