"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda "Arıçılıq məhsulları-bal festivalı" keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. 

Dövlət Proqramına uyğun olaraq noyabrın 11-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal festivalı" keçirilmişdir.     

Tədbirin aparıcıları xalqımızın əsrlər boyu arıçılıqla bağlı yaratdığı folklor nümunələrini, atalar sözlərini festival iştirakçılarının diqqətinə çatdırmışlar.Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək muxtar respublikanın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılığın inkişaf tarixindən danışmış, zəngin təbiətin arıçılığın inkişafı üçün əlverişli şərait yaratdığını bildirmiş, Naxçıvan balının bioloji xüsusiyyətləri barədə məlumat vermişdir.       

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, Naxçıvan balının sərgi-satışı ilə tanış olmuşdur. 

Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən bal, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları çıxarılmışdı. Həmçinin festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, araqların, doşab və şərbətlərin də satışı həyata keçirilirdi. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri bal və digər arıçılıq məhsulları almış, arıçılarla söhbət etmiş, onların qayğıları ilə maraqlanmışdır. 

Qeyd olunmuşdur ki, arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər, balın satışı üçün yaradılan şərait, arıçılıq əczaxanalarının fəaliyyət göstərməsi və dərman təminatı keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olmuşdur.Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi olmuşdursa, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Son illər arıçılar balla yanaşı, qiymətli arı məhsulları olan vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arıçılıq məhsulları da istehsal edirlər. Arı ailələrindən toplanılan və xüsusi tibbi əhəmiyyətə malik olan bu cür qiymətli arı məhsullarına tələbat ilbəil artır. Eyni zamanda balın qablaşdırılması və emalı müəssisələrinin fəaliyyət göstərməsi istehsal olunan məhsulun daha rahat satışına imkan verir. 

Ali Məclisin Sədri muxtar respublikanın rayonlarında arıçılarla görüşlərin keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması, lizinq yolu ilə bal süzən aparatların gətirilməsi və arıçılara verilməsi, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasının davam etdirilməsi, eləcə də arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan bitkilərin əkininə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir. 

Festival noyabrın 12-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə  keçiriləcəkdir. 

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olmuşdur.

01070367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
113
4450
10570
1070367

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: