Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə seçilir. Tarixi və mədəniyyət abidələri, gəzməli-görməli yerləri, abadlaşan şəhər və kəndləri Naxçıvanın turizm potensialını daha da artırır. Məhz bu potensialı tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib.
İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib. Tur çərçivəsində qonaqlar Naxçıvanın tarixi abidələri, gəzməli – görməli yerləri, tarix və mədəniyyət abidələri, Naxçıvanın rayon və kəndləri, bir sözlə, turizm potensialı ilə tanış olur, qarşılıqlı təcrübə mübadiləsi aparırlar.
Səfərin birinci günü qonaqlar “Duzdağ” otelində yerli turizm nümayəndələri və iş adamları ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib, Duzdağ Fizioterapiya Mərkəzinin imkanları ilə tanış olublar.
Aprelin 12-də qonaqlar Uzunoba İstirahət Kompleksi ilə tanış olub, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağını gəzib, ərazidəki göllər, məşhur Üzən ada, Zorbulaq haqqında məlumatlar alıblar. Həmin gün qonaqlar Ağbulaq İstirahət Mərkəzinin turizm imkanlarını da öyrəniblər.
Günün sonuna yaxın sahibkar və turizmçilər muxtar respublikanın dini turizmində mühüm rol oynayan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.