"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin olunmuşdur.

Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 17 fevral 2023-cü il tarixdən başlayan təcrübədə tələbələr ilk öncə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlara “Turizmin inkişafı və təbliği”, “Statistika və sertifikatlaşdırma” və həmçinin “Maliyyə-təsərrüfat və ümumi işlər” sektorlarının iş prinsipləri haqqında məlumatlar verilmişdir. Tərtib olunmuş qrafikə əsasən tələbələrin keçdiyi istehsalat təcrübəsi Departamentin tabeliyində fəaliyyət göstərən təşkilatlarda davam etmişdir. Belə ki, tələbələr 24 fevral 2023-cü il tarixdə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Milli Yeməklər” ictimai iaşə MMC-nin iş prinsipi ilə tanış olmuşlar. Burada tələbələrin Mərkəzin və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təşkil olunmuşdur. Mərkəzdə tələbələrə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur.

Naxçıvan şəhər buzxanasının plan quruluşu düzbucaqlı formadadır. Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Divarlarının qalınlığı 1 metr olan abidə memarlıq quruluşu saxlanılmaqla bərpa olunmuşdur.Qeyd olunmuşdur ki, xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələri toplanılır. Bildirilmişdir ki, qədim yeməklərimizin təbliği məqsədilə televiziya verilişlərində onların hazırlanma qaydaları əyani şəkildə nümayiş etdirilir. Mərkəzin Instagram və Facebook sosial şəbəkələrindəki səhifələrində milli mətbəxlə bağlı yerləşdirilən məlumatlar istifadəçilər tərəfindən böyük maraqla izlənilir. Həmçinin, Mərkəzin “Youtube” kanalında Naxçıvan Televiziyası tərəfindən hazırlanmış, milli mətbəx nümunələrimizin hazırlanması qaydalarını əks etdirən videoçarxlar yerləşdirilmişdir.

Sonra tələbələrə yemək və çay süfrələrinin hazırlanması qaydası haqqında geniş məlumat verilmişdir. Tələbələrə gündəlik hazırlıq, stolun bəzədilməsi, qabların düzülüşü, xidmət ardıcıllığı, kulinar məhsulların masaya verilməsi qaydaları, həmçinin masada istifadə olunan əsas və yardımçı ləvazimatlar haqqında ətraflı məlumat verilmiş, yemək süfrəsinin hazırlanması qaydaları və yemək süfrəsindən çay süfrəsinə keçid əyani şəkildə nümayiş etdirilmişdir.
Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılmış, onların “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin olunmuşdur.

01060329
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
145
128
1267
532
1060329

Tarix: 04-11-2024
Biz, sosial şəbəkələrdə: