Naxçıvanın zəngin turizm ehtiyatlarından istifadə edərək mənalı istirahət arzusunda olan və bunu reallığa çevirən turistlərin sayı ildən-ilə artmaqdadır. Builki yay turizm mövsümünü də bu mənada uğurlu saymaq olar. Belə ki, 2017-ci ilin yanvar-iyul ayları ərzində muxtar respublikamızda müxtəlif turizm marşrutları üzrə səyahət edən turistlərin sayında artım olmuşdur. Əldə olunmuş statistik məlumatlara əsasən, bu müddətdə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 224 min 936 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4 faiz və ya 8652 nəfər çoxdur. Muxtar respublikaya gələn turistlər, əsasən, müalicə, dini ziyarət, tanışlıq, işgüzar görüşlər, elmi, tranzit, dağ, ekoturizm, kənd yaşıl turizm növləri üzrə səyahət edirlər.
Naxçıvanda turizm sektorunda xidmət mədəniyyətinin yüksəldilməsi, Naxçıvan şəhərində və bölgələrdə istirahət və əyləncə mərkəzlərinin yaradılması, müasir standartlara cavab verən otel və yeməkxana şəbəkəsinin təşkili də muxtar respublikada turizmin inkişafını sürətləndirir.