Turizm bölgələrində ən çox diqqətçəkən tərəflərdən biri ərazilərin təbii zənginliklərə malik olmasıdır. Xüsusilə belə bölgələrdə müxtəlif təbiət abidələrinin mövcudluğu landşaft turizminin inkişafına lazımi şərait yaradır. Bəs landşaft turizmi nədir? Bu turizm növü hansı ehtiyatları özündə birləşdirir?
Əvvəlcə onu qeyd edək ki, “landşaft” sözü beynəlxalq termin olub, almancadan tərcümədə “yerin xarici görünüşü” deməkdir. Elmi ədəbiyyatda tərifi belədir ki, landşaft bütün əsas komponentləri mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleksdir. Bu termin ilk dəfə XIX əsrin əvvəlində alman A.Qommeyer tərəfindən coğrafi ədəbiyyatda işlədilmişdir. Həmin termin Rusiya coğrafiyasında təbii ərazi komplekslərinin sinonimi kimi L.S.Berqin, Q.F.Morozovun, V.H.Sukaçovun, A.A.Qriqoryevin və başqalarının əsərlərində öz əksini tapmışdır.
Landşaft turizmi də, əsasən, maraqlı təbiət abidələri və mənzərələrini özündə cəmləşdirən bir turizm sahəsidir. Bu turizm növünün əsasını təbiət və tarixi abidələri maraqlı relyef və mənzərələr fonunda turistlərə təqdim etməkdir. Hazırda dünyada təbiət abidələri və landşaft ekzotikliyi ilə seçilən ölkələr kimi daha çox ABŞ, Meksika, Fransa, İtaliya, Ərəb və Balkan ölkələri tanınır. Bu ölkələrin turizm bölgələrində çoxsaylı və tanınmış təbiət abidələrinin olması həmin bölgələrə istirahətə gedənlərin sayını ilbəil artırır. Məsələn, ABŞ-dakı Qrand Kanyon, Niaqara şəlaləsi, Fransadakı Luara çayı sahilləri, Serbiya və Xorvatiyadakı təbii mağaralar, İtaliyada sönmüş vulkan konusları, Çində dərin dərələr və sair dünyanın maraqlı landşaft gözəlliyinə malik ərazilərindəndir. Təbii ki, dünyanın müxtəlif ölkələrində maraqlı təbiət ərazilərinə malik bölgələr çoxdur. O cümlədən Cənubi Qafqaz regionu da bu sıradan istisna deyil. Azərbaycan isə regionda özünəməxsus təbiət mənzərələri ilə diqqət çəkir. Ölkəmizin landşaft ekzotikliyi baxımından fərqlənən əraziləri içərisində isə Naxçıvan Muxtar Respublikasının öz yeri var.
Ölkəmizin qədim tarixə malik bölgələrindən biri olan muxtar diyarımız, eyni zamanda maraqlı relyefi və təbiət mənzərələri ilə fərqlənir. Təbii ki, muxtar respublika ərazisində maraqlı landşafta malik ərazilər çoxdur. Ancaq onlardan bir qismi turizm cəlbediciliyi baxımdan daha çox diqqətçəkicidir. Qeyd edək ki, muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri, onların Araz çayının dərəsinə doğru uzanan və relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir. Bu silsilənin ən hündür zirvəsi 3906 metr olan Qapıcıq dağı, eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir. Daim qarla və ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda üzən nəhəng gəmiyə bənzəyir. Belə zahiri oxşarlığına görə bura xalq arasında Gəmiqaya adlandırılmışdır. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada eradan əvvəl IV-I-ci minilliklərə aid qayaüstü rəsmlər var. İstər tarixi, istərsə də təbiət turizmini sevənlər üçün Gəmiqaya mükəmməl bir yerdir.
Culfa rayonu ərazisində yerləşən Haçadağ da özünün möhtəşəm görüntüsü ilə ilk baxışda diqqəti çəkir. Əlincəçayın sol sahilində yerləşən vulkanik mənşəli bu dağın hündürlüyü 2415 metrə çatır. Rəvayətə görə, ümumdünya tufanı zamanı Nuh Peyğəmbərin gəmisi Haça dağın zirvəsinə elə güclü toxunmuşdur ki, dağ haçalanmışdır. Tədqiqatçılar dağın adının buradan götürüldüyünü bildirirlər. Zirvəyə doğru qalxdıqca yeddi yerdə siklop tikililərin (qalaçaların) divar – hasarına rast gəlinmişdir. Dağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi vardır. Ocaq yerində gilin içərisindən orta əsrlərə aid saxsı qab qalıqları aşkar edilmişdir. Alimlər Haçadağın qədim müşahidə məntəqəsi kimi istifadə edildiyi qənaətinə gəlmişlər. Onlara görə yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalasına, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilirmiş. Möhtəşəm görüntüsü ilə yerləşdiyi əraziyə məxsusi gözəllik verən Haçadağ həm də ekstremal turizm növünü sevənlər üçün əla obyektdir.
Muxtar respublikanın maraqlı landşaft ekzotikliyi ilə seçilən məkanlarından biri də Ordubad rayonu ərazisindəki Göygöldür. Rayonun Nürgüt kəndindən bir neçə kilometr aralıda, dəniz səviyyəsindən, təqribən, 3000-3500 metr yüksəklikdə yerləşən gölün suyu bura ilin bütün fəsillərində yağan qar və yağışdan qidalanır. Bu göl yerli əhali arasında “dörd fəsil” gölü də adlanır. Çünki gölün bir tərəfində qar olanda digər tərəfində yaz çiçəkləri açır. Göl o qədər böyük olmasa da, gözəl təbiət abidəsi kimi göz oxşayır.
Şahbuz rayonu ərazisində yerləşən Batabat yaylağı da landşaft turizminin inkişafı üçün ideal ərazilərdəndir. Naxçıvan şəhərindən 65 kilometr məsafədə, dəniz səviyyəsindən 2445 metr hündürlükdə yerləşən bu ərazi gül-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası, meşələri, Zorbulaq, Südlübulaq kimi şirin suları ilə məşhurdur. Eyni zamanda Batabat yaylağının iqlimi əsəb, ürək və sair xəstəliklərin müalicəsi üçün çox münasibdir. Gəmiqaya ilə qonşuluqda yerləşən Batabat yaylağı ərazisində arxeoloji qazıntılar zamanı aşkara çıxarılan əmək alətləri və maddi-mədəniyyət nümunələri ərazinin ən qədim zamanlardan ibtidai insanların yaşadığı yerlərdən biri olduğunu göstərir. Batabat yaylağında aparılan tədqiqatlar nəticəsində Mustye mədəniyyətinə, Tunc, İlk Dəmir dövrlərinə, orta əsrlərə aid abidələr, yaşayış məskənləri, qalalar, ibadətgahlar, qayaüstü rəsmlər, qoç daş heykəllər və sair aşkara çıxarılıb. Məşhur “Üzən ada” da burada suvarma sistemi üçün istifadə olunan üç göldən ikincisində yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüklərindən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir. Göldə, həmçinin qiymətli qızıl və gümüşü ilişkən balıq növləri də var. Ada göldəki suyun tam axıdılmasına mane olduğundan, burada balıqlar qışda da qala bilir. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir.
Ümumilikdə götürsək, muxtar respublikamızın bütün bölgələrində maraqlı landşaft müxtəlifliyi ilə diqqətçəkən məkanlar mövcuddur. Məsələn, Əshabi-Kəhf mağarası, “Əlincəqala” tarixi abidəsi, Araz çayının sahilində yerləşən Gülüstan türbəsi, dünyada bənzəri olmayan, yarımsəhra landşaftına malik Duzdağ mağaraları və adlarını sadalamadığımız onlarla tarixi və təbiət abidələrinin yerləşdiyi ərazilər landşaft turizminin inkişafı üçün ideal imkanlar ortaya qoyur. Biz isə bu yazıda onlardan bəziləri haqqında bəhs etdik.
Ümumi gəldiyimiz nəticə isə bundan ibarətdir ki, Naxçıvan ərazicə kiçik olsa da, buradakı coğrafi relyefin özünəməxsusluğu, təbiət abidələrinin unikallığı və ətraf landşaftla geniş təmasda olması regionu turizm üçün maraqlı edir. Hazırda muxtar respublika ərazisinin 27 faizinin xüsusi mühafizə olunan təbiət ərazilərinə aid olması isə muxtar respublikanın landşaft ekzotikliyini daha da artırır.
Səbuhi HƏSƏNOV
"Şərq qapısı" qəzeti