İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları Azərbaycanın müqəddəs torpağı Naxçıvan şəhərində salamlamış, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür etmişdir. Qeyd olunmuşdur ki, 2009-cu ildən ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilmişdir. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunmuş, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunmuşdur. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi və suvenirlər hazırlanmış, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılmışdır.
Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan çoxəsrlik tarixə malik tarixi abidələri, xalqımızın böyük qüdrətini və ulu keçmişini parlaq şəkildə əks etdirən nümunələrlə zəngindir. Xan sarayı da belə abidələrdən biridir.
Bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb. Həmin mədəniyyət müəssisəsini ziyarət zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova ilə həmsöhbət olduq. Öyrəndik ki, əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm yer tutub. 1828-ci il fevral ayının 10-da Rusiya-İran müharibəsinin yekunlarına əsasən imzalanmış Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın digər xanlıqları kimi Naxçıvan xanlığının da mövcudluğuna son qoyulub. Həmin il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək Rusiyanın tərkibinə qatılıb. Nəzakət xanımın sözlərinə görə, həmin hadisədən sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə isə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, bu günümüzədək qorunub saxlanılıb, əsaslı şəkildə təmir olunaraq binanın daxili və fasadı milli ornamentlərlə bəzədilib, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvləri iyunun 7-də Qarabağlar Türbə Kompleksində olublar.
Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri həyata keçirilib. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılıb.
Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılıb.
İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxmışlar.
Sərgidə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” gümüşdən hazırlanmış loqotipi, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, "Naxçıvan türbələri", "Naxçıvan hamamları", "Naxçıvan buzxanaları", "Qədim və müasir Naxçıvan" kitabları, "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqotipinin tanıtım video-çarxı, "Naxçıvan: türk-islam mədəniyyəti abidələri" televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş olunurdu.
Müasir turizmin inkişaf istiqamətlərinə nəzər yetirdikdə daha çox turistin uzun müddətə səyahətlərə cəlb edilməsi üçün mövcud olan resursların qiymətləndirilməsi və bunun əsasında turların təşkili məsələləri diqqəti cəlb edir. Özünün rəngarəng turizm ehtiyatları ilə seçilən Naxçıvan Muxtar Respublikasında da belə resurslardan istifadə etməklə turizm potensialının yaradılması bu baxımdan qarşıda duran vəzifələrdəndir. Məsələyə müasir turistlərin ən çox seçim etdikləri müalicə-rekreasiya məzmunlu səyahətlər aspektindən yanaşdıqda Naxçıvanın müalicə turizmi imkanları haqqında daha çox danışmaq mümkündür.
Sağlamlığın qorunması hər bir şəxsin əsas qayğılarındandır. Bunun üçün təbii ehtiyatlardan istifadə olunması hələ qədim dövrlərdən geniş yayılıb. Müasir dünyada isə müalicə-sağlamlıq turizmi bu baxımdan dünyada sürətlə inkişaf edərək bütün turizm dövriyyəsinin, təqribən, 14 faizlik bir həcminə çatıb. Bu isə müalicə turizminin əhəmiyyəti və yerinə yetirdiyi humanitar funksiyalarla izah olunur. Müalicə turizmi xidmətlərinin yerinə yetirildiyi mühüm məkanlar kimi sanatoriya-kurort müəssisələrinin yaradılması da təbii ehtiyatlardan istifadə əsasında müxtəlif xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyası üzrə mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu həm də təbii rekreasiya ehtiyatlarından rasional istifadəni şərtləndirən və əhali məşğulluğuna da şərait yaradan bir iqtisadiyyat sahəsidir.
Doğma diyarımız islami dəyərləri özündə qoruyub yaşadan türk-islam mədəniyyəti nümunələri, tarixi-dini abidələrlə zəngindir. Kəngərli rayonunun qədim yaşayış məskənlərindən olan Qarabağlar kəndi də əsrlərə şahidlik edən abidələri ilə özünə şöhrət qazanmış yurd yerlərimizdəndir. Burada hələ eramızdan əvvəl II-I minilliklərə aid edilən və bu günümüzə qədər qorunub yaşadılan qədim tikililər tariximizin izlərini özündə saxlayan daş kitabələrdir. Qarabağlar kəndindəki Pələng qayası dağının cənub ətəklərində yerləşən, əsrlərdən bəri insanların inanc yerinə, müqəddəs ziyarətgahına çevrilən belə tikililərdən biri də Asnı piridir.
Burada olarkən kəndin ziyalı ağsaqqalarından Nahas Səfərovla söhbət zamanı dedi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində qədim diyarımızda tarixi abidələrin mühafizəsi və tədqiqi, maddi-mənəvi irsimizin qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Qarabağlar kəndindəki orta əsrlərdən qalma digər memarlıq abidələri ilə birgə Asnı pirində də yenidənqurma işləri aparılıb. Əvvəllər pirin yахınlığındа möhrədən tikilmiş dördkünc fоrmаlı köhnə tikili hаzırdа mоnumеntаl quruluşa malik mеmаrlıq аbidəsilə əvəz olunub. Binanın künc divarları uca çıxıntılarla hörülərək milli naxışlarla bəzədilib. Burada zəvvarlar üçün mədəni-məişət şəraiti yaradılıb, həyətyanı sahədə geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar quraşdırılıb. Pirin yaxınlığında sıldırım qayaların arasından çıxan gursulu bulaq da insanların inanc yerinə çevrilib və хаlq tərəfindən müqəddəsləşdirilib.