Qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı Naxçıvan Muxtar Respublikasının turizm potensialını ilbəil artırır. Hər il yüz minlərlə turist muxtar respublikaya səfər edir, bu qədim diyarın tarixi-mədəni irsi ilə tanış olurlar. Min illərlə yaşı olan tarixi abidələr – türbələr, qalalar, qədim yaşayış məskənləri turistlərdə, xüsusilə xarici ölkə vətəndaşlarında böyük maraq doğurur. Onlar ölkələrinə qayıtdıqdan sonra nüfuzlu mətbuat orqanlarında, sosial şəbəkələrdə Naxçıvanla bağlı fotoşəkillər paylaşır, öz təəssüratlarını bölüşürlər. Belə materiallardan ikisi ilə sizi tanış edirik.
Fotoqraf Sitarə İbrahimova: Gözlərinizi Azərbaycanın “Maçu Piçu”suna yönəldin
Bu ilin yanvar ayında fotoqraf Sitarə İbrahimova Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Naxçıvandan böyük təəssüratla qayıdan Sitarə İbrahimova Böyük Britaniyada fəaliyyət göstərən məşhur “Calvert Journal” elektron nəşrinin “İnstagram” səhifəsində Əlincəqalanın şəklini yerləşdirərək yazmışdır: “Gözlərinizi Azərbaycanın “Maçu Piçu”suna yönəldin. Tarixi Əlincəqala Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı dağın zirvəsində yerləşir. Bu ərazi Şərqdə ilk sivilizasiyanın beşiyi hesab olunur”.
Məlumat üçün bildirək ki, Əlincə qalası kimi, Maçu Piçu da yüksəklikdə, And dağlarının zirvəsində yerləşir və dünyanın yeddi möcüzəsindən biri kimi məşhurdur. Maçu Piçu ən çox ziyarət edilən və araşdırmalar aparılan yerlərdəndir. Hər gün, təxminən, 2 min insan buranı ziyarət edir.
Tariximizə olan ciddi marağın nəticəsidir ki, Əlincəqalanın şəkli izləyicilər tərəfindən 433 dəfə bəyənilmiş və jurnalın “İnstagram” səhifəsində ən çox bəyənilən ikinci şəkil olmuşdur.
Qeyd edək ki, “Calvert Journal”ın baş idarəsi İngiltərənin London şəhərində yerləşir. Elektron jurnal, əsasən, Şərqi Avropa, Balkanlar, Rusiya və Mərkəzi Asiyanın mədəniyyətlərini tədqiq edir. Fotoqrafiya sahəsində dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüş jurnalın redaksiya heyətində Böyük Britaniyanın “Guardian” və “Telegraf” qəzetlərində, eləcə də “Reuters” informasiya agentliyində çalışmış jurnalistlər fəaliyyət göstərir.
Böyük Britaniya vətəndaşı Mike Kendall: Naxçıvan müasir, təmiz və inkişaf edən diyardır
Bu il martın 5-də isə “Dünya səyahətçilər” klubunun üzvü olan Böyük Britaniya vətəndaşı Mike Kendall Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. O, ölkəsinə qayıtdıqdan sonra “Facebook” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası barədə fotoşəkillər paylaşmış və aşağıdakı qeydi yazmışdır: “Azərbaycan Respublikasının tərkibində olan Naxçıvan Muxtar Respublikasında çox gözəl bir gün keçirdim. Naxçıvan müasir, təmiz və inkişaf edən diyardır. Mən Naxçıvanda bu qədər inkişafla qarşılaşacağımı gözləmirdim”.