"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri: “Naxçıvanda turizmin inkişafı üçün mövcud olan təbii şərait məni çox heyrətləndirdi”

Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski muxtar respublikamıza səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyində olub.

Diplomat səfər çərçivəsində muxtar respublikanın istehsal potensialı və səhiyyə turizmi ilə də yaxından maraqlanıb, tarixi-mədəni abidələrini ziyarət edib. 

Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüb:

– İlk olaraq onu deyim ki, Naxçıvana ilk səfərim bu qədim diyar barədə yaddaşımda dərin təəssüratlar yaratdı. Keçirdiyim görüşlər zamanı aydın oldu ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, turizm, mədəniyyət sahələri üzrə geniş əməkdaşlıq etmək üçün böyük potensial imkanlar mövcuddur. Təbii ki, Naxçıvana konkret təkliflərlə gəlmişəm. Bunlardan ən vacibi Ukrayna Respublikasının perspektivli bir əyaləti ilə Naxçıvan Muxtar Respublikası arasında regionlararası əməkdaşlıq əlaqələri qurmaqdır.

Qısa zaman ərzində gəzib gördüyüm yerlərdə qarşılaşdığım şərait, yaradılan imkanlar gələcək əməkdaşlığımızın daha da perspektivli olacağını deməyə əsas verir. İlkin mərhələdə rəsmi əlaqələri gücləndirib, sonra isə konkret layihələri reallaşdırmağı nəzərdə tuturuq. Naxçıvanla tanış olmağımız üçün bizə yaradılan gözəl şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz dərin minnətdarlığımı bildirirəm. 

Səfir vurğulayıb ki, Naxçıvanda turizmin inkişafı üçün mövcud olan təbii şərait onu çox heyrətləndirib: “Duzdağ Fizioterapiya Mərkəzi bənzərsiz görünüşə malikdir, bu günədək belə mağaralar görsəm də, Naxçıvandakının tam fərqli xüsusiyyətləri, müasir şəraiti vardır. Gələcəkdə Naxçıvana gəlməyi və həmin səhiyyə ocağında müalicə almağı da düşünürəm. Gördüklərim belə deməyə əsas verir ki, burada dini, səhiyyə və ekoturizm inkişaf edib və təbii ki, bütün bunlar turistlər üçün ən arzuolunan məqamlardır. Naxçıvanda insan özünü həm xoşbəxt, həm də sağlam hiss edir. Bütün bunlar Naxçıvanın unikal bir diyar olduğunu göstərir. Mən də öz növbəmdə çalışacağam ki, bütün bu müsbət keyfiyyətləri Vətənimdə olan insanlara aşılayım və onlar da buraya üz tutaraq bu imkanlardan istifadə edə bilsinlər”.

 Nail ƏSGƏROV

"Şərq qapısı" qəzeti

 

01081116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
171
225
1131
8038
1081116

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: