Müasir turizm mürəkkəb sahədaxili və sahələrarası inteqrasiya əlaqələrinin mövcud olduğu və kəskin rəqabətin hökm sürdüyü sosial-iqtisadi hadisə, eyni zamanda bir biznes növüdür. Turizmin inkişafı zamanı yaranan çoxsaylı təsərrüfat əlaqələri, buradakı idarəetmə prosesləri, marketinq araşdırmaları və turizm-rekreasiya fəaliyyəti üzrə yeni layihələrin həyata keçirilməsi istiqamətində aparılan elmi tədqiqatlar statistik məlumatların toplanılması və onlardan istifadənin də əhəmiyyətini artırır.
Turizmdə statistikanın nə qədər əhəmiyyətli olduğunu görmək üçün bəzi rəqəmlərə nəzər salaq. Belə ki, turizmin idarəolunması üzrə ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarına görə, 2016-cı ildə dünya üzrə 1 milyard 235 milyon nəfər turist hərəkəti qeydə alınmışdır ki, bu da 2015-ci ildəkindən 46 milyon nəfər çoxdur. Həmin dövrdə turizm gəlirləri isə 1 trilyon 220 milyard ABŞ dolları həcmində olmuşdur ki, bu da 2015-ci ildəkindən 24 milyard dollar artıqdır. Ümumiyyətlə isə dünya üzrə səyahət edən turistlərin sayı 1950-ci illə (25 milyon nəfər) müqayisədə 24,7, turizm gəlirləri isə həmin dövrlə (2 milyard ABŞ dolları) müqayisədə 610 dəfə artmışdır. Hazırda turizm dünya üzrə ümumi əmtəə və xidmətlər ixracının 7 faizini təşkil edir. Yenə də ÜTT-nin məlumatlarına görə, 2030-cu ilədək dünya turizmi illik 3,8 faizlik artımla yüksələcək. Nəticədə, dünya üzrə 2020-ci ildə 1,4 milyard, 2030-cu ildə isə 1,8 milyard nəfərin səyahət edəcəyi gözlənilir.
Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrin gənclərinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub.
Ekskursiya başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi Elvin Əhmədov giriş sözü ilə çıxış edərək bildirib ki, ekskursiyalar nazirliyin 2018-ci il üçün iş planına əsasən keçirilir.
Məlumat verilib ki, Əshabi-Kəhf ziyarətgahı yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaqlar ziyarət edirlər.
Vurğulanıb ki, ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırıq və himayəsi ilə tikinti-abadlıq işləri görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarına əsasən bura ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxil edilib. 2006-cı ildə burada “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb. Həmin ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Burada maşınlar üçün dayanacaq, inzibati binalar, qonaq evi, mağazalar tikilib. Ziyarətgaha içməli su xətti çəkilib. Ziyarətgah ətrafında bağ salınıb.
“Duzdağ” otelində mehmanxana nümayəndələrinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və qeydiyyat proseduru” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Zakir Məmmədov açaraq bildirib ki, bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla xidmət arasında yaradılmış “Elektron hökumət” portalı üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu vardır.
Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilmişdir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirmişdir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 18 mart 2016-cı il tarixdə “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahənin önəminə diqqət çəkərək demişdir: “...Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir”.
“Nəqşicahan Holdinq” tərəfindən Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə aprelin 8-dən 10-dək qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İnfo-tur çərçivəsində 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200 nəfərdən çox sahibkar və turizmçi muxtar respublikamıza gəlib.
Səfərin ilk günü “Duzdağ” otelində “Nəqşicahan Holdinq” və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin yerli turizm nümayəndələrinin iştirakı ilə qonaqlarla görüş keçirilib.
Sonra qonaqlar Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında iştirak ediblər. Bir-birindən maraqlı musiqi nümunələrini dinləyən info-tur iştirakçıları müxtəlif növdə bişirilən kətələrin də dadına baxıblar.
Qədim Naxçıvan diyarında xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. Artıq ənənə halını alan milli mətbəx günlərinin keçirilməsi, süfrələrimizin bəzəyi olan bu ləziz nümunələrin tanıdılması, onların gələcək nəsillərə çatdırılması baxımındam mühüm əhəmiyyət daşıyır.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də start verilən və iki gün davam edən “Kətə” festivalına da maraq böyük olub. Festivalda 23 ictimai iaşə obyekti və 130 fiziki şəxs iştirak edib. Muxtar respublikamızın ayrı-ayrı rayonlarına məxsus müxtəlif çeşiddə kətələrin hazırlanmasını əyani olaraq izləmək, təndirdə bişmiş kətələrin dadına baxmaq imkanı əldə edən şəhər sakinləri və qonaqlar mənalı istirahət edib, xidmətlərdən məmnun qalıblar.