Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsi dövründə tərtib olunmuş qrafikə əsasən 27 və 28 fevral 2023-cü il tarixlərdəDepartamentin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində olmuşlar. Tələbələr mərkəzin iş prinsipi ilə yaxından tanış olmuş, onlara binanın tarixi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Zaviyə-Mədrəsə binası Naxçıvan şəhərində, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını bildirən “zaviyə” sufi təriqətinə mənsub məskənlərin adlarından biridir. Naxçıvan memarlıq məktəbinə aid edilən abidənin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Bildirilmişdir ki, Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə-Mədrəsə binasında davam etdirir.
Qeyd edilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır.
Mərkəzə müraciət edənlər hotellər, restoranlar, muzeylər, mağazalar, hostellər və kirayə verilən evlər, tarixi mədəniyyət abidələri, turoperatorlar, bələdçilər haqqında məlumat əldə edə bilərlər. Həmçinin tələbələrə Mərkəz tərəfindən hazırlanmış muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya vasitələri, Mərkəzin sosial şəbəkələrdəki səhifə və qrupları haqqında geniş məlumat verilmiş və əyani şəkildə göstərilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, 31 may 2023-cü il tarixədək davam edəcək təcrübənin qrafikinə əsasən tələbələrin Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalar, muzeylər, tarixi abidələr və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri nəzərdə tutulmuşdur.