Noyabrın 18-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib.
Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanmış, təsərrüfat sahibləri ilə söhbət etmiş, onların istehsal etdikləri məhsullardan almışdır.
Məlumat verilmişdir ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılmışdır. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul vermişdir. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.
Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi bu sahəyə marağı xeyli artırmışdır. Hazırda muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatları vardır ki, onlar da əsasən heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Fondu tərəfindən 10ailə təsərrüfatına dövlət maliyyə dəstəyi göstərilmişdir. Bütün bunlar da ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların ixracına geniş imkanlar açır.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafı üçün nəzərdə tutulan istehsal konteynerinə baxmışdır.
Bildirilmişdir ki, 4 işçi heyəti ilə təmin olunan konteyner pendir istehsalı üçün nəzərdə tutulub. Konteynerdə istehsal xətti yaradılmış, lazımi avadanlıqlar və hazır məhsulun saxlanması üçün soyuducu quraşdırılmışdır. Bu da standartların tələblərinə uyğun keyfiyyətli və müxtəlif ölçülü qablaşdırılmış pendir istehsalına imkan verəcəkdir.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək veriləcəyini bildirmiş, təsərrüfatlarda istehsal prosesinin elmi əsaslarla və sənaye yolu ilə təkmilləşdirilməsi, məhsulların əmtəə görünüşünə və qablaşdırılmasına diqqət yetirilməsi, hər bir rayon üzrə sifarişlərin qəbul olunması və istehsal profilinə uyğun konteynerlərin quraşdırılması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının hazırlanması və icrası barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Festival noyabrın 19-dək davam edərək iştirakçılar arasında “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqə keçirilmişdir.
Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi mahnılardan ibarət konsert proqramı ilə çıxış etmişdir.