Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının "Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşü olub.
Tədbiri "Naxçıvan" Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirib ki, "Naxçıvan" Universiteti tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni tədris korpuslarının tikilib istifadəyə verilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir.
Görüş zamanı nazirliyin turizm şöbəsinin müdiri Əkbər Novruzov "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Şöbə müdiri qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Əkbər Novruzov, həmçinin muxtar respublikanın turizm potensialı haqqında tələbələrə məlumat verərək, çoxsaylı maddi-mədəniyyət nümunələrinin mövcud olduğu qədim Naxçıvanın turizm baxımından cəlbedici regiona çevrildiyini bildirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqedə yerləşməsi, Türkiyə və İranla həmsərhəd olması da burada turizmin inkişafına şərait yaradan amillərdəndir.
Sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova tədbirdə çıxış edərək vurğulayıb ki, muxtar respublikanın turizm potensialının təbliğ olunmasında Turizm İnformasiya Mərkəzinin rolu böyükdür. Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılması üçün mərkəzdə geniş informasiya ehtiyatları vardır. Turizm İnformasiya Mərkəzi internet resurslarından səmərəli şəkildə istifadə edir, mərkəzin və eləcə də muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində apardığı təbliğat işindən danışıb.
Vurğulanıb ki, bu cür görüşlərin davamlı keçirilməsi yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəkdir.
Daha sonra mövzu ətrafında verilən suallar cavablandırılıb.