"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Bakı şəhər məktəblilərinin Naxçıvan haqqında təəssüratları

Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytən Kələşova: – Artıq iki gündür ki, mən və digər məktəbli yoldaşlarım ölkəmizin bu əsrarəngiz guşəsinin qonağıyıq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının gəzməli-görməli yerləri, mədəniyyət və təhsil müəssisələri ilə tanış olduq, tarixi və təbiət abidələrini yaxından gördük. Buraya gəldikdən sonra Naxçıvanın, həqiqətən də, gözəlliklər diyarı olduğunun əyani şahidi oldum. Onu da gördüm ki, burada bizi qarşılayan, qayğımıza qalan insanlar mehriban, qonaqpərvər və səmimidirlər. Bu, məni və yoldaşlarımı çox sevindirdi. Yaradılan imkanlara görə minnətdarlığımı bildirirəm.

 

 

Nərimanov rayon 47 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirağa Əsgərli: – Ölkəmizin qədim diyarı, dahilər yurdu Naxçıvanda olduğum qısa müddət ərzində buranın zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə etdim. Tur-aksiyanın birinci günü “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, sonra isə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin, Məmməd Səid Ordubadinin və akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyləri ilə yaxından tanış olduq. Bu, digər şagird yoldaşlarım kimi məndə də böyük təəssürat yaratdı. Culfa rayonundakı möhtəşəm tikili, xalqımızın şücaət və qəhrəmanlıq rəmzi sayılan Əlincə­qala isə bizi hədsiz dərəcədə heyrətləndirdi. Öyrəndim ki, çoxəsrlik tariximizi özündə yaşadan bu abidə yenidən bərpa olunaraq xalqa qaytarılıb. Düşünürəm ki, Əlincəqalanın bərpası tarixi keçmişimizə verilən önəmin ifadəsidir. Bu cür tur-aksiyaların təşkil edilməsi isə biz gənclərin tariximizlə, mədəniyyətimizlə daha yaxından tanış olması üçün böyük fürsətdir. Bu işdə əməyi keçən hər kəsə minnətdaram.

Xəzər rayon 125 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Məmmədova: – “Ölkəmizi tanıyaq” devizi ilə keçiriləcək maarifləndirici tur-­aksiyada iştirak edəcəyimi, bu aksiya çərçivəsində Naxçıvanda olacağımı eşidəndə çox sevinmişdim. Buraya gəldikdən sonra isə sevincim daha da artdı. Çünki ölkəmizin bu guşəsi haqda ətraflı məlumat əldə etdim, çoxlu gözəl yerlərdə oldum. Həqiqətən də, Naxçıvanın hər bir guşəsi çox maraqlıdır. Bizim üçün ayrılan rahat avtobuslarda saatlarla gəzsəm də, yorulmadım. 

Bundan başqa, burada çox sayda həmyaşıdlarımla da tanış olmaq imkanı əldə etdim. Onlarla yaxşı vaxt keçirir, gördüklərimiz və öyrəndiklərimiz barədə danışırıq. Bir sözlə, Naxçıvanla tanışlığım mənim üçün çox faydalıdır. Sevinirəm ki, qayıdanda dostlarıma deyəcək çox sözlərim olacaq. Bizə bu fürsəti yaratdığına görə dövlətimizə minnətdarıq.


Suraxanı rayon 101 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rüfət Zəkiyev: – Naxçıvanda olduğum iki gün ərzində buradakı səliqə­-sahman, təmizlik çox xoşuma gəldi. Naxçıvan şəhəri çox gözəldir. Binalar göz oxşayır. İnsanlar səmimi və mehribandırlar. 

Diqqətimi ən çox çəkən isə Naxçıvandakı ali təhsil müəssisələri oldu. Muxtar respublikada yüksək ali təhsil almaq üçün hər cür şərait var. Çox istərdim ki, məktəbi qurtarandan sonra ali təhsilimi məhz Naxçıvanda davam etdirim. 

Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdə də olduq, müəllim və şagirdlərlə söhbət etdik. Məktəbin elektron lövhəli sinif otaqları, idman zalı, kompüter otaqları, zəngin kitabxanası ən müasir səviyyədədir. Sevinirəm ki, həmyaşıdlarım gözəl imkanlara malik məktəblərdə təhsil alırlar. Bu, biz gənc nəslin gələcəyinə verilən böyük önəmin ifadəsidir. Ümumiyyətlə, Naxçıvanda olduğum iki gün məndə yüksək əhval-ruhiyyə yaratdı, çox məlumatlar öyrəndim. Çəkilən zəhmətə görə minnətdaram.

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: