Aprelin 11-də Naxçıvan Dövlət Film Fondunda 9 aprel “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaranması günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Əkbər Novruzov açaraq bildirmişdir ki, dünyada mövcud olan 300-ə yaxın turizm növlərindən biri də kulinariya turizmidir. Bundan əvvəlki dövrlərdə muxtar respublikada kulinariyanın təbliği sahəsində görülən işlər qeyri-pərakəndə xarekter daşıyırdı. Ancaq son illər bu vəziyyət dəyişilməyə başlayıb. Naxçıvan Muxtar Respublikasında milli mətbəxin təbliğinə ciddi fikir verilir. Bu sahəyə olan diqqət və qayğı sayəsində kulinariya turizmi də inkişaf etməyə başlamışdır. Naxçıvanın özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Naxçıvan mətbəxinin zənginliyi muxtar respublikada kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.
Sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Turkay Səfərzadə çıxış edib. Bildirilib ki, mətbəx mədəniyyəti bu və ya digər bir xalqın incəsənətini, musiqisini, rəqslərini, mahnılarını, düşüncə tərzini, fiziki görünüşünü, geyimlərini, folklorunu, bayramlarını səciyyələndirən başlıca amildir. Naxçıvanın əlverişli-coğrafi şəraiti hələ qədim zamanlarda burada insanların yaşamasına imkan yaratmışdır. Yurdumuzun uzaq qərinələrə gedib çıxan böyük keçmişə və yüksək inkişaf etmiş mədəniyyətə malik olması onun mətbəxində də öz əksini tapır.
Qeyd olunub ki, zəngin tarixə və böyük nailiyyətlərə malik Naxçıvan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Buna görədir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və təbliği məqsədilə 9 aprel 2009-cu ildə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu sərəncam dövlətimizin, ümumilikdə, kulinariya mədəniyyətimizə göstərdiyi qayğıya nümunədir. Naxçıvanda süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib.
Sonda “Naxçıvan mətbəxi” adlı film nümayiş olunub.