"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda “Arıçılıq məhsulları - bal festivalı” keçirilib

Oktyabrın 15-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, bu il ərzində qədim tariximizi yaşadan “Naxçıvanqala”da 5 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Arıçılıq insan məşğuliyyətinin ən qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahəyə tarixən göstərilən diqqətin nəticəsidir.

 

Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru-dosent Elsevər Əsədov çıxış edərək deyib ki, Naxçıvanın coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olub. Bu sahələrdən biri də xalqımızın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılıqdır. Tarixi qaynaqlar göstərir ki, Naxçıvanda arıçılıq - vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Ballıqaya, Ordubad rayonundakı Arıtəpə və digər ərazilər bu yerlərin qədim arıçılıq məskənləri kimi məşhurlaşmasının göstəricisidir. Qeyd olunub ki, XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlar vardır. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olurdu. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılırdı. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib. Arıçılığın inkişafı sahəsində görülən işlərdən danışan Elsevər Əsədov bu sahənin inkişafına göstərilən diqqətə görə arıçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunurdu. Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artırılıb. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür.

Tənənəm, Havuş, Tivi, Buzqov, Şurud, Kükü və digər kəndlərin adı ilə tanınan Naxçıvan balı öz dadı, qoxusu, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yüksək qiymətləndirilir. Tərkibi antioksidantlar, mineral maddələrlə zəngin olan Naxçıvan balı güclü mikrob, virus, göbələk və iltihab əleyhinə, yarasağaldıcı, bərpaedici, anesteziyaedici xüsusiyyətləri də özündə cəmləşdirib. Bu xüsusiyyətlərlə muxtar respublikanın florasının özünəməxsusluğu və endemik bitkilərlə zənginliyi bir-birini tamamlayır.

Ali Məclisin Sədri arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.

Şərur rayon Düdəngə kənd sakini, arıçı İbrahim Qasımov minnətdarlıq edərək deyib: Festivalın keçirilməsi Naxçıvan balının tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən dəstək, arı ailələrinin paylanması, baytarlıq xidmətinin təşkili və bazara rahat çıxış imkanının olması arıçılığın inkişafına və bal istehsalının artmasına imkan verir. Təsərrüfatların genişləndirilməsi üçün həm dövlət dəstəyi, həm də mövcud təbii şərait vardır. Gəlirli sahə olan arıçılıqla bundan sonra da məşğul olacaq, məhsul istehsalını artıracağıq.

Ali Məclisin Sədri arıçılara təşəkkür edib, arıçılığın elmi şəkildə öyrənilməsi və çoxaldılması, arıçıların iştirakı ilə konfransların keçirilməsi və onların məlumatlandırılması, muxtar respublikanın rayonlarında arıçılıq ləvazimatlarının və dərmanlarının satış mağazalarının yaradılması, bu sahənin inkişafında yeni texnologiyaların tətbiqi, balın sənaye üsulu ilə qablaşdırılması və ixracı barədə aid təşkilatlara tapşırıqlar verib.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı rəngarəng proqramlarla çıxış edib. İki gün davam edəcək festivalda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları - bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

 

01070363
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
113
4446
10566
1070363

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: