Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvanın zəngin turizm potensialının təbliği və tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir turizm infrastrukturu yaradılır. Bu il Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsi, internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələrin yaradılması və gənclərin bu sahədə fəallığının artırılması barədə aid təşkilatlara konkret tapşırıqlar verilmişdir. Müşavirədə verilən tapşırıqların icrası diqqətdə saxlanılmış, 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilib. Bu tarix həm də dünyada Beynəlxalq Turizm Günü kimi qeyd olunur.
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir.
Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
İyunun 21-də Şahbuz rayonunun Keçili kəndində kənd ictimaiyyətinin iştirakı ilə kənd turizminin inkişafı mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sabiq İmanov kənd turizminin mahiyyətindən danışaraq keçirilən tədbirin əhəmiyyətini qeyd edib. “Şahbuz rayonunun Keçili kəndinin turizm potensialı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev muxtar respublikamızın kənd yaşıl turizmi potensialının istifadə imkanları haqqında danışıb.
İyun ayının 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Çənnəb kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu nazirliyin kənd yaşıl turizmi ilə bağlı bu il keçirdiyi altıncı tədbirdir. Bundan əvvəl analoji tədbirlər Şahbuz rayonunun Kükü, Culfa rayonunun Ərəfsə, Ordubad rayonunun Bist və Tivi, Şərur rayonunun Şahbulaq kəndlərində də keçirilmişdir. Nazirliyin tərtib etdiyi qrafikə əsasən muxtar respublikanın bütün bölgələrində kənd yaşıl turizmilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.