"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şahbuzun ecazkar təbiəti tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb

Şahbuzun ecazkar təbiəti tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 25-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna gəliblər.

Şagirdlər əvvəlcə “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olublar. Bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib. Burada il ərzində 8 ton xammal toplanılaraq emal olunur və qablaşdırılır.

Şahbuz şəhər 2 saylı tam orta məktəbdə şagirdlərə məlumat verilib ki, məktəb 216 şagird yerlikdir. Məktəbin 3 mindən çox dərslik və bədii ədəbiyyat fondu olan kitabxanasında internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkündür. Şahbuz şəhər 2 saylı tam orta məktəb 2013-2014-cü tədris ilində keçirilmiş müsabiqədə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 1930-cu ildə ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar 8 illik, daha sonra isə tam orta məktəb statusuna yiyələnib. Müasir standartlara cavab verən, arxitekturası ilə diqqəti cəlb edən üçmərtəbəli yeni tədris binası 2014-cü ilin payızında şagirdlərin ixtiyarına verilib.

Tur-aksiya iştirakçıları təhsil ocağında üçü elektron lövhə ilə təmin olunmuş 12 sinif otağına, kimya, biologiya və fizika laboratoriyalarına, hərbi kabinəyə, kompüter, şahmat otaqlarına baxıblar. Kompüter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti var. Fənn laboratoriyaları müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir tələblər səviyyəsində keçirilməsinə imkan yaradıb.

Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinləyən şagirdlər rəsədxana ilə yaxından tanış olublar. Dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.

Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2 min 899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.

Ağbulaq İstirahət Mərkəzi də tur-aksiya iştirakçılarının marağına səbəb olub. Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən bu istirahət mərkəzi 2013-cü ildə istifadəyə verilib. 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə 38 otaq mövcuddur. Burada 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı var. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da fəaliyyət göstərir.

Məktəblilər Şahbuzun füsunkar gözəlliyini maraqla seyr ediblər, Naxçıvanın ecazkar təbiətinə heyran qaldıqlarını bildiriblər.

 

01070360
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
113
4443
10563
1070360

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: