"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstehsalat təcrübəsi muzeylərdə davam etdirilib

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş  “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələrin 22-30 noyabr  2021-ci il tarixlərdə Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyaları təşkil edilmişdir. İlk olaraq tələbələr Heydər Əliyev Muzeyində olmuşlar. Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  Sədrinin  1999-cu il fevralın  18-də  imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir. 

Növbəti gün Naxçıvan Dövlət Xalça Muzeyinə ekskursiya zamanı tələbələr ekspozisiyada  nümayiş olunan  bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta və dəmir həvələr, kirgitlər, ilmə bıçağı və digər eksponatlarla yaxından tanış olmuşlar.

Sonra Milli Dəyərlər Muzeyində istehsalat təcrübələrini davam etdirən tələbələrə, bələdçi bildirmişdir ki, muxtar respublikamızda milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. 3 ekspozisiya zalından ibarət olan muzeydə xalqımızın qədim dövrlərdən istifadə etdiyi milli geyimlər, musiqi alətləri, mətbəx və məişət əşyaları, sənətkarlıq nümunələri, həmçinin milli dəyərlərlə bağlı kitab və videomateriallar nümayiş olunur.

Cəmşid Naxçıvanski Muzeyində olan tələbələrə muzeyin guşələri və nümayiş etdirilən çoxsaylı eksponatlar haqqında ətraflı məlumat verilib. Sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, nümayiş olunan orden və medallar, müxtəlif sənədlər, məktub və əlyazmalar, Cəmşid Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar tələbələr tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Dövlət Tarix Muzeyində tələbələrə məlumat verilib ki, muzey 1924-cü ildə Tarix-Etnoqrafiya Muzeyi kimi fəaliyyətə başlayıb, ötən müddət ərzində özünəməxsus inkişaf yolu keçib. Muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Bir neçə şöbədən ibarət olan muzeydə müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Eyni zamanda muzeydə memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçı­lıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri sərgilənir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində bələdçi tərəfindən tələbələrin diqqətinə çatdırılıb ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 1 ekspozisiya zalından, Nuh Peyğəmbərin məzarüstü türbəsindən, yeraltı sığınacaq – mağara hissədən ibarətdir.

Eekskursiya zamanı ekspozisiya zalında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilərək bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minillik, eramızdan əvvəl IV-III minilliyə aid daş əmək alətləri, daş baltalar, daş gürzlər, dən daşları, həvəng və dəstəklər məişətdə geniş istifadə olunmaqla yanaşı, duz mədənlərində duz sallarının parçalanmasında, nisbətən irihəcmli daş əmək alətləri isə tunellərin qazılmasında istifadə olunmuşdur.

Qeyd olunub ki, muzeydə nümayiş olunan məzarüstü sənduqələr XV əsrə aid olub, indiki dövrdə sinədaşı sayılır. Məzarüstü başdaşları və sənduqələrin üzərində xalqımızın inancları, dini təsəvvürləri, həyat və ölüm haqqında düşüncələri əks olunub.
Ekspozisiyada XVIII-XIX əsrlərə aid milli geyim nümunələri, xalçalar, məfrəş, odlu və soyuq silahlar, mis məişət əşyaları, saxsı su borusu və quyu qapaqları tələbələr tərəfindən maraqla qarşılanıb.

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olan tələbələrə muzey haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki,    Xan Sarayı XVIII əsrin sonlarında tikilmişdir. 8 ekspozisiya zalından ibarət olan muzeydə 2500-dən çox eksponat var. Tələbələr burada nümayiş olunan arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi ilə tanış olmuşlar. Kompleksə daxil olan Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey haqqında da tələbələrə məlumat verilmişdir.

Sonda tələbələri maraqlandıran suallar muzeylərin bələdçiləri tərəfindən cavablandırılmışdır.

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: