Qədim Naxçıvan diyarı gözəlliyi ilə göz oxşayır. Bu diyarda çox gözəl infrastruktur yaradılıb, kəndlər və şəhərlər abadlaşdırılıb. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı valeh edir.
Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvanda səfərdə olmuş Bakının Nərimanov rayonundakı “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi Bircəxanım Aydınova deyib.
O qeyd edib ki, Naxçıvandakı elm ocaqlarında hər cür şərait yaradılıb. Naxçıvan Dövlət Universitetinin timsalında bunu daha aydın görmək olar. Universitetin çox gözəl kampusu, maddi-texniki imkanları var. Burada təhsilin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Muxtar respublikanın rayonlarında olarkən tam orta məktəblərdə də təhsilin yüksək səviyyədə aparılması üçün maddi-texniki bazanın yaradıldığının şahidi olduq. Həmin təhsil ocaqlarında quraşdırılan elektron lövhələr vasitəsilə interaktiv dərslərin keçirildiyini gördük. Naxçıvan məktəblərində yaradılan şərait Bakıdakı məktəblərdən heç də geri qalmır.
Bircəxanım Aydınova tur-aksiya iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onlara dahilər yurdu Naxçıvanla tanış olmaq imkanı yaratdığına görə minnətdarlığını bildirib.