Muxtar respublikamızda turizmin bir çox növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin muxtar respublikamızda dayanıqlı, effektiv və rəqabətədavamlı sahəyə çevrilməsinə nail olmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu ilin 8 ayında muxtar respublikamıza 243 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
Muxtar respublikanın təbii gözəlliklərini, ecazkar təbiətini, turizm imkanlarını nümayiş etdirmək və təbliğ etmək baxımından internet aksiyaların və sosial şəbəkələrin resurslarından istifadənin mühüm əhəmiyyəti vardır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Turizm İnformasiya Mərkəzinin 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirdiyi internet aksiyada bu barədə geniş məlumat verilib. Aksiyada istifadə etmək üçün 10 bölmə üzrə 1000-ə yaxın foto və 150-dən çox videoçarx hazırlanıb.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlıqlı bölmə yaradılıb, hazırlanmış materiallar burada yerləşdirilib.
Bu materiallar ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzləri, turizm firmaları və yerləşdirmə obyektlərinin saytlarına göndərilib, sosial şəbəkələrdə paylaşılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi üzrə aksiyada 500 nəfərdən çox əməkdaş və tələbə iştirak edib, 10 mindən çox paylaşım olub. Paylaşılan materiallara 90 mindən artıq baxış sayı qeydə alınıb.
Aksiya zamanı Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytında 76 minə yaxın izlənmə olub, saytdan 158 müxtəlif sayta foto və videomateriallar göndərilib, mərkəzin sosial şəbəkələrdəki səhifələrində 2500 paylaşım edilib.
Ümumilikdə, aksiyada 550 nəfər fərdi və 1 qrup iştirak edib. Qrup üzvlərinin sayı 13 min nəfərə yaxındır.