"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi keçirilib

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Birinci Avropa Oyunlarından sonra ölkəmizdə növbəti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi isə həm də Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu yarışların ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təşkil edilməsi idman şöhrətimizi artıracaq, beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirəcəkdir.

Qeyd edək ki, 2013-cü ilin iyulunda Bakı İslam dünyasını birləşdirən idmanın çox növü üzrə möhtəşəm tədbir – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək şəhər elan olunub.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizdə təşkil edilən “Xəzərdən başlayan su səyahəti”nin ilk dayanacağı aprelin 7-də Naxçıvan Muxtar Respublikası olub və “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsinə start verilib.

Naxçıvan Muxtar Respublikasında səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.
Naxçıvan şahmatçısı Murad Əliyarov Batabat yaylağındakı Zorbulaqdan su götürüb. Onunla bərabər veteran cüdoçumuz, 2012-ci ildə keçirilən cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyev və “Bakı-2015” I Avropa Oyunlarında boks üzrə bürünc mükafatını qazanmış Tayfur Əliyev tərəfindən göldən səhəngə su doldurulub. Qeyd edək ki, Murad Əliyarov Prezident İlham Əliyevin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə həsr olunmuş mərasimdə Xəzər dənizinin suyu ilə doldurulmuş səhəng hədiyyə etdiyi 15 uşaqdan biridir.

Batabat gölünə axan Naxçıvanın məşhur Zorbulağından su götürül­dükdən sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yollanıblar.

Aprelin 7-də “Domestic Grass­roots” proqramı çərçivəsində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. 

Tədbirin açılış mərasimində çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Komitəsinin əməkdaşı Ülviyyə Ələkbərova oyunlar barədə geniş məlumat verib. Naxçıvan güləş məktəbinin yetirməsi, İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Hacı Əliyev çıxışında gənc idmançıları salamlayıb və onlara gələcək karyeralarında uğurlar arzulayıb. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahim­ov isə çıxışında qonaqları muxtar respublikada aparılan idman siyasəti, keçirilən beynəlxalq və yerli yarışlar haqqında məlumatlandırıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənc­lərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan yarışda qaçış, uzağa tullanma, iplə tullanma və penalti üzrə 5 məktəbin 100 şagirdi iştirak edib. 50 qız və 50 oğlan şagirdin mübarizəsində qalib Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin komandası olub. Onlara təşkilatçılar tərəfindən kubok, diplom və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Aprelin 7-də Naxçıvan şəhərinin mərkəzi meydanında su festivalı keçirilib. 

Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib. 

Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaqdır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində su ünsürünə böyük önəm verilir. Eyni zamanda möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Aprelin 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə start verilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaqdır. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.

Tədbirdə “Mirvari” rəqs qrupunun, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Başlanğıc mərasimi”ndən hazırlanmış və Naxçıvanda keçirilən “Su mərasimi” barədə videoçarxlar nümayiş olunub, Xəzər dənizindən götürülmüş suyun Naxçıvan şəhərinə qədər keçdiyi səyahət yoluna nəzər salınıb. 

Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan təmsilçisi, şahmatçı Murad Əliyarov Şahbuz rayonunun Batabat yaylağındakı Zorbulaqdan mis səhəngi su ilə doldurub. Murad Əliyarovu Avropa Çempionatının bürünc mükafatçısı Orxan Quliyev və “Bakı-2015” I Avropa Oyunlarının boks üzrə bürünc mükafatçısı Tayfur Əliyev müşayiət ediblər. Gün ərzində IV İslam Həmrəyliyi Oyunlarının idman səfiri, güləş üzrə dünya və Avropa çempionu, olimpiya oyunlarının mükafatçısı Hacı Əliyevin iştirakı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilər arasında müxtəlif əyləncəli idman növləri üzrə yarışlar keçirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdim etdiyi su səhəngini daşıyan naxçıvanlı şahmatçı Murad Əliyarov, eləcə də Şahbuz rayonunun Batabat yaylağındakı Zorbulaqdan götürülən suyu daşıyan idmançılar Orxan Quliyev və Tayfur Əliyev alqış sədaları altında səhnəyə dəvət olunublar. 

Tədbir “Mirvari” rəqs qrupunun çıxışı, möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

01081394
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
27
169
1409
8316
1081394

Tarix: 28-12-2024
Biz, sosial şəbəkələrdə: