Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 31 may -2 iyun tarixlərində ölkənin aparıcı media nümayəndələri muxtar respublikaya səfər ediblər. Səfər çərçivəsində onlar Naxçıvan Dövlət Universitetində “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda keçirilən konfransda iştirak edib, qədim diyarımızın tarixi-mədəni abidələri, istehsal, mədəniyyət, təhsil müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olublar. Media nümayəndələri səfər təəssüratlarını bizimlə bölüşüblər.
Hikmət Məmmədov – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı: “Gördüklərimizə əsasən deyirəm ki, Naxçıvan nə qədər qədim diyar olsa da, bir o qədər də müasir, bir o qədər də modern bir şəhərdir. Bu gün Naxçıvanda qədimdən bəri yaşadılan quruculuq ənənələri çox uğurla davam etdirilir. İnsanın ürəyində qürur, fəxarət hissi yaradır ki, bu gün üç dövlətin sərhədində olan Naxçıvan inkişaf edir, böyüyür, abadlaşır. İnsanlar rifah içərisində yaşayırlar. Muxtar respublikanın çox böyük turizm potensialı var. Naxçıvan Azərbaycan xalqının tarixinin, siyasi keçmişinin mərkəzlərindən biri olubdur. Amma mən düşünürəm ki, Naxçıvan haqqında danışanda onu təkcə Azərbaycan xalqının siyasi tarixi ilə əlaqələndirmək bir qədər ədalətsizlik olar. Çünki Naxçıvan şəhəri və Naxçıvan Muxtar Respublikası bütövlükdə Yaxın Şərqin, müsəlman dünyasının mühüm mədəniyyət mərkəzlərindəndir. Ona görə də Naxçıvan bu gün inkişaf etməkdə olan turizm mərkəzlərindən birinə çevrilib. Çünki Şimali Afrikadan tutmuş Yaxın Şərqə qədər böyük müsəlman coğrafiyasında yaşayan bütün xalqlar burada öz keçmişlərinə, mədəniyyətlərinə aid nə isə tapa bilərlər.
Naxçıvan haqqında bilgilər və yaxud Naxçıvan haqqında turistləri maraqlandıracaq məsələlər bununla məhdudlaşmır. Biz bilirik ki, ezoterik bilgilərdən olan “Nuh əfsanəsi” də Naxçıvanla bağlıdır. Əgər bunu və Naxçıvanda Nuh Peyğəmbərin məzarının olduğunu da nəzərə alsaq, bu, hər bir vətəndaş üçün, hər bir turist üçün olduqca maraqlı faktdır. Naxçıvan bütövlükdə bizim milli yaddaşımızın ensiklopediyasıdır. Burada beşminillik şəhərsalma tariximizin hər bir səhifəsi ilə qarşılaşmaq olar. Təkcə Qarabağlar türbəsi Naxçıvanın qədim tarixi və mədəniyyəti haqqında insanlara kifayət qədər informasiya verir.
Naxçıvanda turizmin inkişafı üçün çox böyük infrastruktur formalaşdırılıb. Biz bunun şahidi olduq. Ən ucqar kəndlərdə belə, müasir yollar var. İşğalçı Ermənistanla sərhədədək, ən ucqar dağ kəndlərinədək çox gözəl abad yollar çəkilib, məktəblər tikilibdir. İnsanlarda çox yüksək vətənpərvərlik əhval-ruhiyyəsi var. Mən düşünürəm ki, bu gözəl diyar öz nemətləri ilə çox böyük turizm imkanları yaratmağa qadirdir. Bu istiqamətdə də mühüm işlər görülübdür. Bu gün biz Naxçıvanda istehsal olunan məhsulların sərgisində olan zaman “Made in Azerbaijan” brendi adı altında beynəlxalq bazara çıxarılacaq çoxlu məhsullar gördük. Bu, sənayedən, hətta avtomobil sənayesindən başlamış ərzaq məhsullarına qədər geniş bir spektri əhatə edir. Ona görə də mən düşünürəm ki, Naxçıvan Azərbaycanın ən inkişaf etmiş turizm mərkəzlərindən birinə çevriləcək”.
Aqil Abbas – “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı: “Naxçıvanda aparılan quruculuq, abadlıq və yaşıllaşdırma mənim çox xoşuma gəlir. Avropada tətbiq olunan kənd turizm modeli neçə illərdir ki, Naxçıvanda tətbiq olunur. Digər bir tərəfdən, Naxçıvanda o qədər turizm məkanları var ki, onlar bu sahənin inkişafı üçün real şərait yaradır. Tarixi abidələri, təbiətinin zənginliyi, havası, suyu, təbii müalicə mərkəzləri Naxçıvanın turistlərə təqdim etdiyi zənginliklərdir. Şahbuzu cənnət, Ordubadı incidir bu torpağın. Yəni Naxçıvanın harasında olsanız, hər yerin özünün bir qəribə özəlliyi və gözəlliyi var. Nuhun ayağı dəyən Naxçıvan torpağının hər qarışında qədimlik, millilik var. Qəribə bir fakt deyim. Suriyanın torpağı qırmızıdır, qeyri-adi torpaqdır. Mən həmişə maraqlanmışam, deyirlər bütün peyğəmbərlər Suriyada doğulub. Ona görə də o torpaq qəribədir. Sonra ilk dəfə Naxçıvana gələndə gördüm ki, Naxçıvan torpağı da qırmızıdır. Bu nə üçündür? Bura da Peyğəmbər ayağı dəyib. Ona görə Naxçıvan torpağı müqəddəsdir”.
Həsən Həsənov – “Xalq qəzeti”nin baş redaktoru: “Hər bir jurnalist səfər sonu özünün təəssüratlarını qeydə alır və onu oxucularla, dinləyici, tamaşaçı auditoriyası ilə bölüşür. Peşə etikamız, peşə borcumuz bizdən tələb edir ki, hazırladığımız informasiyalar, yazdığımız məqalələr real gerçəkliyi əks etdirsin, obyektiv olsun. Naxçıvanda mövzu qıtlığı yoxdur. Ona görə ki, Naxçıvanda bütün sahələrdə, sosial-iqtisadi sahələrdə göstəricilər olduqca yüksəkdir. Naxçıvanda tikinti, abadlıq-quruculuq işləri böyük vüsət alıb. Naxçıvanda işgüzarlıq bütün cəmiyyətə hakim kəsilib. Mən hesab edirəm ki, Naxçıvan bizim digər bölgələrimiz üçün nümunə olmalıdır. Naxçıvan model kimi qəbul olunmalıdır. Naxçıvan işgüzarlıq modelidir. Naxçıvan qabaqcıl təcrübə modelidir. Naxçıvan intellektuallıq modelidir. Naxçıvan müasirlik modelidir. Naxçıvan qısa zaman kəsiyində yüksək intibaha qovuşmaq modelidir. Mənim rəhbərlik etdiyim “Xalq qəzeti” uzun illərdir ki, Naxçıvan Muxtar Respublikası ilə sıx əməkdaşlıq edir. Naxçıvanda bizim yüzdən artıq müəllifimiz var. Bax bu müəlliflərin hamısı yüksək peşəkarlığa, yüksək intellektə malik insanlardır. Mövzunu çox geniş və dolğun əhatə edirlər. Faktlar dəqiqdir. Onların yazılarını oxuyanda bir daha əmin olursan ki, Naxçıvan əsl vətənpərvər insanların yurdudur. Həqiqətən, Naxçıvan Muxtar Respublikasının turizm potensialı olduqca yüksəkdir və bizim media nümayəndələrinin üzərinə bu yüksək potensialın təbliği və reklamı üçün böyük məsuliyyət düşür, böyük vəzifələr durur qarşımızda. Hesab edirəm ki, biz bu vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Biz Sədərək rayonunda, Şərurda, Kəngərlidə, Ordubadda, Şahbuzda olduq. Sədərək rayonunda cəbhə xəttində xidmət keçən əsgərlərimizlə, zabitlərimizlə görüşdük. Təsəvvür edin, Heydərabad qəsəbəsi və Sədərək düşmən postundan 150-200 metr məsafədə yerləşir. Amma həyat normal axarında davam edir. Əmin olduq ki, bizim torpaqlarımız, bizim sərhədlərimiz çox etibarlı şəkildə qorunur. Əmin olduq ki, Azərbaycan Ordusu, sözün həqiqi mənasında, dünyanın ən qüdrətli ordularından biridir. Ən müasir silahlarla təchiz olunub və bu, bizə qətiyyətlə deməyə imkan verir ki, bizim torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.
Açığı, mən birinci dəfə idi ki, Ordubadda olurdum. Mən Azərbaycanın müxtəlif bölgələrində tarix-diyarşünaslıq muzeylərində olmuşam. Amma etiraf edirəm ki, Ordubaddakı muzey qədər mənə təsir edən ikinci bir muzey olmamışdır. Çox zəngin muzeydir. Bütün tariximizi, təsəvvür edin Paleolit dövründən tutmuş müasir tariximizə qədər bizim tariximizi, zəngin mədəniyyətimizi əks etdirir”.
