"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Shoaib Khalil: “Ətrafımdakı bütün dostlarıma Naxçıvana səyahət etməyi tövsiyə edəcəyəm”

Naxçıvan Muxtar Respublikası füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir infrastrukturu ilə turistlərin sevimli istirahət və əyləncə məkanına çevrilib. Qədim diyarımıza səfər edən ABŞ vətəndaşı Shoaib Khalil və onun həyat yoldaşı Kashmala Khalil də bu günlərdə Naxçıvanda olub və buradan zəngin təəssüratlarla ayrılıblar. 

Əslən pakistanlı olan Shoaib Khalil hava gəmilərinin elektrik sistemləri üzrə tanınmış mütəxəssisdir. Shoaib Khalil və Kashmala Khalil bu ilin may ayında ailə həyatı qurublar. Sosial şəbəkələrdə Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə bağlı paylaşımları gördükdən sonra qərara gəliblər ki, evliliklərinin ilk ayında ölkəmizə səfər etsinlər. Bu məqsədlə əvvəlcə Bakı şəhərinə, sonra isə Naxçıvana gəliblər.  

Shoaib Khalil  “Şərq qapısı” qəzetinə müsahibəsində dedi ki, Naxçıvanda Nuh Peyğəmbərin türbəsini ziyarət edərkən bu diyarın çox qədim tarixə malik olduğu həqiqətini bir daha dərk edib: “Naxçıvanqala kimi tarixi abidə, Yusif Küseyir oğlu və Möminə xatın türbələri qədim Naxçıvanda mədəniyyətin inkişafından xəbər verir. Duzdağ Fizioterapiya Mərkəzi təbii şəfa mənbəyi, Əshabi-kəhf ziyarətgahı bəşəriyyətin inam yeri, Əlincəqala isə Azərbaycan xalqının məğlubedilməzliyinin simvoludur. Göygöl, Batabat təbii gözəlliyi ilə insanı valeh edir. Ümumilikdə, Naxçıvan qədim mədəniyyət mərkəzi, bəşəriyyətin inam yeri və məğlubedilməzlik simvoludur”. 

O vurğuladı ki, muxtar respublikada yol infrastrukturu mükəmməl qurulub. Şəhər və kəndlərdə inşa olunan binalar müasir memarlıq üslubu ilə diqqəti cəlb edir. Əhalinin elektrik və təbii qazla təchizatı çox yüksək səviyyədədir. Naxçıvanın ən ucqar yaşayış məntəqələri də su, elektrik və təbii qazla təchiz olunub, burada müasir məktəb binaları, kənd mərkəzləri, həkim ambulatoriyaları tikilib. Hər bir yerdə insanların təmizliyə, səliqə-sahmana verdiyi önəm hiss olunur. Muxtar respublikanın bütün yaşayış məntəqələri çox təmiz, abad və gözəldir.

 

Shoaib Khalil diyarımızın turizm əhəmiyyətliliyi ilə bağlı bu fikirlərini də bizimlə bölüşdü: “Muxtar respublikanı fərqləndirən ən əsas cəhətlərdən biri də burada insanın özünü çox rahat və təhlükəsiz şəraitdə hiss etməsidir. Naxçıvanda cəmiyyət, insanların davranışı və qayda-qanun bu inamı aşılayır. Bunun özü çox böyük uğurdur və əminəm ki, Naxçıvanın misilsiz gözəlliyi ilə yanaşı, həm də sakit və cinayətsiz region olması gələcəkdə bizim kimi turistlərin daha çox diqqətini cəlb edəcək.

Naxçıvanda 5 gün qaldıqlarını bildirən qonaq qeyd etdi ki, bu gözəl diyarı gəzmək, görmək üçün bu müddət çox azdır: “Muxtar respublikanın tarixi abidələri, gözəl təbiəti ilə yaxından tanış olmaq, burada rahat istirahət etmək üçün ən azı insana 15 gün vaxt lazımdır. Ona görə də düşünürük ki, gələcəkdə Naxçıvana bir daha gələk”. 

Blokada vəziyyətində uzun illərdir, yaşayan bir diyarın bu səviyyədə inkişafından təəccübləndiyini də gizlətməyən Shoaib Khalil burada əldə edilən uğurların möcüzə olduğunu vurğuladı. O, buradakı qonaqpərvərlikdən də ürəkdolusu söhbət açdı: “Naxçıvanda özümüzü doğma evimizdəki kimi hiss etdik. Çünki buranın insanları istiqanlı, qonaqpərvər və mehribandırlar. Hər yerdə qonağa hörmətin nümunəsini gördük. Ətrafımdakı bütün dostlarıma Naxçıvana səyahət etməyi tövsiyə edəcəyəm. Gərək, hər kəs gəlib bu gözəllikləri görsün. Biz muxtar respublikaya valeh olduq. Buna görə də mən Naxçıvana səfərimlə bağlı geniş məqalə də yazmağı düşünürəm”.

Aytac CƏFƏRLİ

"Şərq qapısı" qəzeti

03.06.2022

01081116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
171
225
1131
8038
1081116

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: