"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclərin Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ali məktəblərində təhsil alan gənclərin Culfa rayonundakı Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilmiş, müşavirədə qarşıya bir çox tapşırıq və vəzifələr qoyulmuşdur. Tapşırıqların icrası məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən gənclərin muxtar respublikanın tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili Nazirlik tərəfindən diqqətdə saxlanılmışdır. Bu günki ekskursiya da bu qəbildən olan tədbirlərdəndir. Qeyd edilmişdir ki, Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa edilmişdir. Bərpa işlərindən sonra abidə iyun ayının sonlarında istifadəyə verilmiş və ziyarətçilərin üzünə açılmışdır. Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının dəyərli nümunəsidir. Bildirilib ki, abidə dünya əhəmiyyətlidir və Əcəmi memarlıq məktəbinin yadigarı olmaqla tariximizi yaşadır.

Sonra ekskursiya iştirakçıları Abidə ilə tanış olublar. Məlumat verilib ki,  Azərbaycanın qülləvari türbələri sırasına daxil olan bu türbə haqqında tarixi mənbələrdə qiymətli məlumatlara rast gəlinir. Memarlıq-konstruktiv quruluşuna görə türbə digər memarlıq abidələrindən fərqlənir və Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Qeyd olunub ki, Gülüstan türbəsinin sərdabəsi Kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrikquruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin sətirləri oyma, həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxtaların içərisi incə həndəsi ornamentlərlə bəzədilmişdir.

Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün də insanların diqqətini özünə cəlb edir. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan Tarix və Mədəniyyət Qoruğu” yaradılmışdır. Abidə həm də buraya gələn turistlərin marağına səbəb olur. Qeyd olunub ki, Gülüstan türbəsinin bərpa edilməsi həm də xalqımızın tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Buna görə də gənclərin Gülüstan türbəsinə ekskursiyaları təşkil edilir. Burada onlara Gülüstan türbəsi ətrafindakı abidələrdən əldə olunmuş arxeoloji materiallar haqqında da məlumat verilir. Təhsil müəssisələrinin tələbə və gənclərinin Gülüstan türbəsinə ekskursiyaları daimi xarakter daşıyır. Vurğulanıb ki, xüsusilə Naxçıvan Dövlət Universitetində “Memarlıq” ixtisası üzrə təhsil alan tələbələrin türbənin memarlıq üslubu ilə tanış olması faydalıdır. Bundan sonra da Gülüstan türbəsinə ekskursiyalar təşkil ediləcəkdir. Ekskursiyada iştirak edən gənclərə bərpa zamanı abidənin ətrafında aparılmış abadlıq işləri haqqında da məlumat verilmişdir. 

01081128
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
183
225
1143
8050
1081128

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: