Yasamal rayonundakı Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi Fidan İbrahimova:
– Möminə xatın türbəsi, Xan sarayı, Ordubad və Şahbuzun əsrarəngiz təbiəti və gözəlliyi məni valeh etdi. Biz Naxçıvanın möcüzəli təbiəti, qədim tarixi, inkişaf edən bölgələri və bu il ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvan şəhəri ilə yaxından tanış olduq. Muxtar respublika paytaxtı həqiqətən də çox gözəl, təmiz və gözoxşayan bir şəhərdir.
Səbail rayon 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinif şagirdi Həvva Yusifova:
– Çox sevinirəm ki, doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvandayam. Muxtar respublikanın gəzməli-görməli yerləri, tarixi abidələri haqqında əvvəllər də çox məlumatım olub. Ancaq necə deyərlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Burada olduğum üç gün ərzində Naxçıvanın tarixi keçmişinə dair çox şey öyrənmişəm.
Şahbuz rayonunda olarkən buranın zəngin flora və faunası ilə də tanışlıq imkanımız oldu. Bu bölgənin təmiz havası, çox gözəl təbiəti var. Naxçıvan səfərimiz mənim və dostlarımın Vətən, yurd sevgisini daha da artırdı. Bu səfər bizim həyatımızda unudulmaz xatirəyə çevriləcəkdir. Buna görə də yoldaşlarım adından dövlətimizə öz minnətdarlığımı bildirirəm.
Yasamal rayon 20 saylı tam orta məktəb-liseyin 10-cu sinif şagirdi Nizami Xəlilov:
– Bu cür tur-aksiyaların təşkil olunması şagirdlərin dünyagörüşünün, biliklərinin artırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Biz tarix dərsliklərindən Naxçıvanın qədim tarixə malik olduğunu oxumuşduq. Amma buradakı tarixi və mədəni abidələri ziyarət edərək bunu əyani şəkildə görmək və ətraflı məlumat toplamaq imkanım olduğu üçün özümü xoşbəxt hiss edirəm. Naxçıvan qədim tarixi abidələrlə zəngin bir diyardır. Naxçıvanın gözəl təbiəti və çox qonaqpərvər insanları var. Biz məktəblilər üçün bu tur-aksiyanın təşkil olunmasına görə Prezidentimizə məktəblilər adından minnətdarlığımı bildirirəm.
Naxçıvan Dövlət Universiteti və Heydər Əliyev adına Hərbi Liseylə tanış olarkən bu təhsil ocaqlarındakı şərait mənim diqqətimi cəlb etdi. Çalışacağam ki, gələcəkdə qəbul imtahanlarında yüksək bal toplayaraq mən də Naxçıvandakı ali təhsil müəssisələrinin birində oxuyum.
Binəqədi rayon 267 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tamerlan Xanbəyov:
– Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanı gəzib, tarixi abidələrlə tanış olub, dəyərli məlumatlar toplayırıq. Mənim üçün ən maraqlısı isə Batabat Astrofizika Rəsədxanası ilə tanışlıq oldu.
Rəsədxanada olmaq mənim çoxdankı arzum idi. Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq da çox maraqlı idi. Duzdağ Fizioterapiya Mərkəzi özünün təbii şəfa mənbəyi olması ilə dünyanın nadir yerlərindən biridir. Mən çox sevinirəm ki, Duzdağla yaxından tanış ola bildim. Naxçıvanı yaxından tanımaq üçün biz məktəblilərə yaradılan bu gözəl imkana görə, şagird yoldaşlarım adından minnətdarlığımı bildirirəm.
Xətai rayonundakı Humanitar Təmayüllü Liseyin 11-ci sinif şagirdi Gülçin Hacıyeva:
– Həqiqətən də, ölkəmizin hər bir guşəsi gözəldir. Naxçıvanın gözəlliyi isə bənzərsizdir.
urada tarixlə müasirlik gözlər önündə canlanır. Naxçıvanda olduğumuz iki gün ərzində bir çox tarixi-mədəni abidələrlə tanış olmuş, dəyərli məlumatlar toplamışıq. Ordubad və Culfa rayonlarının ərazisindəki tarixi abidələr tarixi keçmişimiz haqda məndə çox böyük təəssürat yaratdı. Gülüstan abidəsi haqqında indiyədək bilmədiyim çox məlumatlar əldə etdim. Sevinirəm ki, Bakıya qayıdanda öz yoldaşlarıma deməyə çox sözüm olacaq. Bütün şagirdlər adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Nəsimi rayon 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid Əliyev:
– Əmir Teymurun qoşunlarına 14 il müqavimət göstərən, Azərbaycanın əyilməzlik və mübarizlik simvolu olan Əlincəqalada olmaq mənim üçün qürurverici idi. Burada öyrəndik ki, Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində, eləcə də Azərbaycan xalqının azadlıq mübarizəsində əvəzolunmaz rol oynayıb. “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi qədim tariximizin yaşadılması baxımından çox vacibdir.
“Bu cür tur-aksiyaların təşkil olunması hər bir məktəbli üçün əla fürsətdir”, – deyən Fərid Əliyev vurğuladı ki, biz şagirdlər Azərbaycanın tarixi dövlətçiliyinin beşiyi olan muxtar respublika ilə tanış olmaqla, həm də qədim tariximizi və mədəniyyətimizi daha yaxından öyrənmək imkanı qazanırıq.