Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
Qonaq səfər təəssüratlarını belə ifadə edib: “Mən Naxçıvanın bir çox yerlərində oldum və zəngin təəssüratlarım var. Amma bilmirəm ki, hansından başlayım. Sizin şəhərinizdə çox gözəl məqamları kəşf etdim. Naxçıvan əhalisinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Mən Duzdağdakı Fizioterapiya Mərkəzinə heyran qaldım və burada olduğuma görə çox məmnunam. İnanıram ki, mənimlə gələnlər də burada gördüklərini heç vaxt unutmayacaqlar. Bu yer çox qeyri-adidir. Burada insanlar rahatlıq və şəfa tapa bilirlər. Bu, çox yaxşıdır”.
Səfər çərçivəsində muxtar respublikada keçirdiyi görüşlər barədə də danışan diplomat bildirib ki, burada bütün sahələrdə əlaqələri müzakirə etmək və bu əlaqələrin inkişafının mümkünlüyü barədə söhbət etmək imkanımız oldu. Təbii ki, əməkdaşlıq bir çox sahələrdə inkişaf etdirilir. Məsələn, təhsil, mədəniyyət sahəsində, universitetlər arasında. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin öyrənilməsi üçün böyük rol oynayır.
Orelia Buşez deyib: “Bildiyiniz kimi, fransız arxeoloqlar 10 ildən artıqdır ki, Naxçıvanda çalışırlar. Onların burada fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Gələn il Fransadakı muzeylərdən birində həmin tapıntılar əsasında “Naxçıvanın arxeoloji xəzinəsi” adı altında sərgi təşkil olunacaqdır”.
Naxçıvanın gözəlliyinin, təmizliyinin və abidələrinin qədimliyinin dünya üçün bir nümunə olduğunu vurğulayan səfir qeyd edib ki, bu abidələr Azərbaycanın tarixi və mədəniyyəti haqqında bizə çox şeylər danışır.
O deyib: “Mən burada Möminə xatın türbəsini və Bayraq meydanını çox bəyəndim. Naxçıvanqala Naxçıvanın tarixini yaşadır. Həmçinin Nuh Peyğəmbərin də məzarüstü türbəsi heyranedicidir. Bir sözlə, naxçıvanlılara qonaqpərvərliklərinə görə “çox sağ ol” deyirəm. Mən burada olduğuma görə çox xoşbəxtəm”.