Naxçıvan Muxtar Respublikasının bölgələri içərisində Ordubad rayonu qədimliyi və özünəməxsusluğu ilə seçilir. Abadlıq və quruculuq işləri sayəsində bu yurd yerimiz simasını dəyişir, günü-gündən gözəlləşir və yeni quruculuq dövrünü yaşayır. Zəngəzur dağlarının ətəyində yerləşən rayon mərkəzi isə təkcə Qafqazın deyil, bütövlükdə, Şərqin və Avrasiyanın köksündə özünə yuva qurmuş müasir Azərbaycan şəhəridir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Bura təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə yox, həm də yüksək mədəniyyətdən, mənəvi irsdən xəbər verən, tarixilik baxımından diqqəti cəlb edən qədim yurd yerləri və məskənləri ilə də tanınır.
Yolumuzu Ordubaddan saldığımız zaman Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağından, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, “Şıxı yurdu”, “Qurban yurdu” və “Salabun”dan keçərək “Zəvvar” arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, yol kənarında yeni əkilmiş ağaclar, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri gözümüzü, könlümüzü oxşayır.
Şəhərin mərkəzinə doğru irəlilədikcə burada müasirliyin və tarixi gözəlliyin seyrinə qapılmamaq mümkün deyil. Mərkəzi küçə ilə üzüyuxarı qalxdıqca isə ilk müşahidə etdiyimiz mənzərə qoca çinarların dəstəsinə qoşulmaq istəyən yol kənarlarında nizamla əkilmiş yeni çinar ağacları olur. Ordubad ta qədimdən əsrlərlə yaşı olan çinarları ilə məşhur olub. Təkcə Ordubad şəhərində deyil, eyni zamanda rayonun kəndlərində də yaşlı çinarlara rast gəlmək mümkündür. Bu gün həmin çinarların kölgəsi Ordubad sakinlərinin və qonaqların söhbətləşib, çay içib istirahət etdiyi məkanlardan biridir. Ordubad həm də özünün qonaqpərvərliyi ilə seçilir. Belə ki, buraya İrandan, Türkiyədən, Rusiyadan və başqa ölkələrdən hər il yüzlərlə turist gəlir. Ordubad təbiətinin gözəlliyi, tarixin və müasirliyin vəhdəti turistləri bu gözəl məkana baş çəkməyə vadar edir. Rayonun coğrafi mövqeyinə gəldikdə isə bir tərəfdə başıqarlı dağları, digər tərəfdə yaz aylarında yaşıllıq timsalı, payızda isə sarı yarpaqlarla əhatə olunmuş təbiət mənzərəsini, gur sulu çayları, şırıltı ilə axan şəlalələri seyr etmək mümkündür.
Ordubad həm də elə bir unikal yerdir ki, haqqında bəhs edərkən onun tarixi keçmişinə toxunmaya bilmirsən. Çünki bu keçmişə, özünəməxsusluğa sadiqlik Ordubadın müasir inkişafının əsas göstəricisidir. Ordubad hələ qədim zamanlardan Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məşhur olub. Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə, milli irs və düşüncə sisteminin unikal ifadə vasitəsinə çevrilmiş bu tarix-memarlıq abidələri həm də Ordubadın hələ orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Bu gün qabaqcıl şəhərsalma təcrübəsi tətbiq edilərək yenidən qurulan, hər il neçə-neçə müasir binalar ucaldılan Ordubadda tarix-memarlıq abidələrinə də diqqət və qayğı artırılıb. Burada aparılan quruculuq işləri şəhərin əsas memarlıq üslubu saxlanılmaqla həyata keçirilir, tarixi abidələr bərpa olunur. Şərq və Avropa memarlığının sintezi nəticəsində qədim görünüşü qorunub saxlanılmaqla müasir bir şəhər yaradılıb. Ordubad məbədi də daxil olmaqla bərpa olunan tarix-memarlıq abidələri ilə müasir abidələr vəhdət təşkil etməklə, şəhərə xüsusi gözəllik verir.
Ordubad həm də qədim sənətkarlığın inkişaf etdirildiyi şəhərlərdən olub. Tarixboyu burada müxtəlif sənət sahələri formalaşıb. Bu da şəhərin həm də mühüm sənətkarlıq mərkəzinə çevrilməsinə imkan verib. Burada Şərq memarlığına məxsus elementlərdən istifadə edilməklə müxtəlif tarixi tikililər, əhalini su ilə müntəzəm təmin etməyə imkan verən yeraltı su xətləri olan kəhrizlər, məscid və meydanlar vardır. Şəhər ərazisində olan tarixi abidələr həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində daha da təkmilləşib, yeniləşib.
