"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvana hər səfərimdə muxtar respublikanın sürətli inkişafının şahidi oluram

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvanda səfərdə olub. Səfərin sonuncu günü səfir Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüşərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında ticarət və işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb. 

“Əlincəqala” tarixi abidəsinə gələn Daniel Kristian Çiobanuya abidə barədə ətraflı məlumat verilib. Bildirilib ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən bərpa olunur. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub. Bina iş otaqları və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin, xüsusilə qədim məişət əşyalarının, pul və sikkələrin, kitab, jurnal və qəzet materiallarının nümayiş etdirilməsi üçün vitrinlər qoyulub. Bu da ziyarətçilərin qala sakinlərinin yaşayışı və qəhrəmanlıq tarixi haqqında ətraflı məlumat almasına imkan verəcəkdir.

Səfər təəssüratlarını bizimlə bölüşən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dedi ki, üçüncü dəfədir, Naxçıvana səfər edir: “Tam səmimi deyirəm ki, hər səfərimdə Naxçıvan şəhərinin və muxtar respublikanın bütün bölgələrinin sürətli inkişafının, necə dəyişdiyinin, gözəlləşdiyinin, müasir səviyyədə yenidən qurulduğunun, abadlaşdığının canlı şahidi oluram. Mən bütün naxçıvanlıları əldə etdikləri qeyri-adi iqtisadi yüksəliş münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün muxtar respublika nəzərəçarpacaq dərəcədə inkişaf edib”.

Səfir vurğuladı ki, Naxçıvanda insan zəhməti ilə yaradılanlarla yanaşı, təbiət möcüzələri də diqqəti cəlb edir: “Mən səfər çərçivəsində muxtar respublikanın tarixi abidələri, turizm məkanları ilə də tanış oldum. Burada tarixi abidələrə göstərilən diqqət ən yüksək səviyyədədir. Həmin abidələrin qorunub saxlanılmasına, bərpasına böyük zəhmət sərf edilib. Naxçıvanda tarixilik qorunmaqla müasirliyə nail olunub. Eyni zamanda muxtar respublikanın füsunkar təbiəti, gözəl turizm obyektləri, ən yüksək səviyyədə qurulan infra­strukturu var. Bu da Naxçıvanın turizm məkanı kimi cazibədarlığını artırır”.

Səfərinin məqsədi barədə danışan diplomat dedi: “Mənim səfərimin əsas məqsədlərindən biri Rumıniyanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək idi. Səfər çərçivəsində çox faydalı görüşlər keçirdik, qarşılıqlı müzakirələr apardıq. Eyni zamanda, naxçıvanlı sahibkarlarla da əhəmiyyətli görüşlərimiz oldu. Ümumi fikrimiz belədir ki, biz ticarət əlaqələrinin inkişafına, qarşılıqlı investisiya qoyuluşunun artırılmasına nail ola, keçiriləcək biznes forumlar vasitəsilə iqtisadi-ticarət əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik. Bu mənada, naxçıvanlı iş adamlarının Rumıniyaya, rumıniyalı iş adamlarının Naxçıvana səfərlərinin təşkil olunması da müsbət nəticələr verə bilər”. 

Muxtar respublikadakı ali təhsil ocaqlarında keçirdiyi görüşlər barədə də danışan Daniel Kristian Çiobanu bu görüşlərdən razı qaldığını bildirdi: “Bilirsiniz ki, Rumıniya səfirliyi həm də NATO-nun Azərbaycanda əlaqələndiricisidir. NATO ilə Azərbaycan arasındakı əlaqələr bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Çox yaxşı dialoq mühiti mövcuddur. Mən Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Azərbaycan-NATO əlaqələri” mövzusunda məruzə edərkən də bu məsələlərə toxundum. Hər iki universitetdə tədbirimiz çox gözəl diskussiya şəraitində keçdi. Tələbələr çox fəal idilər. Ümumiyyətlə, naxçıvanlı tələbələr məlumatlı, hazırcavab və biliklidirlər. Mən bunun bir daha şahidi oldum”. 

Sonda səfir Naxçıvan barədə səmimi fikirlərini bildirmək istədiyini qeyd edərək dedi: “Naxçıvan çox zəngin tarixə, gözəl təbiətə, yüksək iqtisadi inkişafa malik olan bir diyardır. Ancaq bütün bunlarla yanaşı, mən səmimi şəkildə demək istərdim ki, Naxçıvanın ən böyük sərvəti onun insanlarıdır. Naxçıvandakı insanlar qonaqpərvər, mehriban, gülərüz, işgüzar və əməksevərdirlər. Bütün bu xüsusiyyətləri ilə siz rumıniyalılara çox bənzəyirsiniz. Düşünürəm ki, bizim ortaq xüsusiyyətlərimiz çoxdur”. 

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun Naxçıvan Muxtar Respublikasına səfəri aprelin 13-də başa çatıb.

 

01070345
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
102
242
4428
10548
1070345

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: