Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.
Müasir dünyada turizm sənayesi ən dinamik inkişaf edən və gəlirli sahələrdən biridir. Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı həm də dünyada turizmin inkişaf etdiyi ölkəyə çevirmişdir. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması turizm-kurort sahələrinin inkişafına hesablanmış mühüm addımdır. Ölkəmiz son illər bir çox mədəniyyət, musiqi, idman, turizm və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Eyni zamanda Bakıda böyük uğurla keçirilən I Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Avropa Qran-pri yarışı, IV İslam Həmrəyliyi Oyunları ölkəmizin turizm potensialının təbliğində mühüm rol oynamışdır.
Zəngin tarixi və mədəni irsi, mineral su bulaqları, nadir təbiət abidəsi olan Duzdağ, qədim memarlıq abidələri və özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik olan yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial vardır. Bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır.
Bu gün muxtar respublikamızda 1 milli park, 3 yasaqlıq, 1 qoruq fəaliyyət göstərir. Muxtar respublika ərazisinin 27 faizi ekoloji tarazlığın qorunması üçün xüsusi mühafizə altındadır. Muxtar respublikada gedən sosial-iqtisadi inkişaf kənd yaşıl turizminin inkişafı üçün də geniş potensialın olduğunu göstərir. Qədim diyarın Biçənək, Kükü, Nursu, Keçili, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizmi inkişaf etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər mədəni irsimizin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq elmi tədbirlərin və idman yarışlarının keçirilməsi, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına əsaslı təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Turizmin inkişafı üçün görülən tədbirlər kimi tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliği ilə bərabər, uzaq əsrlərin yaddaşını bu günə daşıyan maddi-mədəniyyət incilərinin təmiri və bərpası işini xüsusi qeyd etmək lazımdır. Son illər 60-dan çox tarix və mədəniyyət abidəsi təmir və bərpa olunmuşdur. Bütün bu işlər mədəni irsin qorunması ilə bərabər, turizm imkanlarını da genişləndirir. Son illər Möminə xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr əsaslı təmir və bərpa olunmuşdur. Ötən il Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada, Azərbaycan memarlığının əvəzsiz nümunələrindən olan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imamzadəsində bərpa işləri yüksək səviyyədə başa çatmışdır. Hazırda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamamın, Babək rayonunun Nehrəm kəndində XVIII əsrə aid imamzadənin təmir və bərpası davam etdirilir. Bərpaolunan hər bir tarix və mədəniyyət abidəsi mədəni irsimizi təbliğ etməklə yanaşı, həm də muxtar respublikanın turizm potensialının artmasına hesablanıb.
Bu gün muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm marşrutları fəaliyyət göstərir. Muxtar respublikamızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, xidmətin yüksəldilməsi də turizmin inkişafını şərtləndirən amillərdəndir. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.
Qədim diyarımızda müalicə turizminin inkişafı üçün də geniş imkanlar mövcuddur. Duzdağ Fizioterapiya Mərkəzi tənəffüs yolları xəstəlikləri üçün nadir müalicəvi yerdir. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün imkanların geniş olduğunu sübut edir. Dünyanın az ölkəsində bu tipli müalicə mərkəzinin olması Duzdağın əhəmiyyətini daha da artırır. Culfa rayonundakı Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizminin inkişafında əhəmiyyətli rola malikdir. 2005-ci ildə müasir tələblərə uyğun qurulan bu təbii müalicə müəssisəsinə gələnlərin sayı ilbəil artır.
Başqa sahələr kimi, turizm sahəsində də ixtisaslı kadrların hazırlanması mühüm məsələlərdəndir. Bu gün Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində müntəzəm iştirak edir. Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri qədim diyarımızın mədəniyyət və turizm obyektlərində olur, təcrübə keçirlər. Onların muxtar respublikanın təbiət və tarixi abidələrinə ekskursiyalarının təşkili də diqqətdə saxlanılır.
Turistlər həm də informasiya daşıyıcısıdırlar. Turist səfər etdiyi ölkənin coğrafiyası, tarixi, mədəniyyəti, mətbəxi, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparmaqla, bir növ tarixi yerlərin təbliğatçısına çevrilir. Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyə-Mədrəsə binasında yerləşən Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialının təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Bu gün mərkəz internet resurslarından səmərəli istifadə edərək muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində işlərini davam etdirir.
Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikamızda mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanınması turistlərin respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır. Naxçıvanın bu illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi təcrübəsi də vardır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da turizm imkanlarımızı nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayacaqdır. Bu ilin 8 ayında muxtar respublikamıza 243 mindən çox turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
Ötən il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların uğurlu icrası da turizmin inkişafında əhəmiyyətli dönüş yaratmaqdadır. Bu sahəyə diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.