Azərbaycanda arxeoloji-memarlıq abidələrinin sayına görə Ordubad qabaqcıl yerlərdən birini tutur. Bu abidələr memarlıq sənətinin, inşaat texnikasının müstəsna dəyərli nümunələri olmaqla yanaşı, həm də gözəl sənət əsərləridir.
Burada eradan əvvəl II və I minilliklərə aid Xaraba Gilan tapıntıları, eradan əvvəl III əsrin Gəmiqaya qayaüstü rəsmləri, orta əsrlərə aid Kilit mağarası, XIV əsrin yadigarları Mingis və “Came” məscidləri, XVII əsr abidəsi Qeysəriyyə-Zorxana, XVIII əsrə aid Sərşəhər, Təkeşiyi, Üçtürləngə məscidləri, XIX əsrin Ordubad hamamı, Buzxana, Pir Eyvaz türbəsi (XVIII) də qədim dövrlərdə şəhərin mədəni həyatının çox zəngin olmasını göstərir. Bu abidələr ulu keçmişimizin tarixi yadigarlarıdır. Ordubad şəhərinin mərkəzində 7 min nəfərlik “Cümə” məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərin qonaqlarını heyrətə salır.
Ordubad rayonunda tariximizi, mədəniyyətimizi, milli irsimizi özündə yaşadan abidələr, muzeylər bu gün turistlərin diqqətini cəlb edir. Rayona gələn hər bir xarici qonağın baş çəkdiyi və Ordubadla bağlı yüksək təəssürat yaradan məkanlardan biri də məhz elə Tarix-Diyarşünaslıq Muzeyidir. Hazırda Qeysəriyyə binasında fəaliyyət göstərən, 4000-dən çox eksponatın toplandığı muzeydə xalq sənətkarlarının əsərləri, tətbiqi-sənət nümunələri, rayon ərazisində aşkara çıxarılmış arxeoloji tapıntılar xüsusi yer tutur. Burada Ordubadın tarixi ilə bağlı ətraflı məlumata yiyələnmək, tarixi özündə yaşadan eksponatlarla da tanış olmaq mümkündür.
Orada olarkən muzey bələdçisi bildirdi ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə 150 ədəd eksponatla fəaliyyətə başlamışdır. 1990-cı ilin may ayından muzey XVII əsrin abidəsi olan Qeysəriyyə-Zorxana binasında fəaliyyət göstərir. “Qeysəriyyə” sözünün mənası isə keçmişdə şahlara məxsus daş-qaş, əşyaların ləl-cəvahirə satılması məqsədilə tikilmiş örtülü “Şərq bazarı” deməkdir. Qeysəriyyə abidəsində yerləşən Tarix-Diyarşünaslıq Muzeyində 15 guşə təşkil edilib. Burada ibtidai insanların istifadə etdiyi daş əmək alətləri, eradan əvvəl III-I minilliklərə aid Gəmiqaya qranit daşları, Ordubad dəmirçilərinin əl işləri və müxtəlif eksponatlar sərgilənir. Muzeyə gələnlərin diqqətini, ilk növbədə, ekspozisiya zalı cəlb edir. Bura gələn xarici qonaqlar qədim tariximiz, mədəniyyətimiz, incəsənətimiz, bu yurdun yetirmələri olan ziyalılar və onların fəaliyyətləri ilə tanış edilir. Muzeyə gələn turistlərin sayı ilbəil artır.
Müstəqilliyimizin bərpasından sonrakı dövrdə bu qədim rayonda müasir dövrün tarixini özündə əks etdirən obyektlər yaradılıb. Yollar, körpülər salınıb, enerji, rabitə və su infrastrukturu yeniləşdirilib. Şəhərdə müasir tələblərə cavab verən Avtovağzal kompleksi, Aviakassa binası əhalinin ixtiyarına verilib.
Həmçinin Ordubadda alim və yazıçıların ev-muzeylərinin yaradılması və bərpası da diqqətdə saxlanılır. Akademik, dünya şöhrətli alim, kimya elmi sahəsində yüksək kəşflər edən, 1941-1945-ci illər müharibəsində hərbi sənayenin inkişafında misilsiz xidmətlər göstərmiş Yusif Məmmədəliyev, tarixi roman janrının banilərindən olan məşhur Məmməd Səid Ordubadi və görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeylərinin tikilməsi və ya yenidən qurulması mədəni irsimizə göstərilən dövlət qayğısının bariz nümunələrindəndir. Bu abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Ordubad günü-gündən inkişaf edir, gözəlləşir və digər rayonlar içərisində öz yerini qoruyub saxlayır.
Güntac ŞAHMƏMMƏDLİ
Naxçıvan Dövlət Universitetinin Radiotelejurnalistika
ixtisası üzrə I kurs magistrantı