"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muxtar respublikada turizmin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilib

Naxçıvan Turizm İnformasiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Muxtar respublikada turizmin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda turizm firmalarının nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin tələbələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva açaraq bildirib ki, ölkəmizdə turizm sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün Azərbaycan təbiətinin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim maddi-mədəniyyət abidələrinin tədqiqi, onların bərpa edilib respublikamıza gələn turistlərə təqdim edilməsi sahəsində mühüm işlər həyata keçirilib. Bu böyük işlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızın hər yerində ən müasir otellər və istirahət mərkəzləri tikilir, həm yay, həm də qış turizmi üçün yüksək şərait yaradılır, Azərbaycanın zəngin mədəniyyəti dünyaya tanıdılır.

Qeyd olunub ki, bu gün muxtar respublikamızda da turizm üçün hər cür imkan və şərait mövcuddur. Regionun ən ucqar dağ kəndlərinə belə, rahat yollar, qaz və su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib. Bildirilib ki, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilib, aidiyyəti təşkilatlar qarşısında mühüm vəzifələr qoyulub. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aid təşkilatlarla birgə tədbirlər planı təsdiq edilib.

Vurğulanıb ki, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olması, yüksək qonaqpərvərlik ənənələri, zəngin təbiəti, özünəməxsus mətbəxi, regionun hər yerində, hətta ən ucqar dağ kəndlərində belə, müasir infrastrukturun yaradılması muxtar respublikada turizmin inkişafını sürətləndirib. Bu gün diyarımızın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanıb, reklam çarxları və filmlər çəkilib. Qeyd olunub ki, muxtar respublikada turizmin inkişafına göstərilən diqqət və qayğının nəticəsini faktlardan da görmək olar. 1995-ci ildə muxtar respublikaya 40000-ə yaxın turist gəlmişdisə, 2016-cı ilin ilk 10 ayı ərzində onların sayı 328213 nəfər olub. 2001-ci ildə muxtar respublikada 5 mehmanxana, 180-ə yaxın nömrə fondu, 317 yer var idisə, bu gün yerləşdirmə obyektlərinin sayı 21, nömrə fondu 600-ə yaxın, yer sayı 1400-dən çoxdur. Diqqətə çatdırılıb ki, muxtar respublikamızda mövcud reallıqları əhəmiyyətli perspektivlərə çevirmək mümkündür. Bu məqsədlə keçirilən bugünkü konfrans gələcəkdə turizm rekreasiya imkanlarından istifadəyə öz müsbət təsirini göstərəcəkdir. 

Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi aparatının rəhbəri Anar Cəfərov “Naxçıvan Muxtar Respublikasında turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edib. Bildirib ki, qədim diyarımızda iqtisadiyyatın hərtərəfli inkişafı turizm sahəsinə müsbət təsirini göstərməkdədir. Süfrələrin bəzəyi olan “Badamlı” və “Sirab” mineral sularının istehsalı, yeyinti sənayesinin yüksək səviyyədə inkişaf etdirilməsi bu sahədə imkanlarımızın geniş olduğunu göstərir. Qədim diyarımızla bağlı müxtəlif suvenirlərin, hədiyyələrin hazırlanması da turizmin inkişafı istiqamətində atılan addımlardandır.

Səhiyyə Nazirliyi aparatının rəhbəri Nihad Seyidov “Muxtar respublikada səhiyyə turizminin inkişafı: reallıqlar və perspektivlər” mövzusundakı çıxışında bildirib ki, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizminin inkişaf perspektivlərinin çoxşaxəli olduğunu göstərir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi aparatının rəhbəri Əqil Həsənov “Muxtar respublikada turizmin inkişafında informasiya texnologiyalarının rolu” mövzusunda danışıb. Qeyd olunub ki, sosial şəbəkələrdə muxtar respublikanın tarix və mədəniyyət abidələri, turizm firmaları haqqında məlumatların yayılması və həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə turizm potensialının təbliği müsbət nəticələr verməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev “Naxçıvan Muxtar Respublikasının təbiəti və ekoturizm rekreasiya siyasəti” mövzusundakı çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, muxtar respublikanın münbit torpaqları, saf su mənbələri, təmiz havası və zəngin dərman bitkiləri, bol Günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün hərtərəfli imkanlar açır. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

01073838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
148
459
760
1073838

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: