"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Beynəlxalq sərgilərin turizmdə rolu” mövzusunda seminar keçirilmişdir

10 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti  tərəfindən muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə “Beynəlxalq sərgilərin turizmdə rolu” mövzusunda seminar keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirmişdir ki, 25 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin də qarşısına bir sıra tapşırıqlar qoyulmuşdur ki, bunlardan biri də turizm müəssisələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsidir. Verilmiş tapşırığın icrası ilə əlaqədar olaraq, bugünkü tədbirimizin məqsədi dövlət və özəl sektor arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsindən, xarici ölkələrdə keçiriləcək beynəlxalq turizm sərgilərində mehmanxanaların, turoperatorların və digər turizm xidmətləri göstərən müəssisələrin iştirakına dəstək verməkdən ibarətdir. Məruzəçi qeyd etmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Bunun nəticəsidir ki, son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi-memarlıq abidələrinin yenidən bərpa olunması, müasir turizm obyektlərinin yaradılması, müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi, müxtəlif festivalların təşkil olunması regionda turizmin inkişafına əsaslı təsir etmiş və muxtar respublikaya gələn turistlərin sayının günü-gündən artmasına səbəb olmuşdur.

Vurğulanmışdır ki, beynəlxalq aləmdə muxtar respublikanın tanıdılması, turizm imicinin formalaşdırılması,  turizm potensialının səmərəli təbliği və reklamı baxımından böyük əhəmiyyət kəsb edən sərgilərdə muxtar respublikanın iştirakı, qarşıya qoyulan məqsədə çatmaq üçün ən vacib vasitələrdəndir. Bu baxımdan muxtar respublikamızın son illərdə iştirak etdiyi sərgilərin coğrafiyası genişlənir, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti, həmçinin özəl şirkətlər və mehmanxanalar səviyyəsində beynəlxalq sərgilərdə təmsil olunur. Sərgilər zamanı respublikamıza olan marağın ildən-ilə artmasının şahidi oluruq. Sərgilərdə iştirak etmək xarici turistlərin muxtar respublikaya cəlb edilməsi məqsədi daşıyır. Bu da dövlət büdcəsinə daxil olmaların artması ilə yanaşı, xeyli vətəndaşın işlə təmin olunması deməkdir.

Məruzəçi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaratmışdır. 

  Müasir dövrdə turizm sahəsində təbliğatın aparılmasında internet resurslarından geniş istifadə olunur. Muxtar respublikada bütün yaşayış məntəqələrinin sürətli internetlə təmin olunması mövcud turizm potensialının təbliği və tanıdılması sahəsində geniş imkanlar açır.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində muxtar respublikaya turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Həmçinin turistlərin məlumatlılığının artırılması məqsədilə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən turizm obyektləri ilə məlumat mübadiləsi aparılır, muxtar respublikanın turizm potensialı haqqında məlumatlar ölkəmizdə və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxanaların və turoperatorların elektron poçt ünvanına göndərilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli çıxış edərək slayd vasitəsilə beynəlxalq sərgilərin turizmdə rolu haqqında iştirakçılara geniş məlumat vermişdir. Bildirmişdir ki, səyahət və turizm sənayesi qlobal miqyasda ən böyük və ən gəlirli sahələrdən biridir. Belə böyüyən və gəlirli sənayedə rəqabət aparmaq üçün marketinq strategiyasını düzgün analiz etmək lazımdır. Səyahət sənayesi və səyahətçilərin davranışı dəyişdiyi kimi, bizim turizm məhsulu və xidmətlərimizin bazara çıxarma tərzimizin də dəyişməsinə ehtiyac var. Və burada turizm marketinqi işə düşür. Turizm marketinqi turizm sənayesi daxilində müəssisələrin istifadə etdiyi müxtəlif marketinq strategiyalarına verilən ümumi addır. Turizm marketinqinin məqsədi biznesi tanıtmaq, onu rəqiblərdən fərqləndirmək, müştəriləri cəlb etmək və brend şüurunu yaratmaqdır. Qeyd etmişdir ki, sərgilər öz ölkələrindən kənarda, beynəlxalq arenada da fəaliyyət göstərmək istəyən bizneslər üçün böyük kütlələrə və yeni bazarlara çatmağın ən əlverişli yollarından biridir. Sərgilər bu cür düşünən bir çox müəssisəni və yerləşdiyi sektora yön verən, formalaşdıran markaları bir araya gətirir. Kiçik, orta və iri sahibkarlar sərgilər sayəsində bir-birlərini tanıyır və əlaqələr qururlar. Bunun nəticəsidir ki, onlar  beynəlxalq arenada rəqabətdə digər müəssisələrə nəzərən üstünlüyə malikdirlər. Məruzəçi çıxışının sonunda sərgilərin şirkətlərə və ziyarətçilərə təklif etdiyi fürsət və faydalarını slayd vasitəsilə iştirakçılara çatdırmışdır.

Sonra “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin direktor müavini Nəriman Qasımov çıxış edərək bildirmişdir ki, turizm sektorunda beynəlxalq qarşılıqlı əlaqə yaratmağa imkan verən turizm sərgiləri turizmin təbliğatı üçün əhəmiyyətlidir. Beynəlxalq turizm sərgiləri turizm potensialının tanıdılmasında, yeni müştərilərin qazanılmasında, ölkələr arasında ticarət və mədəni əlaqələrin inkişafının təmin edilməsində mühüm yer tutur. Məruzəçi sərgilərdə effektiv satış etmək üçün nəzərə alınmalı olan məsələlər haqqında iştirakçılara məlumat vermişdir.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

01073827
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
148
448
749
1073827

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: