"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan: isti ürəkli muxtar respublika

Hindistanlı iş adamı Debarçan Bisvas 15-17 sentyabr tarixlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olub. O, ölkəsinə qayıtdıqdan sonra muxtar respublika ilə bağlı təəssüratlarını qələmə alıb. Həmin yazını təqdim edirik:

Ailəmlə zaman keçirmək üçün Hindistana getmədən öncə, Dubayda olduğum son bir ay ərzində Qafqazda bir neçə həftə zaman keçirmək qərarına gəldim. Azərbaycana səfər planlaşdırarkən tək bildiyim şəhər Bakı idi. Ancaq mənim maraq dairəm son dövrlərdə muxtar bölgələr olmuşdu. Araşdırma edərkən Naxçıvan Muxtar Respublikası diqqətimi daha çox çəkdi. Zamanımın az olmasına baxmayaraq, Naxçıvana səyahət etməyə qərar verdim. Mənim üçün Bakıdan Naxçıvana bilet almaq və otel rezervasiya saytlarından biri vasitəsilə “Təbriz” otelində yer sifariş etmək çox asan oldu.

Haradasa, gecə saat 1-də Naxçıvan Beynəlxalq Hava Limanına endik. İngilis dilini bilən gənc oğlan otelə getmək üçün taksi xidmətini təklif etdi. 15 dəqiqə uzaqlıqdakı şəhər mərkəzinə getməyə cəmi 5 manat xərclədim. Hindistandan bu torpaqları ziyarət etmək məqsədilə gəlmiş insana yerli sakinlərin göstərdiyi diqqət mənə çox təsir etdi.

Növbəti gün Naxçıvan qaymağı, hansı ki Hindistana qayıtdıqdan sonra belə, ondan ötrü darıxıram, yerli çörək, mürəbbə və pendirlə səhər yeməyi yedim. Oteldə mənə bələdçilik edəcək Kamal Yahyalı ilə tanış oldum. Motivasiyası yüksək və çox intellektual gənc olan Kamalla növbəti günlərdə hara gedəcəyimizlə bağlı planlama etdik. Biz qərara gəldik ki, Naxçıvanı kəşf etməyə öz gölləri və bal istehsalı ilə məşhur olan Batabatdan başlayaq. Yol boyunca Kamal Naxçıvanda gənc nəslin inkişafı ilə bağlı görülən işlər barədə qısa və dəyərli məlumatlar verdi. Kamalın müxtəlif dinlər, həmçinin hinduizm və dünya siyasəti ilə bağlı dərin məlumatlı olması məni heyrətləndirdi. 

Batabatdakı göllər insan əli dəyməmiş, saf və təmizdir. Bəzən ətrafınızda heç kəsin olmadığı yerlərə getmək insana çox hüzur verir. Ola bilsin ki, buradakı insanlara xoşbəxtlik və hüzur verən də elə əsrarəngiz təbiət mənzərələridir. Üzən adası ilə məşhur Batabat gölünü seyr etdik. Naxçıvanın məşhur, saf və təbii balını satan yaşlı arıçı ilə tanışlıq da mənim üçün çox xoş oldu.

Döyüş Şöhrəti Muzeyi və kitab-kafe diqqətimi daha çox çəkdi. Növbəti dayanacağımız duz mədənlərinin əsasında yaradılan müalicə mərkəzi – Duzdağ idi. Bura bronxit və astma xəstəliyi üçün ciddi müalicəvi effektə malikdir. Mənə elə gəlir ki, Duzdağ Fizioterapiya Mərkəzində qalmaq turistlər üçün əvəzedilməzdir. Növbəti Naxçıvan səfərində buranı mütləq ziyarət edəcəyəm.

Sakitləşdirici duz mədənlərinin olduğu tuneldə gəzdikdən sonra Qarabağlar türbəsinin yerləşdiyi Qarabağlar kəndinə getməyə qərar verdik. Türbə, sanki müxtəlifrəngli və naxışlı xalçalarla örtülmüş möhtəşəm memarlıq nümunəsidir. Firuzəyi şirli və sadə kərpicdən ibarət olan kombinasiya şəbəkəsi, müqəddəs “Qurani-Kərim”in ayələrinin əks olunduğu kitabə adamı heyran edir. Türbənin gözəlliyini seyr etdikdən sonra Naxçıvan şəhərinə qayıtdıq. Bir məsələni xüsusilə vurğulayım ki, Naxçıvan şəhərində insan tarixlə, qədim dünya ilə baş-başa qalır. Gözəl hökumət binalarından Möminə xatın abidəsinə, Naxçıvan­qaladan Nuhun möhtəşəm türbəsinə, Şərq hamamlarına qədər bir çox gözəllik bu şəhərdə cəmlənib. Naxçıvanın küçələri geniş, təmiz və abaddır. Ona görə də şəhərdə gəzmək elə özü bir zövqdür. Burada yemək də, demək olar ki, Azərbaycanın digər yerlərindən həm ucuz, həm də dadlıdır.

Növbəti gün biz Azərbaycanın “Macchu Pichusu” kimi tanınan Əlincə qalasına yola düşdük. Günəş çıxmazdan əvvəl qalaya qalxdıq. Qaladan açılan mənzərə, qarşıdan görünən möhtəşəm Haçadağ bütün yorğunluğu unutdurur. 

Çəhrayı daşdan tikilmiş Gülüstan türbəsi ilə tanışlıq, Gülüstan kəndində həyatımda yediyim ən dadlı şaftalı və digər meyvələrin dadına baxmaq, sadəcə, Naxçıvana heyranlığımı getdikcə artırırdı. Bir məsələni də deyim ki, Naxçıvanın təbii meyvələri, böyük kənd təsərrüfatı potensialı var. 

Ordubada gedərkən yolüstü günorta yeməyi üçün bir evdə dayandıq. Ev sahibləri çox qonaqpərvər idilər. Təzə meyvə-tərəvəz, pendir və turşu, dolma, bozpört Naxçıvan mətbəxinin zənginliyindən xəbər verirdi. Naxçıvanda ailələrin qonaqpərvərliyinə, mədəniyyətinə və ənənələrinə heyran oldum.

Ordubadla tanışlıqdan sonra Darıdağ Müalicə Mərkəzinə getdik. Darıdağ dünyada çox nadir yerlərdən biridir ki, burada arsenli isti su ilə bir çox xəstəliklər müalicə edilir. Şəhərə qayıtmazdan əvvəl 15 dəqiqə bu şəfalı suda qaldım.

Naxçıvanın həm bu qədər toxunulmaz qaldığına, eyni zamanda belə müasir görünüşünə görə çox heyrətləndim. Blokadada yaşamaqla yanaşı, həm də inkişaf etmək, turistlərə qarşı çox istiqanlı olmaq düşünürəm ki, yalnız Naxçıvanda var. İnsanlar çox səmimidir. Dost qazanmaq bir gülümsəmə kimidir. Mən bura paranoyak səyahətçi kimi gəldim, amma çox gözəl xatirələr və ürəyimdə sevgi ilə geri döndüm. Qısa zamanda Naxçıvana yenidən səfər etməyi düşünürəm. Qədim, müasir və gözəl Naxçıvanı möhtəşəm insanların yaşadığı diyar olaraq dünyaya tanıtmaq üçün səylərimi əsirgəməyəcəyəm.

Debarchan Bisvas Hindistan

"Şərq qapısı" qəzeti

17.10.2019 

01081110
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
165
225
1125
8032
1081110

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: