Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının müalicə turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nərmin Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ayaz Əliyev çıxış edərək muxtar respublikanın müalicə turizmi potensialından bəhs edib.
Slaydlarla müşayiət olunan çıxışda bildirilib ki, muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün müasir şərait yaradılıb. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi həm də onun turizm əhəmiyyətini artırır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Azərbaycanın mineral su ehtiyatlarının 60 faizi muxtar respublikanın payına düşür. Süfrələrin bəzəyi olan “Badamlı” və “Sirab” artıq çoxdan ölkəmizdən kənarda da şəfalı sular kimi şöhrət tapıb.
Sonra tədbir iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olublar. Burada əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə məlumat verilib ki, Naxçıvan özünün nadir təbii-tarixi ehtiyatları, müasir iqtisadi inkişafı və xidmət sektorundakı keyfiyyətli servisləri ilə hər kəsin diqqətini cəlb etməkdədir. Unikal müalicəvi keyfiyyətlərinə görə dünyada tanınmış Duzdağ Fizioterapiya Mərkəzi də təklif etdiyi səhiyyə xidməti ilə muxtar respublikamıza gələn turistlərin sevimli istirahət və müalicə məkanıdır.
Ümumiyyətlə, Naxçıvanın suyu, havası kimi, duzu da min bir dərdin dərmanıdır. Təbiətin bu torpağa bəxş etdiyi bütün nemətlər ölkəmizin milli sərvətidir. Duzdağın möcüzəli müalicəvi xüsusiyyətləri də bir sərvət kimi həm ölkəmizdə, həm də bütün dünyada yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənləri əvvəlki sağlamlığına qovuşdurmaqla, əslində, bütün insanlığa xidmət etməkdədir.