"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şərq memarlığının inciləri – Naxçıvan türbələri

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəz­lərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Bununla bağlı ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünyamiqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Bu gün həmin abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında Naxçıvan memarlıq məktəbinin inciləri olan türbələr xüsusi yerə malikdir. Bu türbələrin beynəlxalq miqyasda tanıdılması üçün işlər davam etdirilir. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması da buna geniş imkanlar açır. Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün sənədlər toplusu artıq ISESCO-ya təqdim edilib.

Yüksək bədii təfəkkür məhsulu, nadir gözəllik və zəriflik abidəsi – Möminə xatın məqbərəsi

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə xatın məqbərəsidir. Bu abidə 1186-cı ildə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib.

Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində həyat yoldaşının və övladlarının yaxın köməkçisi olub. Elə bu sədaqətinə görə ömür-gün yoldaşı Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli məqbərə tikdirmək qərarı verib.1175-ci ildə məqbərənin özülü qoyulub. Şəmsəddin Eldəniz Atabəy dünyadan köçəndən sonra məqbərənin inşası onların sədaqətli oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb.

Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Möminə xatın məqbərəsi ilə bağlı aparılan araşdırmalar haqqında” məqaləsində yazır ki, bu abidə çox zərif və yüksək bədii təfəkkür məhsuludur. Məhz buna görə də ona tamaşa etməyə gələni öz cazibəsində saxlaya bilir. Çünki məqbərədə riyazi təfəkkürlə bədiiliyin vəhdəti duyulur. Abidəyə həndəsi ornamentlər böyük ustalıqla həkk edilib. Xarici səthləri bir-birindən ayıran tillərin memarlıq bölgüsünün dəqiqliyinə heyran qalmaya bilmirsən. Möminə xatın türbəsini inşa edən Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırıb. Bütün bunlar abidənin ümumi kompozisiyasını tamaşaçıya sevdirə bilir. Həmin kufi xətli kitabələrdən biri bizi xəyalən on ikinci yüzilliyə aparır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Əsrlərə meydan oxuyan tarixi abidə – Yusif Küseyir oğlu türbəsi

Naxçıvan şəhərinin mərkəzində yerləşən və sakinlər arasında “Atababa günbəzi” adı ilə tanınan Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi çox qiymətlidir. Sərdabə və yerüstü qülləvarı hissədən ibarət olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu öz əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.

Memar Qadir Əliyevin yazdığı “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq” adlı kitabda Yusif Küseyir oğlu türbəsi barədə aşağıdakı məlumatlar verilir: “İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəlb edən türbə ikiqatlıdır. Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülüb. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir”.

Türbənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluş etibarilə türbənin yalnız bir səthi – qərb tərəfə baxan səthi başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib.

Qarabağlar Türbə Kompleksi dünya əhəmiyyətli abidələr sırasındadır

Bu abidənin xalqımızın maddi-mədəniyyət abidələri arasında tarixi mövqeyini, dünya əhəmiyyətli olmasını nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşaminarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir”.

Türbə kompleksinin Elxanilərin hakimiyyəti illərində tikintisi geniş yayılmış əbvab-əl-birr (dindarlığın qapıları) adlı iri xatirə-xeyriyyə komplekslərindən olduğu güman edilir. Tərkibində saray, məscid, mədrəsə, xanəgah, şəfaxana, hamam və başqa binalar olan belə komplekslərin mərkəzi tikilisi “Ali günbəz” – uca türbə olur.

Akademik İsmayıl Hacıyev yazır ki, mənbələr və mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın XIV əsrdə, türbənin isə 1332-1337-ci illərdə tikildiyini qeyd edirlər. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Hülaki hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyəti illərinə (1319-1335) aid edilir.

Qarabağlar Türbə Kompleksi haqqında tədqiqatçılardan M.Mirheydərzadə, Ə.Salamzadə, L.Bretanitski, K.Məmmədzadə, Ə.Əsgərzadə, V.Sısoyev, T.Yazar, S.Kərimzadə, Ş.Məmmədova və başqaları maraqlı, əhəmiyyətli fikir və mülahizələr söyləyib, abidələrin tarixi haqqında bir sıra dəqiqləşmələr aparıblar. 

Qarabağlar türbəsi ikihissəlidir: sərdabə və yerüstü xatirə abidəsi. Bu abidədə qülləvarı türbənin əsas xüsusiyyətləri əks olunub. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı onun yerüstü kompozisiyasını təşkil edir. Gövdə səthinin belə yarımsilindrik çıxıntılarla işlənməsi yalnız bədii-dekorativ əhəmiyyətə malik olmayıb, eyni zamanda mühəndis quruluşu cəhətdən də əhəmiyyətlidir. Bir-biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini azaltmaqla bərabər, eyni zamanda türbəyə bir qala görkəmi də verir. Türbənin kompozisiya xüsusiyyəti dörd baştağlı olmasıdır. Dörd coğrafi səmtə cəhətlənən giriş yerləri türbəni dörd bərabər hissəyə bölür. Binanın bütün səthlərində xırda şirli yaşıl kərpiclərdən çəkilmiş üzlük qırmızımtıl kərpic fon üzərində onun səthini böyük kvadratlara bölür. Çəpinə qoyulmuş belə kərpiclərdən isə romblar əmələ gəlib. Kvadratların hər birinin içərisində iri yaşıl kərpiclərlə “Allah” və “Bismillah” sözləri yazılıb. Türbənin bütün səthində kufi xətti ilə yazılmış “Allah” sözü 200 dəfədən artıq təkrar olunur.

Türbədən, təxminən, 30 metr aralıda iki yüksək minarə ucalır. Bu minarələr Azərbaycan ərazisindəki ən qədim kərpic minarələrdəndir. Baştağın özü isə təkcə yurdumuzun deyil, bütün İslam ölkələrinin memarlığında qoşaminarəli baştağların ilk örnəklərindəndir. Qarabağlar baştağı nadir abidədir. O, gözəl kompozisiya və incə memarlıq bədii həllinə görə də dəyərli sənət əsəridir.

Gülüstan türbəsi Azərbaycan memarlıq abidələri arasında özünəməxsus yer tutur

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir” adlı məqaləsində yazır ki, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Ancaq digər türbələrdə sərdabə hissə yerin altında yerləşdirildiyi halda, burada sərdabə yerin səthindən yuxarıda inşa olunub. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə onikiüzlü qüllədən ibarətdir.

Gülüstan türbəsi Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixdə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” ­Sərəncam bu möhtəşəm abidənin bərpası və tədqiqi üçün geniş imkanlar yaradıb. Sərəncama əsasən yaradılan “Gülüstan türbəsi” tədqiqat qrupu türbənin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb. Türbənin bərpa edilməsi isə onu tarixi abidə kimi Azərbaycana yenidən qaytarıb.

Naxçıvanın insanlığın ikinci yaradılış məkanı olduğunu sübut edən abidə: Nuh Peyğəmbərin türbəsi

Qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Nuh Peyğəmbər, Dünya tufanı və onun tərəfdarları ilə əlaqədar faktların Naxçıvanla bilavasitə bağlılığı isə bu torpağın ­qədimliyini bir daha sübut edir. 

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının çoxsaylı araşdırmalarında qeyd olunur ki, qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlayıb, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavinin də bu barədəki araşdırmaları tam həqiqətə uyğundur. Alim Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edir. Rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləyiblər. XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar verib. O qeyd edib ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşayıb və burada dəfn olunub. Hətta Nuh ­Peyğəmbərin Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. Keçən əsrin əvvəllərində, daha doğrusu, 1919-1920-ci illərdə məşhur realist rəssam Bəhruz Kəngərli Nuh Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini altı formada naturadan kətan üzərinə köçürüb.

Tarixi ədəbiyyatda bu abidənin qədim dövrdə mövcud olduğu, VIII əsrdə bərpa edilməsi ilə bağlı məlumatlar da maraq doğurur. Araşdırmalar zamanı məlum olub ki, abidə XII əsrdə də müsəlman-səlcuq memarlıq üslubunda yenidən tikilib. Təbii aşınmalar nəticəsində abidə yenidən dağılıb. Qazıntılar zamanı yalnız abidənin bünövrəsi aşkara çıxarılıb.

Tarixdən silinmək üzrə olan türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Şeyxlər ocağı – Xanəgah

Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan Xanəgah abidə kompleksi XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Onun türbəsi də məhz burada yerləşir.

Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib. Gəlinən qənaət odur ki, “Xanəgah” sözü “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə” mənasındadır. Bu türbə də muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə bərpa olunub.

Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Ona görə də Naxçıvanda tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

 Rauf KƏNGƏRLİ

"Şərq qapısı" qəzeti

01070367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
113
4450
10570
1070367

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: