"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda kənd turizminin inkişafı üçün potensial imkanlar var

AZƏRTAC-da "Naxçıvanda kənd turizminin inkişafı üçün potensial imkanlar var" adlı məqalə dərc olunub. Həmin məqaləni oxuculara təqdim edirik.

İsti yay günlərində asudə vaxtı səmərəli keçirmək, yaxşı istirahət etmək üçün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş imkanlar var. Bu məqamda kənd turizmi daha çox diqqəti cəlb edir. Çünki kənd turizmi ən sərfəli və ən gözəl istirahət növüdür.

Sevindirici haldır ki, dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növünə ölkəmizdə, o cümlədən muxtar respublikada maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.

Kənd turizmi iqtisadi cəhətdən sərfəli, təşkilati baxımdan çox asandır. Bu turizm növünün təşkili zamanı digərləri ilə müqayisədə qarşıya çıxan çətinliklər yoxdur. Məsələn, yay tətili dövründə muxtar respublikanın ecazkar təbiətə malik Şahbuz rayonunun Biçənək və ya Ordubadın Çənnəb kəndinə yollanmağı yaxın xaricdəki hər hansı turizm mərkəzinə səyahətlə müqayisə etdikdə bunu daha aydın şəkildə görmək olar. Belə ki, iki nəfərin birhəftəlik xarici ölkə turuna çəkdiyi xərclə dördnəfərlik bir ailənin ən azı iyirmi gün ərzində bir kənddəki bütün xərclərini ödəyəcək istirahət proqramı təşkil etmək mümkündür. Turizmin bu növü turistlərin xərclərinə qənaətdən əlavə, onun təşkilatçıları olan kənd əhalisinin gəlir mənbəyidir. Kəndlinin öz evinin, yaxud həyətinin müəyyən bir hissəsini kirayə verməsi, turistləri gündəlik qida məhsulları ilə təmin etməsi yaxşı gəlir gətirir. Bu gün kəndlərimizdə sürətlə yenilənən infrastruktur şəraiti, əhali gəlirlərinin artması ilə onların mənzil-məişət şəraitinin yaxşılaşması da burada müsbət faktorlardandır. Şübhəsiz, şəhərli turistlər üçün kəndin ekzotikası, burada onlar üçün qeyri-adi olan cazibədar kənd mənzərələri, maraqlı adət-ənənələr, ekoloji təmiz və unikal menyu ilə hazırlanan mətbəx nümunələri əsas motiv olsa da, müasir standartlara uyğun yerləşmə şəraiti də mühüm şərtlərdən sayılır. Başqa sözlə, şəhərli turistlər üçün yaşıllıq içərisində olan kənd həyatında çox maraqlı cazibə elementləri vardır.

Şübhəsiz, havanın hərarətinin 40 dərəcəyə çatdığı bu yay günlərində muxtar respublikanın dağ kəndlərinin sərin havası şəhər sakinləri üçün əsl turizm motividir. Belə isti havalarda şəhərdə gecələr kondisionerdən istifadə etmədən yatmaq mümkün olmadığı halda, Şahbuzun dağ kəndlərində sakinlər bəzən axşamçağı qalın paltar da geyməli olurlar. Odur ki, kəndin sərin havasını, buz kimi sularını, günboyu kölgəliklərdə dincəlib gözəl vaxt keçirməyə imkan verən yamyaşıl bağ-bağçalarını bir dəfə görən bir də ora can atır. Həm də tək deyil, ailəliklə, dost-tanışlarla birgə.

Muxtar respublikada kənd turizminin inkişafı hazırda diqqət mərkəzindədir. Belə ki, kənd turizminin turizm ehtiyatlarımızdan istifadədə, əhali məşğulluğunun təmin olunmasındakı rolu dövlətin də maraq dairəsindədir. Bu sahədə hələ illər öncəsindən aparılan maarifləndirmə işləri öz bəhrəsini verməyə başlayıb. Artıq ötən illərdən etibarən dağ kəndlərimizdə bu istiqamətdə keçirilən tədbirlər əhalinin də biznesin bu növünə olan marağını artırıb. Onu da qeyd edək ki, isti yay günlərində ailəliklə kənddə qalıb dincəlmək ənənəsi əvvəllər, sovet dövründə də olub. Kəndlərimizin yaşlı sakinlərinin dediklərinə görə, ötən əsrin 50-60-cı illərində soyuducu məişət əşyalarının geniş yayılmadığı vaxtlarda kənd həyətlərində çadır qurub yay tətilini keçirənlər az olmayıb. O vaxtlar qazanc məqsədli fəaliyyət, yəni sahibkarlıq qadağan olunduğundan bu sahə də inkişaf etməyib. İndi isə azad bazar iqtisadiyyatı dövründə kəndlinin sahib olduğu hər bir resursun gəlirə çevrilməsi üçün əlverişli şərait və ondan istifadə üçün dövlət dəstəyi vardır.

Qeyd etmək yerinə düşər ki, hazırkı bazar qiymətləri ilə bu məbləğ ölkəmizdə bir gün üçün 20-30 manat arasında dəyişir. İndi xarici ölkələrdəki otel qiymətləri ilə müqayisədə göründüyü kimi, bu, turistlər üçün çox da bahalı deyil, əksinə, daha çox müddətə qalmaq istəyənlər üçün daha sərfəlidir. Əgər nəzərə alsaq ki, kənd turizmində tur günlərinin sayı adi turlara, məsələn, tanışlıq turlarına nisbətən daha çox, adi hallarda 2-3 həftəyə, bəzən də bir aya qədər olur, onda yay fəslində bu sahəni sabit gəlir mənbəyi hesab etmək olar.

Muxtar respublikada kənd turizminin inkişafı perspektivləri yüksək qiymətləndirilir. Ötən illərdən başlayaraq Ordubad, Şahbuz və digər rayonlarda bu faydalı turizm növünün inkişaf etdirilməsi məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Naxçıvan Turizm-İnformasiya Mərkəzinin saytında muxtar respublikanın dağ kəndlərində turistlərin qala biləcəyi evlər haqqında məlumatlar yerləşdirilib, muxtar respublika mətbuatında kənd turizmi potensialımız və ondan istifadə yolları haqqında da xeyli sayda maarifləndirici materiallar dərc olunub, verilişlər yayımlanıb, onların hamısı internetə yerləşdirilib. Gündən-günə daha da gözəlləşən, müasirləşən Naxçıvanın kəndlərinin turizm cazibədarlığı, əhalinin qonaqpərvərliyi və ərazidə yaradılmış güclü sosial-mədəni infrastrukturun mövcud imkanları burada kənd turizminin gələcək perspektivdə də inkişafı üçün geniş imkanların olduğunu göstərir.

 

01070364
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
8
113
4447
10567
1070364

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: