Türkiyənin İzmir şəhərində 10-cu “Travel Turkey” yubiley sərgisi öz işinə başlayıb. Sərgidə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti ilə təmsil olunur. Səfər THTC və TURSAB-ın dəvəti ilə baş tutub.
Assosiasiyadan bildirilib ki, ikigünlük sərgi B2B ikitərəfli görüşlərlə öz işini davam etdirəcək.
Sərgidə Azərbaycanın sağlamlıq turizm imkanları geniş təqdim olunur. Bundan əlavə, “Duzdağ” Fizioterapiya Mərkəzi də ayrıca stendlə Naxçıvanın sağlamlıq turizmi potensialını nümayiş etdirir.
Dekabrın 11-də yekunlaşacaq 10-cu “Travel Turkey İzmir” yubiley sərgisi müddətində termal təsislərə və sağlamlıq mərkəzlərinə infotur təşkil edilməsi də nəzərdə tutulur. Tədbir zamanı Azərbaycanın da MAP2 HEAL onlayn sağlamlıq turizmi platformasına qoşulacağı gözlənilir.
Qeyd edək ki, regionun ən böyük sağlamlıq turizmi sərgilərindən biri hesab olunan “Travel Turkey İzmir”də 35-dən çox ölkə 1000-dən artıq şirkətlə təmsil olunur. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sərgi çərçivəsində apardığı danışıqlar nəticəsində Türkiyənin turizm şirkətlərindən ibarət böyük bir qrupun 2017-ci ildə ölkəmizin sağlamlıq turizmi məkanlarına infoturun təşkil olunması qərara alınıb.