"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrə “Peşəkar bələdçi” təliminin I və II modulları keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə 6 və 7 aprel 2023-cü il tarixlərində “Peşəkar bələdçi” təliminin I və II modulları keçirilmişdir. Təlimlər Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Süleyman Rüstəmov tərəfindən keçirilmişdir. Təlimin I modulunda məruzəçi bildirmişdir ki, keçirilən təlimlərin əsas məqsədi peşənin imicini artırmaq, bu sahə üçün yeni insan resurslarını müəyyənləşdirmək və tələbələrə bələdçilik fəaliyyətinin mahiyyətini aşılayaraq peşəni sevdirməkdən ibarətdir.
Təlimçi tələbələrə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, bələdçilik fəaliyyəti yeni qəbul olunmuş “Turizm haqqında qanun”un müvafiq maddəsi ilə tənzimlənən sahəyə çevrilmişdir.

Bildirmişdir ki, muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etməkdədir. Bu qədim diyar artıq beynəlxalq turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Bələdçi - ölkəyə gələn turistləri yüksək səviyyədə qarşılayıb, yola salan şəxsdir. Onlar turistlərin qarşılaşacağı yerli əhalinin ilk və bəzən yeganə təmsilçiləridir.

Məruzəçi vurğulamışdır ki, məqsədimiz bu modulu tamamladıqdan sonra tələbələrin turizm-ekskursiya işinin təşkilində yüksək səviyyədə bilik və bacarıqlara yiyələnməsidir. Modulumuzun I təlim nəticəsini mənimsəyən tələbə bələdçilik sənətinin tarixini, mahiyyətini və bələdçilik peşəsi ilə bağlı huquqi-normativ sənədləri biləcək, bələdçilik peşəsinin bu gününü və keçmişini uzlaşdırmağı, ekskursiyanın mahiyyətini müəyyən etməyi, peşəkar bələdçi peşəsi ilə bağlı hüquqi normativ sənədləri sadalamağı bacaracaqdır.
Sonra təlimçi tələbələrə bələdçi şəhadətnaməsi almaq üçün prosedur qaydalarını izah etmişdir.
“Peşəkar bələdçi” təliminin II modulu zamanı isə təlimçi ilk öncə ekskursiya-bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında tələbələrə məlumat vermişdir. Bildirmişdir ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya-bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Qeyd etmişdir ki, ekskursiya-bələdçisi obyektləri ekskursant qrupuna nümayiş etdirən və eyni zamanda bu nümayişi metodiki tələblərdən irəli gələn lazımi izahlarla müşayiət edərək ekskursiya keçirən bir şəxsdir. Ekskursiya işinin mərkəzi fiquru - bələdçidir. Bunlardan başqa təlimçi slayd vasitəsilə tələbələrə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqında geniş məlumat vermişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.

01080735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
15
381
750
7657
1080735

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: