"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan milli dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır

Türk dünyasının qapısı Naxçıvan tarixin bütün dövrlərində seçilən, diqqətçəkən Azərbaycan şəhərlərindən biri olub. Qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik diyarımız dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada dayanıb,  dövlətçilik tariximizə mühüm töhfələr verib. Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvan həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır. Bu şəhərin tarix-mədəniyyət abidələri, xalq yaradıcılığı sahələri – xalça sənəti, bədii tikmələr, milli geyimlər, rəssamlıq, sənətkarlıq, memarlıq və ədəbiyyatı, musiqi ənənələri – milli musiqi alətləri, milli rəqslər, teatr sənəti və digər mədəniyyət nümunələri milli dəyərlərimizin zənginliyindən  soraq verir. 

Milli dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin, milli mentalitetimizin göstəricisidir. 70 il sovet imperiyası milli ruhu, milli düşüncəni qəbul etməsə də, əsrlərin, qərinələrin sorağı olan milli dəyərlərimizi məhv də edə bilmədi. Müstəqilliyimizin mövcud olmadığı dövrlərdə belə, milli dəyərlərimiz unudulmadı. Bu dəyərlərimizin təəssübkeşi ümummilli liderimiz Heydər Əliyev onların bərpası və yaşaması istiqamətində taleyüklü tədbirlər gördü, xalqımızın milli dəyərlərini özünə qaytardı. Ulu öndərimiz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxdı. Görkəmli dövlət xadiminin bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət bu gün ölkəmizdə uğurla davam etdirilir. 

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli dəyərlərimiz qədim diyarımız Naxçıvanda da yüksək diqqət və ehtiramla yaşadılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlərboyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir...” Diyarımızda məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin təbliği, tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir. Xalqımızın milli sərvəti olan abidələrimiz qeydə alınaraq pasportlaşdırılıb, onların bir çoxuna ikinci həyat verilib. Ötən il də Naxçıvan şəhərində xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan abidələr – XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi və XIV əsrə aid Buzxana abidəsinin, Kəngərli rayonunun Şahtaxtı kəndində XIX əsrə aid hamamın bərpa edilməsi Qurucu Rəhbərin milli dəyərlərə sədaqətinin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən ötən dövr ərzində xalq yaradıcılığının yaşadılması, təbliği istiqamətində görülən işlər sistemli xarakter alıb. Folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının geniş tətbiqi, unudulmuş mahnı və rəqslərin bərpası, qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi, diyarımızın ayrı-ayrı bölgələrindən toplanan yallı və saz havalarının nota salınması, xalqımızın tarixini, etnoqrafiya və bədii xüsusiyyətlərini özündə əks etdirən milli mətbəx nümunələrimizin təbliği həyata keçirilən tədbirlər sırasındadır. Son dövrlərdə məktəbdənkənar təhsil müəssisələrində yaradılan Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq və digər innovativ dərnəklər uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır, eyni zamanda bu dərnəklərdə onlara milli dəyərlərimizə hörmət aşılanır. Həmçinin yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə onların diyarımızdakı muzeylərə mütəmadi olaraq ekskursiyalarının təşkil edilməsi milli dəyərlərimizin öyrənilməsində, yaşadılmasında vacib rol oynayır.

Milli dəyərlərimizin qorunmasının bir göstəricisi də Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Milli Dəyərlər Muzeyidir. Muzey 2019-cu il sentyabr ayının 23-də fəaliyyətə başlayıb. Milli dəyərlərimizin qoruyucusu və təbliğatçısı rolunda çıxış edən muzey üç ekspozisiya zalından ibarət olmaqla, 236 eksponatı özündə saxlayır. Muzeyin girişində diqqəti cəlb edən ulu öndərimiz Heydər Əliyevin “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz...” kəlamı hər birimiz üçün həmişə dəyərli və aktualdır. Ekspozisiyanın birinci guşəsində suverenliyimizin rəmzi olan dövlət bayrağımız, müstəqilliyimizin və birliyimizin rəmzləri sayılan dövlət gerbi və dövlət himnimizin mətni özünə yer alıb. Muzeydə “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Əlincəqala”, “Naxçıvan Duzdağı” və digər kitablar muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri haqqında xeyli informasiya verir. Xalqımızın mədəniyyət tarixini öyrənmək üçün qiymətli mənbələrdən olan milli geyimlər muzeyin yaraşığıdır, – desək yanılmarıq. Rəngarəng, növbənöv geyimlər ekspozisiyaya xüsusi rəng qatmaqla muzeyə gələn qonaqların da diqqətini cəlb edir. Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına şərait yaradıb. Arxalıq, küləcə, köynək, tuman, çəpkən Naxçıvanın qədim geyimləri olub. Naxçıvanlıların ənənəvi kişi geyimlərinin hazırlanmasında mahuddan və ev şəraitində toxunan şal parçadan, qadın geyimlərində isə məxmər və ipəkdən istifadə olunub. Kişilər, adətən, üst geyimlərindən sayılan şalvar, çuxa, arxalıq geyinər, başlarına papaq, əmmamə qoyar, bellərinə bağlamaq üçün qurşaq, kəmər, toqqa, qayışdan istifadə edərdilər. Qadın üst geyimləri içərisində çəpkənlər, küləcə arxalıq, baş geyimlərində yaylıq, kəlağayı, araqçın seçilirdi. Milli geyimlər guşəsində nümayiş olunan müxtəlif qadın və kişi geyimləri, həmçinin döyüşçü libası XIX-XX əsrlərdən soraq verir. Birinci otağın milli mətbəx guşəsində sənətkarlıq xüsusiyyəti ilə diqqəti cəlb edən əşyaları görürük. Mis, dəmir və gildən hazırlanan bu mətbəx nümunələri içərisində kuzə, səhəng, dolça suyun daşınması və saxlanmasında, mis məcməyilər, xüsusilə milli bayramımız Novruzda paxlava bişirilməsində, digər saxsı qablardan isə müxtəlif yeməkləri bişirərkən və ya saxlayarkən istifadə edilirdi. Dəyərli sənətkarlıq nümunələri olan keramika məmulatları muzeyin incə, zərif eksponatları sırasında yer alır. Sənətkarlığın ən qədim sahələrindən biri olan bədii keramika məmulatları, boyalı qablar müəyyən vaxtlarda sadə həndəsi və nəbati motivlərlə işlənib, insanların qədim inanclarını, dünyagörüşünü özündə əks edir.

Musiqi irsimiz və incəsənətimizin təbliğ edildiyi ikinci otaqda eksponatlar sırasında tablolar və musiqi alətləri diqqəti çəkir. Bu otaqda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov tərəfindən hazırlanan tablolar muzeyə fərqli rəng qatır. “Xalçaçı qız” tablosu özünəməxsus üslub tərzi ilə seçilir. Milli dəyərlərimizi özündə yaşadan xalçaçılıq sənəti ta qədimdən Naxçıvanda yaranıb və inkişaf edib. İnsanların düşüncə tərzini, tarixini özündə cəmləşdirən, ana və nənələrimizin əl əməyi, göz nuru olan Naxçıvan xalçaları işlənmə texnikası və bədiiliyinə görə seçilib və nəsildən-nəslə ötürülüb.

Milli sənətkarlıq guşəsində sərgilənən muğam üçlüyü – milli musiqi alətlərimiz olan tar, kamança və qaval Ali Məclisin Sədri tərəfindən muzeyə hədiyyə edilib. Bu guşədə yallı səhnəsinin təsvir olunduğu misgərlik nümunəsi və rəngarəng xalı göz oxşayır. Otaqda musiqi alətlərimizdən zurna, ney, tütək nümayiş olunur. Sonuncu otaqda xəncərlər, xalça, ayna, beşik əsas eksponatlardandır. Burada bəzək əşyası kimi istifadə olunan çəçik, ay-ulduzlu sırğa kimi zərgərlik nümunələri yer alıb. Keçmişdə qadın bəzəklərinin böyük əksəriyyətini boyun və sinə bəzəkləri təşkil edirdi. Çəçik bəzək elementlərinin sayına, qəlibkarlıq nümunələrinin bir neçə qatda halqalarla birləşdirilərək cərgəvi surətdə düzülüşünə, harmonik görünüşünə görə misilsiz və kamil zərgərlik nümunəsi olub, əsasən, qızıldan hazırlanır və üzəri qiymətli daşlarla bəzədilirdi.

Burada Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun “Dulusçu dünyası” adlı rəsm əsəri qədim peşə növü olan dulusçuluqla məşğuliyyətin gözəl ifadəsidir. Gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı olan bu peşə ilə əvvəlcə, əsasən, qadınlar məşğul olub, daha sonra bu sahə texnikanın inkişafı ilə müstəqil sənət sahəsinə çevrilib. Muzeydə nümayiş olunan beşik isə ailə ənənələrinin təsviri kimi diqqətəlayiqdir. Ənənəvi ağacişləmə sənətinin nümunələrindən biri sayılan beşik ailə-nikah münasibətlərində, uşağın saxlanmasında mühüm əhəmiyyət daşıyırdı. Keçmişdə körpələr üçün beşik və nənni ən ümdə məişət vasitələri sayılmaqla, nəsildən-nəslə keçir, atanın, ananın körpə vaxtı saxlandığı beşikdən övladları da istifadə edirdi.

Milli Dəyərlər Muzeyində hər eksponatın zəngin tarixi var. Bu muzeydə Dədə Qorqud, Əcəmi, qədimdə xalqımızın məşğul olduğu müxtəlif sənətkarlıq sahələrinin izlərinə rast gələcək, milli musiqimiz, geyimlərimiz, rəqslərimiz, mətbəx nümunələrimiz, bir sözlə, milli dəyərlərimizi özündə yaşadan dəyərli eksponatlarla tanış olacaqsınız. Bir daha bu Vətənin, bu xalqın övladı olmaqdan qürur duyacaqsınız. Vətəni sevmək də elə milli-mənəvi dəyərləri sevmək, Vətənə bağlılıq bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, ailəyə bağlılıq deyilmi? Odur ki, hər birimiz milli dəyərlərimizi unutmamalı, onu yaşatmalı və qorumalı, ondan bəhrələnməliyik.

Güntac ŞAHMƏMMƏDLİ

"Şərq qapısı" qəzeti

25.02.2021

01081129
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
184
225
1144
8051
1081129

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: