"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda IV “Göycə” festivalı keçirilib

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində IV “Göycə” festivalı keçirilib.

Festivalın açılışında tədbirin aparıcıları qeyd ediblər ki, qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dad-tamına, bərəkətinə çevrilib. Bütün bunlara görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Diyarımızda hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dad-tamı ilə seçilən, yalnız Naxçıvanda bitən bir meyvə də vardır ki, o da göycədir. Bu meyvənin tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif sortları yetişdirilir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyev çıxış edərək deyib ki, elmə Naxçıvan göycəsi sortunun xalq seleksiyası yolu ilə yaradıldığı məlumdur. Göycə sortunun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə uyğun olaraq adlandırılıb. O, muxtar respublikada yazda ilk yeyilən meyvələrdən biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən, Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit vardır. Çoxillik göycə ağacları 10-25 il normal məhsul verir, hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplanılır. Naxçıvan göycəsi, adətən, yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Albuxara ağacına calaq yolu ilə yetişdirilən göycə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə göycə ağacları uzunömürlü olur.

Varis Quliyev muxtar respublikada meyvəçiliyin inkişafına göstərdiyi diqqət və qayğıya görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ­minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında səsləndirilən şən mahnı və rəqslər alqışlarla qarşılanıb.

Qeyd edək ki, festivala muxtar respublikanın şəhər və rayonlarından 234 fərdi təsərrüfat nümayəndəsi tərəfindən 18 tondan çox göycə gətirilmişdi. Festivalda göycədən hazır­lanan mürəbbə, cem, əzmə, kompot və araqların sərgi və satışı da təşkil edilmişdi.

Festivalda ailə təsərrüfatı sahibləri ilə həmsöhbət olduq. Əvvəlcə Babək rayonu üçün ayrılmış pavilyona üz tuturuq. Rayonun Nehrəm kənd sakini Vəfadar Eyvazov bildirdi ki, artıq dördüncü ildir, bu festivala məhsul çıxarır. Keçən il yaxşı qazanc əldə etdiyi üçün bu il daha çox göycə gətirib. Festivalda 200 kiloqram göycənin artıq xeyli hissəsini sata bilib. 20 ildən çoxdur ki, göycə təsərrüfatında çalışan sahibkarın həyətində 100-dən artıq göycə ağacı vardır. Ailə təsərrüfatı sahibi gətirdiyi göycə məhsuluna marağın böyük olduğunu söylədi.

Kəngərli rayonundan festivala qatılan Çalxanqala kənd sakini Zaur Həsənov 6 ildir ki, göycə təsərrüfatı ilə məşğul olur. 100 kiloqram məhsulla burada iştirak edən təsərrüfatçı festivalın keçirilməsinin Naxçıvan göycəsinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi. Zaur Həsənov muxtar respublikada meyvəçiliyin inkişafı üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq etdi.

Culfa rayonunun Göydərə kənd sakini Əli Vəliyev festivala 200 kiloqram göycə gətirmişdi. Dedi ki, həyətinin bu məhsulunu hər il bazara da çıxarır. Həyətində 35 göycə ağacı olan 61 yaşlı ailə təsərrüfatçısı 5 ildir, göycə ağacları əkir. Müsahibim festivalın təşkilinin bu məhsulun satışına daha geniş şərait yaratdığını qeyd etdi.

Festivalda iştirak edən xarici ölkə vətəndaşlarının da bu məhsul bayramına böyük maraq göstərdiklərini müşahidə etdik. Naxçıvanda təhsil alan Nigeriya vətəndaşı Joseph Okpamen bildirdi ki, Naxçıvan mənim ikinci evim kimidir. 3 ildir, burada yaşayıram və artıq ikinci dəfədir, “Göycə” festivalına gəlirəm. Göycədən dadan Joseph onun çox dadlı olduğunu, həmçinin göycədən hazırlanan müxtəlif fiqurların maraqlı kompozisiya yaratdığını dedi. 

Festivalda ailəsi ilə birlikdə iştirak edən Türkiyə vətəndaşı Sarp Aktuğ söhbət zamanı bildirdi ki, ikinci ildir, Naxçıvana gəlir. Şəhərin təmiz, insanların mehriban olduğunu deyən müsahibim festivalda iştirak etməkdən məmnunluğunu ifadə etdi: – Naxçıvan torpağının ləziz nemətlərinin bir neçəsindən dadmışıq. Onu da deyim ki, burada yetişən göycənin bambaşqa dad-tamı var. Türkiyədə “erik” adlandırdığımız bu meyvənin qurusu bir çox yeməklərin tərkibinə qatılır. Qiymətlər ürəyimcə olduğuna görə satışa çıxarılan məhsullardan kifayət qədər almışam. 

Festivalda həmsöhbət olduğumuz İran vətəndaşı Süheyla Sulduzlu Naxçıvan şəhərini çox sevdiyini söylədi: – Naxçıvanda dəfələrlə olmuşam. Bu şəhərin sakinləri həm də çox qonaqpərvərdirlər. Keçən gün naxçıvanlı ailə dostumuzun evində qonaq idik. Orada həm göycədən daddım, həm də öyrəndim ki, bu gözəl şəhərdə yenidən “Göycə” festivalı keçiriləcək. Festivalda iştirak etdiyim üçün sevincliyəm. Keçən il festivaldan aldığım göycə məhsulları evdə ailəmiz tərəfindən də bəyənildi. Gördüyünüz kimi, bu məhsullardan yenə də almışam. Piştaxtalarda nümayiş etdirilən məhsullar çeşidi və xüsusi zövqlə qablaşdırılması ilə seçilir, sərfəli qiymətə təklif olunur.

Almaniya vətəndaşı Ahmed Yıldız deyir ki, bir neçə gündür, Naxçıvanda olmağımdan çox məmnunam. Buraya səfərim səhhətimlə bağlı olsa da, boş vaxtlarımdan səmərəli istifadə edir, bu gözəl məmləkətin seyrinə çıxır, onu yaxından tanımağa çalışıram. Buranın ecazkar təbiəti, gözəl, gülərüz, ən əsası isə tarixi keçmişinə dəyər verən insanları var. Hər gün şəhərinizi gəzir, çox gözəl təəssüratlarla geri qayıdıram. Naxçıvan, həqiqətən də, sirli, sehrli bir diyardır. Müasirliklə qədimliyin vəhdəti olan tarixi abidələr, muzeylər insanı valeh edir. Qonaqpərvərlik və səmimiyyətdən söz düşəndə ilk olaraq Naxçıvanı xatırlayacağam.

Çexiya vətəndaşı Peter Jan Drexcer söhbət zamanı bildirdi ki, bu, mənim Azərbaycana ilk gəlişimdir. Bakıda Naxçıvan adlı gözəl, qədim bir diyarın olduğunu eşitdim və buraya gəlməyə qərar verdim. Burada Turizm-İnformasiya Mərkəzində oldum, oranın əməkdaşlarından diyarınız haqqında məlumat aldıqdan sonra muxtar respublikanı gəzməyə başladım. Dünyanın bir çox dövlətlərini gəzmişəm, amma ən böyük, iqtisadi gücü ilə öyünən ölkələrdə belə, muzey ziyarəti üçün mütləq ödəniş etməli olursan. Amma burada muzeylərin və tarixi abidələrin girişi pulsuzdur. Bu, turistlər və yerli sakinlər üçün cəlbedicidir. Naxçıvan şəhərindəki bütün muzeyləri gəzmişəm. Sizə əminliklə deyə bilərəm ki, çox az yerdə qədimdən bu günə qalan köhnə, uçuq abidələr əvvəlki görkəminə qaytarılıb və qorunub muzeyə çevrilib. Bu, çox böyük bir dəyərdir. Burada ən çox diqqətimi çəkən isə dini tolerantlıq oldu. Yurdunuz islami dəyərlərlə zəngindir. Məscidləriniz çox gözəldir, onları da sərbəst şəkildə ziyarət etdim.

Bugünkü festival isə, bir sözlə, möhtəşəmdir. Hansı pavilyona yaxınlaşdımsa, səmimiyyət, qonaqpərvərlik gördüm. Hər bir sakin, satıcı, ya da alıcı məni bu dadlı məhsula qonaq olmağa dəvət etdi. Sirli dünyanın bu qədim diyarı haqqında nə qədər tərif desəm, azdır, çünki yaşamağa layiq bir yerdir bura. 

Nisim Bünyatov deyir ki, əslən azərbaycanlıyam, amma 25 ildir, İspaniyada yaşayıram. Vətənimizin bu qədim, gözəl guşəsində bugünkü müasirlik və inkişafı görmək qürurvericidir. Təmiz, səliqə-sahmanlı küçələrdə gecələr də gündüz kimi aydınlıqdır. Sakitlik insanın ruhunu dincəldir. Səsli-küylü böyük şəhərlərdən buraya gəlib dincəlmək, mən deyərdim ki, cənnətdə olmaq kimidir. Yaşıllıqlar, gül-çiçək adamın zövqünü oxşayır. “Göycə” festivalına bir qrup turistlə birgə gəlmişik. Göycənin dadına söz ola bilməz. Bu meyvə Naxçıvan torpağının adı dillərdə gəzən brend məhsuludur. Buradan qayıdanda aparacağım sovqatlar içərisində mütləq göycə də olacaq. 

Qeyd edək ki, festival bazar günü də davam edib və günün sonunda ailə təsərrüfatı sahibləri arasında “Ən yaxşı göycə” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən Naxçıvan şəhəri və Şərur rayonundan müvafiq olaraq İlkin Seyidov və Nazim Abbasov festivalın qalibləri olublar. Babək və Ordubad rayonlarından Vəfadar Eyvazov və Əhəd Məmmədov ikinci, Şərur və Kəngərli rayonlarından Yaqub Həsənov və Rövşən Həsənov isə üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar təqdim edilib. 
Beləliklə, Naxçıvanın min bir təbii sərvətini, mətbəx zənginliyini və süfrə mədəniyyətini, iqtisadiyyatını sərgiləyən ənənəvi festivallardan biri də uğurla başa çatdı. “Ailə təsərrüfatları ili”ndə keçirilməsi ilə də tarixiləşən IV “Göycə” festivalında müxtəlif rayonlardan olan belə təsərrüfatlar mütəşəkkil şəkildə təmsil olunurdu. Bu isə təsərrüfat sahiblərinin sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından bəhrələnərək istehsalları ilə diyarımızın iqtisadi inkişafına xidmət etməyə çalışdıqlarını bir daha təsdiq edir.

 Ramiyyə ƏKBƏROVA
Tural AĞAYEV
 Güntac ŞAHMƏMMƏDLİ
 Pərviz HACILI

 

01081117
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
172
225
1132
8039
1081117

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: