"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Taksi sürücüləri ilə görüş keçirilmişdir

7 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhər Nəqliyyat İdarəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmişdir. Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin  “Nəqliyyatın təşkili və lisenziyalaşdırma sektoru”nun baş məsləhətçisi Natiq Həsənov bildirmişdir ki, 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Turizmin inkişaf etdirilməsi və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilmiş müşavirədə nəqliyyat xidmətinin yüksək səviyyədə təmin edilməsi, nəqliyyat vasitələrinin tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Qeyd olunmuşdur ki, ilin əvvəlində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin muzey günlərinin qrafiki tərtib edilmiş, qrafikə əsasən sürücülərin muzeylərdə seminar məlumatlandırması işi nəzarətdə saxlanılmışdır. Hazırda sürücülərin ay ərzində bir dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilməkdədir.

Vurğulanmışdır ki, muxtar respublikada ümumilikdə 501 ədəd taksi avtomobili sərnişindaşıma xidməti göstərməkdədir. Bununla yanaşı 2020-ci ildən muxtar respublikada taksi ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün mərkəzləşdirilmiş “Elektron taksi xidməti” yaradılmışdır ki, bu da yerli əhalinin və gələn qonaqların rahat, ucuz və təhlükəsiz şəraitdə mənzilbaşına çatmasına zəmin yaratmış, gediş-gəlişi xeyli asanlaşdırmışdır.

Beynəlxalq əməkdaşlıq sahəsində də fəaliyyət artırılmış, sərnişindaşıma sahəsində mühüm işlər görülmüşdür. Belə ki, Türkiyə Respublikasının, İran İslam Respublikasının nəqliyyat şirkətləri ilə Naxçıvan şəhər avtovağzalından Türkiyənin və İran İslam Respublikasının müxtəlif şəhərlərinə sərnişindaşıma fəaliyyəti göstərmək üçün bağlanılan müqavilələrin müddəti uzadılmışdır. Bu isə muxtar respublikamıza turistlərin gediş-gəlişinin asanlaşdırmasına zəmin yaradır.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma sektoru”nun müdiri Süleyman Rüstəmov çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında  qarşıya qoyulmuş vəzifələrdən biri də turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsindən ibarətdir. “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda keçirilən bugünkü görüşün məqsədi bu sahədə görülən işləri nəzərdən keçirmək, mövzu ilə bağlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirməkdən ibarətdir.

Muxtar respublikamızda geniş vüsət almış abadlıq və quruculuq işləri turizm sahəsinin də inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. 5000 illik tarixə malik qədim diyarımızda tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması, müasir mehmanxanaların və istirahət mərkəzlərinin tikilməsi, milli və müasir memarlığın nailiyyətlərini özündə birləşdirən istirahət parklarının istifadəyə verilməsi müasir turizm infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, paytaxt Naxçıvan şəhərində şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, ən ucqar kəndlərə belə asfalt yollar çəkilmişdir. Bütün bunlar isə turizmin inkişafını şərtləndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının əyani ifadəsidir.

Məruzəçi qeyd etmişdir ki, muxtar respublikamız turizmin dini, ekoloji, tarixi-mədəni, müalicə kimi növlərinin inkişaf etdirilməsi baxımından böyük potensiala malikdir. Bu potensialın təbliğində taksi sürücülərinin də üzərinə böyük məsuliyyət düşür. Məlumdur ki, muxtar respublikamıza fərdi qaydada gələn qonaqların bir çoxunun ilk həmsöhbəti taksi sürücüləri olur. Bu baxımdan taksi fəaliyyəti ilə məşğul olan sürücülərin muxtar respublikanın turizm potensialı, eyni zamanda onun tarixi, mədəniyyəti, adət-ənənələri haqqında zəruri biliklərə malik olması çox vacibdir. Taksi sürücülərinin muxtar respublikada fəaliyyət göstərən muzeylərə ekskursiyalarının təşkil olunması onların maarifləndirilməsi işində mühüm əhəmiyyət daşıyır. Taksi sürücüsünün etik davranış qaydalarına ciddi əməl etməsi də bu peşə ilə məşğul olanların diqqət etməli olduğu ən vacib məsələlərdən biridir.

Sonra “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbəsi, turizm könüllüsü Arzu Əsgərov çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, bu gün biz tələbələrin savadlı, peşəkar və daha hazırlıqlı mütəxəssis kimi yetişməsində dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən biz tələbələrlə tez-tez müxtəlif mövzularda seminarlar keçirilir, tarix-mədəniyyət abidələrinə və muzeylərə ekskursiyalar təşkil edilir. Həmçinin Departament bizlərin mehmanxana və mehmanxana tipli obyektlərdə, turizm müəssisələrində istehsalat təcrübəsi keçməyimizi təşkil edir.

 Bu gün Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında biz tələbələrin də üzərinə böyük bir məsuliyyət düşür. Qeyd edim ki, biz tələbələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən yaradılan “Naxçıvanın turizm könüllüləri” layihəsinə daxil edilməsi bizim gələcəkdə peşəkar bir kadr kimi formalaşmağımızda və turizm sektorunda savadlı mütəxəssis kimi çalışmağımızda öz müsbət təsirini göstərəcəkdir.  Biz də bundan sonra bizə verilən bu diqqətə layiq olmağa, muxtar respublikamızın turizm potensialının tanıdılmasında yaxından iştirak etməyə və göstərilən bu ehtimadı doğrultmağa çalışacağıq.

Tədbirin sonunda sürücüləri maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını özündə əks etdirən bukletlər taksi sürücülərinə paylanmışdır.

01055958
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
95
110
1880
4010
1055958

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: