"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda təşkil olunan “Kətə” festivalı böyük maraq doğurub

Naxçıvan Muxtar Respublikasında xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. 

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçiril­məsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu sahənin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə muxtar respublikada xalq yaradıcılığı ilə bağlı silsilə tədbirlər təşkil olunur. Aprelin 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edən “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşidli kətə növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətli hadisə olub.

Naxçıvanda keçirilmiş digər festivallarda olduğu kimi, “Kətə” festivalına da maraq böyük idi. Festival günləri havanın da gözəl olmasından istifadə edən naxçıvanlılar dəstə-dəstə Naxçıvanqalaya axın edirdilər. Şənbə günü tədbirin başlanmasına hələ bir neçə saat qalmış festival meydanı qələbəlik idi. Bundan əvvəl Naxçıvanda keçirilmiş “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – bal” festivalları zamanı göstərilmiş yüksək təşkilatçılıq və gülərüz xidmətlərdən məmnun qalmış naxçıvanlılara və şəhərimizin qonaqlarına bu dəfə də geniş məzmunda istirahət, iaşə və konsert proqramları təqdim olunurdu. Festivala gələnlər xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməklərindən biri olan kətənin hazır­lanması və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirdilər.

Qeyd edək ki, qədim dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən şomu kətəsi, qarışıq göyərti kətəsi, çiriş kətəsi, gicitkən kətəsi, balqabaq kətəsi, mərcimək kətəsi, cəviz kətəsi, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazır­lanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Müxtəlif minerallar və vitaminlərlə zəngin olan belə bitkilərdən hazırlanan kətə insan orqanizmi üçün çox faydalıdır. Festivalda həmsöhbət olduğumuz Naxçıvan şəhər sakinlərindən Məftun İsmayılov, Aynur Qulamova, Zeynəb Əliyeva və digərləri burada mənalı istirahət etdiklərini, belə mədəni tədbirlərin onlarda xoş ovqat yaratdığını və həm Naxçıvana gələn turistlərdə, həm də gələcəyimiz olan uşaqlarda milli və mənəvi dəyərlərə maraq oyatdığını bildirdilər. Əslən Xok kəndindən olan Məftun müəllim qeyd etdi ki, əvvəllər ilin bu vaxtlarında kəndimizdə bütün yeməli otlardan kətə bişiriləndə dadından doymaq olmurdu. İndi bu mətbəx ənənələrinin yaşadılmasına görə çox sevinirik. Bu həm də mədəniyyətimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir. 

Qeyd edək ki, festival günləri ərzində kətə və unlu-qənnadı məhsul istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər əhaliyə xidmət göstərib. Həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansamblları, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı, Naxçıvan Aşıqlar Birliyinin aşıqları və “Şərur” Xalq Yallı Ansamblı öz maraqlı çıxışları ilə iştirakçılarda xoş ovqat yaradıb.

01070358
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
2
113
4441
10561
1070358

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: