"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Səfir Örl Litzenberqer: “Amerika Naxçıvan da daxil olmaqla, bütün Azərbaycanla bir sıra istiqamətlər üzrə əməkdaşlığını genişləndirmək niyyətindədir”

Avqustun 16-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikamıza rəsmi səfərə gəlib. Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Naxçıvan Biznes Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, mərkəzin sərgi salonunda müəssisələrdə, ailə təsərrüfatlarında istehsal olunan müxtəlif növ və çeşiddə məhsullar, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Təqdirəlayiq haldır ki, dünyanın 72 ölkəsi ilə ticarət əlaqələri olan muxtar respublikada 11 ildir ki, xarici ticarət əlaqələrində müsbət saldo qeydə alınır ki, bu da sahibkarlığa dövlət qayğısının bəhrəsidir.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndə heyətinə bildirilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin edilib. Mərkəzin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Səfərin ikinci günü “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanışlıq qədim diyarımızın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri barədə nümayəndə heyətində dolğun təəssürat yaradıb.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Möminə xatın türbəsinin önündə media nümayəndələrinə müsahibə verib:
– Bu, gözəl diyar olan Naxçıvana mənim ilk səfərimdir, gəlişimdən məmnunluq duyuram. İlk olaraq səfərin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığımı bildirirəm. İki gün ərzində mənim burada müxtəlif hökumət nümayəndələri, elm adamları, qadın sahibkarlar, eyni zamanda Amerika Birləşmiş Ştatları proqramlarının məzunları ilə görüşmək imkanım oldu. Qadın sahibkarlarla görüşümdə onların gördükləri işlər, fədakarlıqları və sahibkarlıq fəaliyyətləri ilə tanış olarkən müsbət mənada təəccübləndim. Bu baxımdan müsahibəni İslam dünyasının ən cəsarətli qadınlarından biri olan Möminə xatının adına ucaldılan abidənin önündə verməyim heç də təsadüfi deyil. Fikrimcə, Möminə xatın bu gün mənimlə birlikdə həmin cəsarətli qadın sahibkarlarla görüşsəydi, ən az mənim qədər ona xoş olardı. Mən həyat yoldaşımla birlikdə Naxçıvanın məşhur turistik yerlərində oldum. Nümunə olaraq Duzdağ Fizioterapiya Mərkəzinin, Xan sarayının, Naxçıvanqalanın adını çəkə bilərəm. Səfərimin son günündə isə Əlincəqalaya getməyi planlaşdırıram. Burada müşahidə etdiyimiz qonaqpərvərlik bir daha onu göstərir ki, Naxçıvan beynəlxalq turistləri qəbul etmək üçün ideal bir yerdir.
İyul ayının axırlarında Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının qubernatorunu Gəncə və Zəngilana səfərdə müşayiət etdim. Bir həftə sonra Şəki və Qaxda oldum. Bu həftə isə mən gözəl Naxçıvandayam. Beləliklə də, pandemiya üzündən itirilmiş vaxtımı dəyərli şəkildə bərpa etmək istəyirəm. Qeyd edim ki, Amerika-Azərbaycan münasibətləri üç sütun üzərində dayanıb. Buna təhlükəsizlik, iqtisadi və enerji, insan haqları, qanunun aliliyinə dəstək sahələri aiddir. Amerika Naxçıvan da daxil olmaqla, bütün Azərbaycanla sadaladığım istiqamətlərin hamısında əməkdaşlığını genişləndirməyə niyyətlidir. Misal üçün biz Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə narkotik qaçaqmalçılığına və digər qaçaqmalçılıqla mübarizə istiqamətində köməklik göstərə bilərik. Eyni zamanda Amerika şirkətləri üçün hər iki ölkəyə faydalı ola biləcək əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdə maraqlıyıq. Ən vacibi isə biz Naxçıvandan daha çox tələbənin Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşən Dövlət proqramlarında iştirak etməyini arzulayırıq. Və mən çox əminəm ki, bu səfərimdə bütün bu işlər üçün zəmin yarada bilmişik.
Naxçıvanla bağlı ümumi təəssürat olaraq onu deyə bilərəm ki, öncə buranın təbii gözəlliyi füsunkardır, eyni zamanda muxtar respublikanın havası çox təmizdir. Mən burada özümü çox rahat hiss etdim. Naxçıvanın mədəniyyətini və tarixini xüsusi olaraq vurğulamaq istərdim. Buranın tarixi zamanın əvvəlinə gedib dayanır. Ən çox məni xoş mənada heyrətləndirən bu yerin insanları oldu. Qonaqpərvərliyiniz, həqiqətən də, çox təsiredicidir və mən Naxçıvan insanının ortaya qoyduğu bu isti, səmimi münasibətdən hədsiz dərəcədə məmnun qaldım. Düşünürəm ki, bu mənada, muxtar respublika dünyanın ən parlaq insanlarına sahib olan yerlərdən biridir. Eyni zamanda buranın çox dadlı, ləziz mətbəxi, yeməkləri vardır. Fikrimcə, Naxçıvanın turizm potensialı haqqında danışanda təbii gözəlliyi, mədəniyyəti, mətbəxi xüsusi qeyd etmək lazımdır. Bu üçlük dünyanın hər yerində qələbə çalan bir üçlükdür. Bu baxımdan dünya pandemiyadan sonrakı mərhələyə keçid alanda Naxçıvana xeyli sayda turist axını olacaq. Mənə gəldikdə isə, Amerikadakı bütün dost və həmkar­larıma Naxçıvan haqqında məmnunluqla bəhs edəcəyəm.

"Şərq qapısı" qəzeti

18.08.2021

01081110
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
165
225
1125
8032
1081110

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: