"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Yaponiyanın H.I.S Group turizm şirkətinin nümayəndəsi Takahashi Shinsuki Naxçıvan Muxtar Respublikasına səfər etmişdir

2­-3 dekabr 2021 ci il tarixlərdə Yaponiyanın H.I.S Group turizm şirkətinin nümayəndəsi Takahashi Shinsuki Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfərin məqsədi Yaponiyanın Tokio şəhərində açılacaq Azərbaycanın Ticarət Ofisində Naxçıvan Muxtar Respublikasının da turizm potensialının təbliğ edilməsi üçün muxtar respublikanın turizm baxış obyektləri və tarixi şərabçılıq ənənələri ilə tanışlıq idi.

Bu səfər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə həyata keçirilmişdir. Səfər çərçivəsində Takahashi Shinsuki Naxçıvan Biznes Mərkəzi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Duzdağ Mehmanxanası və Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Şahbuz Dövlət Təbiət Qoruğu, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi,  Gəmiqaya “Meyvə Məhsulları” MMC-də istehsal olunan şərab məhsulları, Culfa rayonunda yerləşən üzüm plantasiyaları ilə tanış olmuş, həmçinin Kəngərli rayon Çalxanqala kəndində şərabçılıqla məşğul olan  fərdi təsərrüfat subyektləri ilə görüş keçirmişdir. Səfər müddətində Departamentin əməkdaşları qonağa bələdçilik etmiş və gedilən turizm obyektləri, həmçinin muxtar respublikadakı şərabçılıq  haqqında geniş məlumat vermişlər.

Muxtar respublikada istehsal olunan şərab məhsulları ilə tanış olan Takahashi Shinsuki bildirmişdir ki, Kəngərli rayonunun Çalxanqala kəndindəki “Mələyi” və Culfa rayonunun Darıdağ ərazisində  yetişdirilən “Rasa” üzüm növləri dünyada ən qədim üzüm sortlarındandır. Həmçinin qeyd etmişdir ki, buradakı şərabların bu qədər dadlı olması məhz bu üzüm növlərindən istifadə və burada şərabların qədim üsullarla hazırlanmasıdır. Qonaq bildirmişdir ki, bu şərablar Yapon xalqı tərəfindən bəyəniləcək dada malikdir.

Naxçıvan Muxtar Respublikasının turizm obyektlərinə səfər edən qonaq muxtar respublika, xüsusilə də onun daha çox diqqətini çəkən Duzdağ Fizioterapiya Mərkəzi haqqında Yaponiyanın ən böyük turizm şirkətlərindən biri olan H.I.S Groupda öz müsbət təəssüratlarını bölüşəcəyini qeyd etdi. Həmçinin muxtar respublikanın təbiətinə valeh olan qonaq yay fəslində də yenidən bura səfər edəcəyini bildirdi.

01081504
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
44
93
1519
8426
1081504

Tarix: 29-12-2024
Biz, sosial şəbəkələrdə: