Qədim diyarımızda muzeylərin fəaliyyətinə göstərilən diqqət və qayğı nəticəsində yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, cəmiyyətin həyatında mühüm rol oynayan uğurlu işlər kimi tarixə düşür.
Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova bu mədəniyyət müəssisəsi haqqında bizi məlumatlandırdı. O bildirdi ki, muzeyin yaradılmasında əsas məqsəd xalqımızın mifoloji və dini baxışlarını özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliğ edilməsidir. İlk dəfə 80 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 400-dən çox eksponat sərgilənir. Burada mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr, daşla bağlı məişət əşyaları qorunub nümayiş etdirilir. Dəyirmandaşı, tikinti üçün istifadə olunan daşlar, dibəkdaşı, daş qablar vaxtilə xalqımızın məişətində geniş istifadə olunub. Ekspozisiyada nümayiş etdirilən zoomorf abidələri isə təbii proseslər nəticəsində yaranan abidələrdir.
Orta əsrlər dövründə Naxçıvanda yaşayan daşyonma ustaları daşdan müxtəlif növ sənət əsərləri hazırlayıblar. Bu gün muzeydə qorunub saxlanılan daş abidələri xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti, dünyagörüşü, zövqü haqqında geniş məlumat verir. Muzeyin direktoru onu da vurğuladı ki, oyma, yonma, cızma üsulu ilə daş üzərinə həkk olunmuş təsvirlərin ən qədim nümunələrindən biri eramızdan əvvəl IV-III minilliyə aid Ordubad rayonundakı Gəmiqaya abidəsi üzərindəki rəsmlərdir. Muzeyin ən dəyərli eksponatlarından olan Gəmiqayadan gətirilmiş daş kitabənin üzərindəki keçi, əqrəb, quş və digər heyvan təsvirləri bu diyarın qədim sakinlərinin dünyagörüşünü, bədii-estetik təfəkkürünü əks etdirir.
Muzeydə nümayiş etdirilən qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlıların ən qədim inancları ilə bağlı olub. Muzeyin əsas simvolları qoç fiqurlarıdır. Qoç fiqurlarının çox hissəsi sadə qoç formasında hazırlanıb. Onların üzərində xalqımızın məişətinə, məşğuliyyətinə, incəsənətinə aid müxtəlif təsvirlər həkk olunub. Üzərində qılınc təsviri olan qoç fiqurları mərdlik və qəhrəmanlıq simvolu, at kişilik, günəş isə istilik, həyat, işıq rəmzi sayılıb.
Qoç qədim türk xalqlarında güc, qüvvət, bolluq rəmzi hesab edilib. Bu fiqurlar ilk öncə qəbirlərə, yəni dəfn olunan şəxsin yanına qoyulub, lakin İslam dininin meydana gəlməsi ilə bu adət müvəqqəti unudulub. Sonralar Qaraqoyunlu və Ağqoyunlu tayfalarının Azərbaycanda hakimiyyəti dövründə həmin adətə yenidən qayıdılıb. Hər iki dövlətin bayraqlarındakı ağ və qara qoç təsvirlərinin olması da bu faktı sübut edir. Zaman keçdikcə bu adət qəbirlərin üzərinə qoyulan heykəllərlə əvəz olunub.
Həmin dövrə aid qəbirdaşları üzərində, adətən, mərhumun peşə və sənətini əks etdirən bir sıra məişət və təsərrüfat əşyaları, güzgü, qayçı, xəncər təsvirlərinə rast gəlinir. Kiçik formalı memarlıq əsərləri olan sənduqələrin üzərlərində isə müqəddəs “Qurani-Kərim”dən götürülmüş ayələrdən ibarət kəlmələr həkk olunub.
Eksponatlar arasında memorial xatirə abidələri də mühüm yer tutur. Onlardan biri də burada nümayiş olunan ən qədim qəbirüstü xatirə abidəsidir. Qəbilə quruluşu dövrünün məhsulu olan bu abidə qəbir üzərində dik basdırılmış heykələ bənzəyir.
Muzeydə nümayiş etdirilən sütun altlıqları isə orta əsrlərdə darvaza qapılarının yanında bəzək əşyası kimi istifadə edilib. Daş məmulatı təkcə tikinti materialı kimi deyil, həmçinin təsərrüfat və məişətdə də geniş tətbiq olunub.
Nəzakət Əsədova qeyd edir ki, tariximizin bütün dövrlərini əhatə edən eksponatlar muzeylərdə öz əksini tapıb və onların gələcək nəsillərə çatdırılması üçün işlər görülüb və hazırda da davam etdirilir. Ötən il Culfa rayonundakı Əlincəqala ətrafından gətirilmiş XVI əsrə aid olan beş ton ağırlığındakı dəyirmandaşı, həmçinin Ordubad rayonunun Tivi və Biləv kəndlərindən gətirilmiş daş abidələr və üzərində müqəddəs “Qurani-Kərim”dən ayələr yazılmış məzarüstü abidə ekspozisiyada nümayiş olunur. Aparılan arxeoloji tədqiqatlar nəticəsində müxtəlif dövrləri əhatə edən tapıntılar tariximizin bir daha qədim köklərə malik olduğunu, eyni zamanda xalqımızın Şərq və İslam mədəniyyətinin ilkin nümunələrini yaratdığını sübut edir.
Bu gün muzeylər tariximizin hər bir səhifəsini nümayiş etdirən, mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirən maddi-mənəvi dəyərlər xəzinəsi olmaqla yanaşı, həm də muxtar respublikamızda turizmin inkişafında da çox böyük rol oynayır. Minlərlə turistin baş çəkdiyi muzeylər içərisində ilk yerlərdən birini tutan Açıq Səma Altında Muzey əlverişli mövqeyi, mərkəzdə yerləşməsi ilə Naxçıvana gələn qonaqların diqqətini ilk andan cəlb edir. Muzeyi hər il minlərlə tamaşaçı, xüsusilə Hindistan, İran, Türkiyə Almaniya, Avstriya-Macarıstan, İsrail, Niderland, ABŞ, Belçika, Norveç, Rumıniya, Kuba və digər xarici dövlətlərin nümayəndələri, eləcə də 60 mindən çox əcnəbi vətəndaş ziyarət edir. Bu isə zəngin tarixi-mədəni irsimizin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Güntac ŞAHMƏMMƏDLİ
"Şərq qapısı" qəzeti