"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir

26 aprel 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsi müddətində “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır.

Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada turizm sektoru sürətlə inkişaf etdirilir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır. Zaman keçdikcə təbii amillərin təsirindən böyük dağıntılara və aşınmalara məruz qalan tarix-memarlıq abidələri əsaslı şəkildə bərpa olunaraq əvvəlki görkəminə qaytarılır.

Bunun nəticəsidir ki, son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi-memarlıq abidələrinin yenidən bərpa olunması, müasir turizm obyektlərinin yaradılması, müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi, müxtəlif festivalların təşkil olunması regionda turizmin inkişafına əsaslı təsir etmiş və muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur.
Məruzəçi mehmanxana fəaliyyətinin təşkili, mehmanxanaların növləri, mehmanxana və mehmanxana tipli müəssisələrin qiymətləndirilməsi, bu müəssisələrdə dövlət standartlarının tətbiqi qaydaları, mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyalarının fərqləndirilməsi üçün onların ümumi anlayışı və əsas meyarları, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi sahəsində müəyyən edilmiş prosedurlar və qanunvericiliyin tələbləri haqqında tələbələrə geniş məlumat vermişdir.
Sonra “Saat Meydanı” Hotelinin meneceri Sadiq Məmmədov çıxış edərək hotelinin ümumi fəaliyyəti, xidmət bölmələri arasında münasibətlərin koordinasiyası, turist məmnunluğunu təmin etmək üçün həyata keçirilən tədbirlər, işçi heyətin hazırlığının yüksəldilməsi və qabaqcıl xidmət üslubunun tətbiqi sahəsində görülən işlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hoteldə mövcud olan şərait ən həssas müştərini belə razı salmağa imkan verir.
Çıxışlardan sonra mehmanxananın qəbul-qeydiyyat bölməsində hotel nömrələrini sifariş etmə kanalları, nömrələrin satılması, boş nömrələrin təyin olunması, müştəriyə hesabın təqdim edilməsi, qonaq hotelə gəlməmişdən əvvəl onun nömrəsinin hazırlanması, qonağın qarşılanması, nömrə kartının qonağa təqdim edilməsi, nömrə təqdim etmək üçün zəruri sənədləşmənin rəsmiləşdirilməsi, restoran bölməsində mehmanxana nəzdində turistlərin qidalanmasının təşkili, qonaqların qarşılanması və keyfiyyətli xidmətin əsas qaydaları, banket nümunələri və xidmətin formaları, menyuda yeməklərin ardıcıl düzülüşü, gündəlik hazırlıq, stolun bəzədilməsi və kulinar məhsulların masaya verilməsi qaydaları haqqında tələbələrə məlumat verilmişdir. Həmçinin, mehmanxananın digər şöbə və bölmələrinin fəaliyyəti, qonaqlara göstərilən əlavə xidmətlər, otaqların şəraiti, hoteldə həyata keçirilən təmizlik-dezinfeksiya tədbirləri, nümayiş olunan məlumat lövhələri, transfer xidmətinin təşkili haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılmışdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

01080735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
15
381
750
7657
1080735

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: