Azərbaycanın əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.
“Turizm sektorunun inkişafı prioritetlər sırasındadır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi xətti uğurla davam etdirilir, turizmin inkişafı vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur.
Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə Prezidenti tərəfindən 2022-ci il 18 fevral tarixdə təsdiq edilmişdir. Turizm sahəsində normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması və bu kimi yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi bu sahənin inkişafı istiqamətində atılmış uğurlu addımlardır. Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi, Azərbaycanın milli tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi turizmi inkişaf edən bir sahəyə çevirmişdir.
Ölkəmizin hər bir guşəsi kimi, onun qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikası bu gün turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Bu baxımdan muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması və ötən ilin fevral ayında Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi muxtar respublikada ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaratmışdır. 2020-ci ildə Naxçıvan şəhərində yaradılmış Sahil Parkı, cari ildə Ordubad rayonunun Anaqut kəndində istifadəyə verilmiş “Xan Çinar” İstirahət Mərkəzi və Culfa rayonunun Ləkətağ kəndində Əlincə çayının keçdiyi ərazidə inşa edilmiş istirahət kompleksi qısa müddətdə muxtar respublika sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur”. Tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu qədim diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınmış, 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Son illər ərzində Möminə xatın türbəsi bərpa edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə kompleksi, Came məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Yusif Küseyir oğlu türbəsi, Naxçıvan şəhər buzxanası, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Şahtaxtı kəndindəki Şərq hamamı, Babək rayonundakı Nehrəm imamzadəsi və digər tarixi abidələr bərpa olunmuşdur. Həmçinin ötən ilin dekabr ayında Babək rayonunun Cəhri qəsəbəsindəki XV əsrə aid məscidin müasir layihə əsasında yenidən tikilərək istifadəyə verilməsi muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirlərinin məntiqi davamıdır. Hazırda Ordubad şəhərində yerləşən Cümə məscidinin bərpası davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında idman turizminin inkişafı da diqqətdə saxlanılır. Belə ki, cari ilin yanvar ayında “AirGame Paragliding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli paraşütçülərinin muxtar respublikaya səfərləri təşkil olunmuşdur. Muxtar respublikada ilk dəfə olmaqla Ağbulaq İstirahət Mərkəzində və Əlincəqalanın zirvəsindən yamac paraşütünün test uçuşları uğurla həyata keçirilmişdir. Təcrübəli paraşütçülər tərəfindən ərazinin uçuşa uyğunluğu yoxlanılmış, yamac paraşütü uçuşları üçün əlverişli olduğu müəyyən edilmişdir. Qədim diyarda müalicə turizminin inkişafına da xüsusi diqqət yetirilir. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. “Darıdağ” Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən “Darıdağ” Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. Naxçıvan Muxtar Respublikasında dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, qədim məscidlər dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin 23 sentyabrından etibarən Turizm Departamenti tarixi binada – Naxçıvanskilərə məxsus malikanədə fəaliyyətini davam etdirir. Departamentin fəaliyyəti üçün müasir standartlara cavab verən maddi-texniki baza yaradılmış, departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin ekspozisiyası yeni maddi mədəniyyət nümunələri ilə zənginləşdirilmişdir.
Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Görülən işlərin nəticəsidir ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd olunmuşdur. Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızda qısa müddətdə turizm sahəsində qazanılmış böyük uğurların göstəricisidir.
Zəngin və özünəməxsus mətbəx turistləri cəlb edən əsas amillərdəndir. Bu baxımdan “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi qədim mətbəx nümunələrimizin, eləcə də milli mətbəximizə aid adət-ənənə və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Bu gün muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksəkkeyfiyyətli xidmətlər təklif olunur. Bu il istifadəyə verilən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti isə muxtar respublikada turizm sektorunun inkişafının dəstəklənməsinə, hotel biznesinin genişləndirilməsinə, turistlərin rahatlığının təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına və ümumi inkişafa verilən töhfədir. Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarın cinayətsiz region kimi tanınması turistlərin respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır.
Turist məmnunluğunu səciyyələndirən xüsusiyyətlərdən biri də nəqliyyat xidmətləridir. Muxtar respublikada müasir standartlara cavab verən nəqliyyat infrastrukturu qurulmuşdur. Taksi fəaliyyəti göstərən sürücülərin məlumatlılığının artırılması məqsədilə qrafik əsasında muzeylərlə tanışlığı və maarifləndirilməsi təmin edilir. Həmçinin daimi fəaliyyət göstərən avtobus marşrutlarına nəzarət edilir, “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinə, Uzunoba gölündəki çimərliyə, Ağbulaq İstirahət Mərkəzinə, Duzdağ Fizioterapiya Mərkəzinə və digər turizm potensiallı obyektlərə mövsümi marşrutların fəaliyyəti təmin edilir.
Turizmin inkişafını stimullaşdıran məsələlərdən biri də təbliğat və təşviqat işləridir. Ötən dövrdə departamentin 27-ci “OTDYKH Leisure Moscow”, “Qatar Travel Mart”, “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022), “KİTF 2022”, “Arabian Travel Market 2022” (ATM), “Qlobal Quş Müşahidəçiliyi” (“Global Bird Fair”) kimi beynəlxalq turizm sərgilərində iştirakı, eyni zamanda Naxçıvanın beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində xüsusi rol oynayır. Bununla yanaşı, ötən ilin oktyabr ayında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına geniş tərkibli media-turun təşkil olunması təbliğat istiqamətində görülən işlərin davamı olmuşdur. Media-turda iştirak edən qonaqların muxtar respublika ərazisində yerləşən muzeylərə, tarixi-mədəni abidələrə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə, Naxçıvan Biznes Mərkəzinə, “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Əshabi-kəhf Ziyarətgahına və Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyalarının təşkili təbliğat işində medianın gücündən səmərəli şəkildə istifadəyə hesablanmışdır. Həmçinin bu ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu əməkdaşlarının, Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətlərinin, media nümayəndələrinin və assosiasiyaların iştirakı ilə Naxçıvan Muxtar Respublikasına “Nuh diyarı-Naxçıvan” adlı infoturun təşkil olunması üç ölkə arasında turizm əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətli olmuşdur.
Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində muxtar respublikaya turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Həmçinin turistlərin məlumatlılığının artırılması məqsədilə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən turizm obyektləri ilə məlumat mübadiləsi aparılır, muxtar respublikanın turizm potensialı haqqında məlumatlar ölkəmizdə və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxanaların və turoperatorların elektron poçt ünvanına göndərilir. Hazırlanmış reklam informasiya materialları ölkə və beynəlxalq miqyaslı turizm sərgilərində sərgilənir və turistlərə təqdim edilir. Hazırda fəaliyyət göstərən virtualnakhchivan.az saytı təbliğat-təşviqat sahəsində atılmış mühüm addımlardan biridir. Sayt vasitəsilə turistlər Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinə, muzeylərə, parklara, hotellərə və bir sıra digər turizm potensiallı obyektlərə virtual səyahət edə bilirlər.
Zəngin təbiət və ekoloji tarazlığın qorunması bu diyarda ekoturizmin bir çox yarımnövünün inkişafına şərait yaradır. Cari ilin avqust ayında dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, turizm gəlirlərindən yerli icmaların birbaşa faydalanması, kənd evlərinin kirayə verilməsi, ailə təssərrüfatı məhsullarının satışının həyata keçirilməsi məqsədilə Şahbuz rayonunun Kükü, Gömür və Keçili kəndlərində, Ağbulaq İstirahət Mərkəzində, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunun İlandağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi, Bist, Nürgüt, Nəsirvaz, Pəzməri, Unus kəndlərində, həmçinin Göygöl, Gəmiqaya ərazilərində, Pəzməri və Çimənək şəlalələrində, Şərur rayonunun Şahbulaq kəndi-Sulu dərə ərazisində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində aparılmış işlər bu turizm növünün muxtar respublikada inkişafının stimullaşdırılması istiqamətində atılmış addımlardandır.
Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm işinin təşkili ixtisası üzrə kadr hazırlığı aparılır, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində, eləcə də Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursları fəaliyyət göstərir. Tədris ilində tələbələrlə görüşlər keçirilir, onların Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyaları təşkil edilir, hotel və turoperatorluqlarda təcrübə keçmələri təmin edilir.
Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaqdır.
Naxçıvan Muxtar Respublikası
Turizm Departamenti