Vüsalə Mahirqızı – “APA-Holdinq”in prezidenti: “Budəfəki səfərimiz Naxçıvanın turizm potensialı barədə nəinki mərkəzi mediada, ümumiyyətlə, yaxın xarici ölkələrdə məlumat verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mən düşünürəm ki, bizim səfərimiz, təbii ki, bu mövzunu genişləndirəcək, mərkəzi mediada növbəti dəfə gördüyümüz, getdiyimiz yerlər barədə məlumat yayacağıq. Amma bütün bunlarla yanaşı, həmçinin mən düşünürəm ki, bizdən əlavə olaraq gələcəkdə turizm agentliklərinin də rəhbərləri, ayrı-ayrı sahələri əhatə edən jurnalistlər, marketinq şirkətlərinin nümayəndələri də Naxçıvana səfərlər etməlidirlər. Əlbəttə, konfransda da biz bu barədə müzakirələr, diskussiyalar apardıq.
Məncə, Naxçıvanda təbliğ olunmalı əsas məsələlərdən biri də buradakı sabitlikdir, burdakı təhlükəsizliyin yüksək səviyyədə olmasıdır. Çünki turizm üçün ən önəmli faktorlardan biri budur və Naxçıvanın gözəl təbiəti, yaxşı mineral suları, qurulmuş infrastrukturu ilə yanaşı, onun ən yaxşı sərvətlərindən biri də məhz bu gün bu təhlükəsizliyin olmasıdır. Belə deyək, Naxçıvanda bütün turizm infrastrukturunun turist qəbul eləməyə hazır olmasıdır. Düşünürəm ki, artıq Naxçıvanda biz hansı bir bölgəyə baxa-baxa gedirik, ən ucqar yerə qədər internet infrastrukturu da digər infrastrukturlar kimi qurulubdur və bu gün dünyada ən maraqlı sferalardan biri onlayn ticarətin olduğu sferadır. Məsələn, biz Bakıda yaşayırıq və mən görürəm ki, orijinal məhsullar Naxçıvanda olur. Çünki onlar tərkibində geni modifikasiya olunmuş məhsullar deyillər. Tamamilə təbii, eyni zamanda turizm, sağlamlıq baxımından ekoloji təmiz məhsullardır. İstər buradakı mineral sular, istər Duzdağın duzu, Naxçıvanın göycəsi, məşhur balı, balığı, mürəbbələri hər kəs tərəfindən çox bəyənilir. Dostlar, tanışlar bütün bunların mütləq Naxçıvandan gətirilməsini xahiş edirlər. Bu da turizm potensialını göstərən əsas amillərdəndir”.
Sevil Mikayılova – “Azərnews” qəzetinin baş redaktoru: “Naxçıvan haqqında təəssüratlarım həddindən artıq böyükdür. Bu torpağa ilk dəfə qədəm qoyanda şəhər və kəndlərdəki təmizlik, səliqə-sahman, həqiqətən, məndə xoş təəssüratlar yaratdı. Sanki tamamilə başqa bir aləmdəyəm. Naxçıvanın görməli yerlərinə səfər etdik, hərtərəfli inkişafının şahidi olduq. Açıq ürəklə deyirəm ki, Naxçıvan böyük turizm mərkəzinə çevriləcək qədər potensiala malikdir. Duzdağ Azərbaycanda və dünyada analoqu olmayan bir məkandır. Hər bir jurnalist ölkəmizdə və dünyada Duzdağı təbliğ etməli, Azərbaycanın belə möcüzəli yerinə turist cəlb etməlidir. Naxçıvanın tarixi yerlərində qədimlik və ululuq var. Bir sözlə, gördüklərim onu deməyə əsas verir ki, Naxçıvan nümunəvi bir məkandır və məhz bu aspektdən parlaq gələcəyə malikdir”.
Sevinc Seyidova – “Həftə içi” qəzetinin baş redaktoru: “Naxçıvanın təbliğatı ilə məşğul olmaq lazımdır. Çox istərdim ki, gələcəkdə digər jurnalist heyəti də bura gəlsin. Onlar da Naxçıvanla tanış olsunlar. Və yaxud da Naxçıvanla, onun görməli yerləri, inkişafı ilə bağlı yazı müsabiqəsi elan olunsun. Muxtar respublika bir çox cəhətdən – aparılan quruculuq işləri, tarixi-mədəni irsi, zəngin mədəniyyəti, mətbəxi, təbiəti, təmizliyi və sair ilə nümunədir. Güman edirəm ki, həm jurnalist, həm də bir vətəndaş olaraq blokada şəraitində yaşayan Naxçıvanın müasir inkişafını, turizm potensialını təbliğ etmək hər kəsin borcudur. Mən Naxçıvanda gördüklərimdən qürur duyuram. Bura Azərbaycanın döyünən ürəyi, düşünən beynidir”.